Türkiyənin Çoxvektorlu Xarici Siyasəti. İsveçin NATO-ya üzvlüyünə razılıq verilməsinin əsas səbəbləri



Türkiyənin Çoxvektorlu Xarici Siyasəti. İsveçin NATO-ya üzvlüyünə razılıq verilməsinin əsas səbəbləri
-Təhlil.
 
Türkiyədə keçirilən son prezident seçkilərindən (28.05.2023-cü il tarixli) sonra hökümətin xarici siyəsət paradiqmaları, atılan addımlar və verilən bəyanatlar çoxlarını təəccübləndirməyə davam edir. Əsas məqamlardan biri  Recep Tayyip Ərdoğan administrasiyasının istiqamətini qərbə doğru çevirməsidir. İsveçin NATO-ya girişinə razılıq verilməsini cənab Ərdoğanın öz dəstəkçiləri arasında belə tənqid edənlər az deyil. Ələlxüsus apolitik dindar auiditoriyada ictimai rəy rasionallıqdan çox uzaqdır.
 
Nə baş verir? Çoxvektorlu siyasət nədir?
 
“Çoxvektorlu” deyəndə, nəyi nəzərdə tutduğumuzu oxucu üçün sadələşdirsək, Türkiyə bir tərəfdən Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı üzvü digər tərəfdən isə, NATO-nun əsas üzvlərindən biridir. Bir tərəfdən islam/ərəb mədəniyyətinin bir parçası, digər tərəfdən isə, sekulyar hüquq dövləti kimi qərbin strateji tərəfdaşıdır. Bir tərəfdən Osmanlı imperiyasının varisi kimi orta şərqdə və Afrikada müəyyən dərəcədə regional təsir gücü olan və bunu hiss etdirməyə çalışan bir ölkə, digər tərəfdən isə Avropa İttifaqına üzv olmaq üçün on illərdir ki, daxili islahatlar aparan bir cümhuriyyətdir. 
 
Qeyd etmək zəruridir ki, Türkiyənin çoxvektorlu xarici siyasəti onun siyasi hakimiyyəti və ya konkret hansısa bir liderinin şəxsi siması ilə marginal bir formada dəyərləndirilməli olan mövzu deyil. Bu, Türkiyənin dövlət səviyyəsində qəbul edilən məsuliyyətidir. Türkiyənin geosiyasi mövqeyini, tarixini, mədəniyyətini və missiyasını nəzərə alsaq, bu məsuliyyət danılmaz və qaçılmazdır. Türkiyə mədəniyyətlərin toqquşduğu (və ya birləşdiyi) bir coğrafiyada yerləşən və daim daxili və xarici problemlərlə üzbəüz qalan bir ölkədir. Ona görə də, Türkiyədə siyasi hakimiyyətlər hansısa konkret bir vektor üzərindən priorotetlərini müəyyən edə bilmirlər. Əlbəttə, cümhuriyyət tarixində təkvektorlu və idealist prinsiplərlə çıxış edən siyasi partiyalar və liderlər olub, bu gün də var. Lakin onların heçbiri uğurlu ola bilməyib. Əksinə, məhz bu illuziyalar səbəbindən Türkiyənin yaxın tarixi hərbi çevrilişlərlə, edamlarla, xaoslarla, iqtisadi və ictimai böhranlarla və hakimiyyət dəyişiklikləri ilə zəngindir. Üstəlik, ölkə əhalisinin böyük bir qismini təşkil edən və özünü sağcı kimi qələmə verən mühafizəkar/milliyyətçi cəbhə ilə solcu cəbhə (indiki halda ana müxalifət) olaraq bilinən digər böyük bir qisim arasında, siyasi hakimiyyət uğrunda amansız bir rəqabət var. Siyasi şüuru olan ağıllı bir müşahidəçi üçün artıq aydındır ki, məsələ siyasi partiya ya da hansısa bir lider deyil. Belə ki, bu mövzuda, hər hansısa bir marginal şərh kifayətsiz və səthi olar. 
 
Cənab Ərdoğan, hakimiyyətə gəldiyi ilk illərdə (2002-2010-cu illər) sələflərindən fərqli olaraq, çoxvektorlu bir siyasəti mənimsədi və böyük ölçüdə uğurlu oldu. Lakin qərb vektorunda işlərin istənilən səviyyədə getməməsi, daha sonra isə, ‘ərəb baharı’nın tüğyan etməsi, Türkiyənin xarici siyasətində orta şərq regionunu prioritet görməsi -bir vektora daha çox fokuslanması- ilə nəticələndi. Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək və PKK başda olmaqla  bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün hər cür imkan və vasitələrini səfərbər etdi. Mübaliğəsiz iddia etmək olar ki, Türkiyə bu vektorda ən az 10 il itirdi və ciddi bir enerji tükətdi. Daha sonra müdafiə sənayesində qət edilən məsafə və inkişaf həm ictimaiyyətdə həm də siyasi hakimiyyətdə yeni bir motivasiya yaratdı. 2020-ci ildə Azərbaycan prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün həyata keçirilən 44 günlük antiterror hərbi əməliyyatları zamanı Türkiyə xalqı və onun prezidenti yüksək səviyyədə  siyasi və mənəvi dəstək verdi. Bu mənəvi və diplomatik dəstək Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı və həmrəyliyi üçün əlamətdar olduğu qədər digər türk dövlətlərinin Türk Birliyinə olan inamının artmasında da əhəmiyyətli bir rol oynadı. Türk Dövlətləri Təşkilatı müxtəlif sahələrdə əməkdaşlığı və tərəfdaşlığı tarixdə analoqu olmayan bir şəkildə artırdı. Bu müddət ərzində təbii olaraq, əsasən şərq vektoru daha aktiv oldu. Lakin qərb vektorunda hələ də işlər yolunda deyildi. Paralel olaraq, meşə yanğınları, ölkəyə sığınan milyonlarla qaçqınlar, Ukrayna müharibəsi, ölkədə baş verən silsilə zəlzələr, iqtisadi böhran və.s kimi daxili, regional, o cümlədən, qlobal problemlər və ümumilikdə siyasi konyuktura Türkiyənin manevr qabiliyyətlərini bir qədər məhdudlaşdırdı. 
 
2023-cü il prezident seçkilərində, bütün çətinliklərə rəğmən cənab Ərdoğanın əsas rəqibi cənab Kamal Kılıçdaroğlu üzərində inamlı qələbə qazanması, əslində, Türkiyənin xarici siyasətdəki qətiyyətinin təzahürü idi. Və Ərdoğan administrasiyası yenidən çoxvektorlu siyasətə geri döndü. Son günlərdə atılan bəzi addımlar, verilən ani qərarlar və bəyanatlar da elə həmin çoxvektorlu siyasətin məntiqi nəticəsidir. Fəqət bəzi qərarlar Türkiyə ictimaiyyəti tərəfindən tənqid edilir. Məsələn; hətta iqtidar partiyanın (AKP-nin) ittifaq içində olduğu Yenidən Rifah Partiyasının lideri Fatih Ərbakan hesab edir ki, İsveçin NATO-ya girişinə razılıq verilməsi qərarı yenidən düşünülməlidir. İttifaq içində olan bir başqa partiyanın (Milliyyətçi Hərəkat Partiyası) lideri Dövlət Baxçalı İsveç hökümətini kifayət qədər sərt bir dillə tənqid etdi və paytaxt Stockholm şəhərini “terror yuvası” olaraq gördüyünü bildirdi. Media və sosial şəbəkələrdə də vəziyyət heç də fərqli deyil. İqtidar partiyanı dəstəkləyən mühafizəkarların böyük əksəriyyəti hesab edir ki, İsveçdə müsəlmanların müqəddəs saydıqları quran kitabının yandırılması yolverilməzdir və İsveçin NATO-ya girməsinə Türkiyə əngəl olmalıdır. Bu hadisəyə, ən emosianal reaksiyanı şəriətlə idarə olunan ölkələrin xalqları və ya hökümətləri yox, məhz Atatürkün qurduğu sekulyar hüquq dövləti olan Türkiyə əhalisinin verməsi isə, düşündürücüdür. Bu qərarın məclisdə (TBMM-də) təsdiqlənməməsi üçün ictimai bir təzyiq var. Maraqlısı budur ki, quranı yandıran şəxs İraq vətəndaşı bir mühacir idi və İsveç höküməti onun bu hərəkətini qınamışdı. Şübhəsiz ki, sadəcə quranın yox, istənilən bir kitabın yandırılması absurddur və vandallıqdır. Lakin siyasi hakimiyyətin rasional qərarını qeyri-rasional və apolotik bir formada tənqid edən kütlə anlamalıdır ki, Türkiyənin xarici siyasətdə atacağı addımlar hansısa bir İraqlı mühacirin manipulyasiyasına məruz qalmamalıdır.
 
Qərb vektoruna xüsusi diqqət yetirilməsini zəruri edən başqa determinantlar da var. Bu kontekstdə Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, ötən günlərdə, Vaqner silahlılarının Rusiyada hərbi çevrilişə cəhd etdiyi və Rusiya ordusunun Moskva ətrafında xəndəklər qazdığı bir vaxtda Rusiya prezidenti cənab Vladimir Putinin zəng vurduğu dörd lider arasında Türkiyə prezidenti də var idi. Cənab Ərdoğan bu cəhdi qınadığını və rəsmi Moskvaya hər cür dəstəyi verə biləcəyini həmkarına bildirmişdi. Lakin sözügedən hadisənin üzərindən heç 24 saat keçməmişdi ki, Rusiya ordusu Suriyanın şimalında Türkiyə sərhədinə yaxın ərazilərdə türkmənləri havadan bombaladı. Rusofobiyanın tarixdə heç olmadığı qədər yüksəldiyi, rəsmi Moskvanın beynəlxalq arenada hər keçən gün bir az daha yalnızlaşdığı, 500 gündən çox davam etdirdiyi müharibə ucbatından Rusiyanın iqtisadi, hərbi və mənəvi itkisinin fatal həddə çatdığı bir vaxtda prezident Ərdoğanın təmkinli mövqeyi və qərbli müttəfiqlərindən fərqli olaraq, vasitəçi təşəbbüsləri ilə Rusiyaya dost əlini uzatmasının qarşılığı türkmənlərin bombalanması idi? Rəsmi Ankara öz maraqları məsələsində heçkimə güzəştə getməyəcəyini bir daha göstərdi.
 
Digər bir determinant isə, Türkiyədə lirənin kəskin ucuzlaşması səbəbi ilə yaşanan iqtisadi çətinliklərdir. Bu mənada qərb ölkələriylə əlaqələri möhkəmləndirmək və ölkəyə investisiyaları cəlb etmək cəhdləri kifayət qədər praqmatik və zəruri yanaşmadır.
 
Bir başqa mühüm məqam müdafiə sənayesi ilə əlaqəlidir. Qərb ölkələri Türkiyəyə qarşı qoyulan silah embarqosunu və sanksiyaları qaldırırlar. İsveç, imzalanan yeni protokollarla Türkiyənin qırmızı xətti olan terror məsələsində ciddi addımlar atmağı rəsmi səviyyədə qəbul etdi. Bu protokollara aəsasən, İsveç və Türkiyə arasında təhlükəsizlik sahəsində, yeni bir əməkdaşlıq mexanizması qurulacaq və bu müstəvidə bir “Terrorla Mübarizə xüsusi Koordinatoru” təyin ediləcək. İsveç, Türkiyəyə qarşı silah embarqosunu qaldıracaq və hətta PKK və FETÖ kimi terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün konstitusiyasında dəyişikliklər edəcək. ABŞ höküməti isə, uzun müddətdir problematik mövzu olan F-16 qırıcı təyyarələrinin Türkiyəyə satışı və modernizasiyası məsələsinin həllini tapması üçün çalışacağı mesajını verdi. Türkiyə və qərbli müttəfiqlər arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq üçün konstruktiv addımlar atılır.
 
Türkiyə həm regionda həm də beynəlxalq arenada söz sahibi olan böyük bir güc mərkəzinə çevrilir. Bu barədə dünya mətbuatı da həmfikirdir. Məsələn; Almaniya qəzeti “BİLD” yazır ki, “Ərdoğan hər zaman olduğundan daha güclüdür”

Lakin güc mərkəzinə çevrilmənin iqtisadi və mənəvi bədəlləri də var. Əlbəttə, bu bədəlləri ödəmək istəməyən və Türkiyəni sıradan bir ölkə kimi sadəcə öz sərhədləri daxilinə məhkum etmək istəyən solcu cəbhə (Cümhuriyyət Xalq Partiyası) üçün çoxvektorlu xarici siyasət maraqlı deyil. Elə  bu səbəbdən də son prezident seçkilərində məğlub oldular və eyni zamanda milli məclisdəki millət vəkili sayında da bir azalma müşahidə olundu. 20 ildən çoxdur ki, hakimiyyətə gələ bilmirlər.
 
Ümumilikdə, cənab Ərdoğanın qərb vektorundakı həmlələrini və çoxvektorlu siyasətini idealizmdən realizmə keçid kimi qiymətləndirmək olar. Beləliklə, Türkiyə, həm Türk Dövlətləri Təşkilatında aktiv və müsbət dinamizm xarakteri daşıyan rolunu oynamağa və əməkdaşlığı artırmağa, həm qərbli müttəfiqlərlə əlaqələri genişləndirməyə, həm terrorla kəskin mübarizə aparmağa, həm də orta şərq regionunda öz maraqlarını qorumağa davam edəcək. 
 
 
Cavanşir Hakimoğlu
 
 
6871

DİGƏR XƏBƏRLƏR