• Rus Dili
  • Reklam
    » » Kamal İlhamoğlu : Ölən Zəhralarmı yoxsa İnsanlıqmı?!
    

    Kamal İlhamoğlu : Ölən Zəhralarmı yoxsa İnsanlıqmı?!

    6-07-2017, 16:54
    Oxunub: 406
    Şərhlər: 0
    Çap versiyası
    Kamal İlhamoğlu : Ölən   Zəhralarmı yoxsa İnsanlıqmı?!

    Günahsız və haqsız ölümlər hər zaman dünyanın vicdanını sorğulamışdır və ya sorğulamağa məcbur etməlidir. Adətən müharibə gedən ölkələrdə ölən günahsız və savaşlara qarşı olan sivil xalq dünyanın vicdani məsələsi olmalıdır. Müharibələr, işğal edilən torpaqlar, ölən insanlar, insan həyatını heçə sayan və heç bir işə yarmayan statistik məlumatlar...
    Hazırda dünyada 50-yə qədər müharibə, daxili savaş və ya qarşıdurma olan qaynar nöqtələr mövcuddur. UNICEF-in açıqladığı rəqəmlərə nəzər salsaq görərik ki, son 10 ildə müharibələrdə ölən uşaqların sayı 2 milyondan çoxdur. 6 milyon uşaq yaralı, ya da fiziki qüsurlu, 12 milyon uşaq isə evsiz, ya da ailəsindən məhrumdur. Yetimlərin sayı 1 milyondan çoxdur. 300-400 min arası da uşaq əsgər var və bu uşaq əsgərlərin öldürdükləri insanların yarısı da uşaqdır. 18 milyondan çox uşaq isə ölkəsindən qaçmış və sığınacaq yer axtarmaqdadır. Bu gün döyüş ya da qarşıdurmalarda ölənlərin yarısı uşaqlardır. Dünyada baş verən müharibələrdə ölənlər adətən əsgər idisə, bu gün ölənlərin 90% -i sivil insanlar olub, yarısı da uşaqlardır. Bir zamanlar gəmi qəzalarında insanlar xilas edilərkən deyilən "əvvəl uşaq və qadınlar" sözü artıq müharibələr üçün aktual olmaqdadır. Müharibə bütün amansızlığı ilə günahsız uşaqların həyatlarına son verməklə bərabər, həm də psixoloji problemli, qüsurlu və yetim buraxdığı kimi, bütün haqlarını da (təhsil, səhiyyə, oyun) əllərindən alır.
    Daha çox silahlara sahib 'insan'larla, az silaha sahib 'insan'lar arasında gedən müharibə, işğalçı siyasət və onun nəticəsində dünyaya gözlərini yuman insanlar bəlkə də insanoğlunun imtahanlarından biridir. Adətən dünya ölkələrinin “sinifdə qaldığı”, keçə bilmədiyi ən böyük imtahanlardan biridir. Savaş başlayanda insanlar həyatda qala bilmək üçün doğulub boya-başa çatdıqları torpaqları tərk etmək məcburiyyətində qalırlar. İnsanlıq tarixi boyunca bu, həmişə belə olmuşdur. Zalımlar zülm edərkən, məzlumlara tərk etmək düşmüşdür doğulub böyüdükləri torpaqları. İnsanlıq tarixi boyunca milyonlarla insan da bu minvalla gözünü açdığı, ilk addımlarını atdığı yerlərə həsrət qalmışdır. Bəziləri də bir gün geri dönə bilmək ümidi ilə və ya getməyə yerləri olmadığından yaxın ərazilərdə məşkunlaşmağa məcbur olmuşlardır. Yaxın ərazidə, yəni müharibə düz “qulağının dibində” həyatlarına davam etməkdə olan insanlar bəlkə də hər gün ölmədiyi üçün, gecə yatağına sağ girə bildiyi üçün, səhər sağlam oyandığı üçün şükür etməyi dillər əzbəri etmişdir. Erməni təxribatı nəticəsində qətlə yetirilmiş iki yaşlı Zəhra Quliyevanın ailəsi də bunlardan biri idi. Bizim heç birimizin tanımadığı, kimliyini bilmədiyimiz, olacaqlardan xəbərsiz gülüb oynayırdı Zəhra məlum fotosunu gördüyümüz və onun dünyaya gözlərini yumduğu ana qədər.

    Əslində dünyada tez-tez yaşanan bir hadisə idi bu. Dünyada savaşın qurbanı olan uşaqların cansız yatan bədənin fotosu. Zəhramız da onlardan biri idi. Bu kadr bütün insanlığın sərtləşmiş ürəklərinə düşməli idi! Bəzi fotoşəkillər insanın nitqinin tutulmasına səbəb olur. Zəhranın hadisəsi və tarixə düşən o foto da, dünyadakı bütün vicdan sahiblərinin nəfəsini kəsməli idi. Reaksiya verməsi lazım olduğu yerdə görməməzlikdən gələn, getməsi lazım olduğu yerdə bir kənarda duran, danışması lazım olduğu yerdə susan, 'insan'lığın yatan cəsədi idi!

    O fotoşəkildə yalnız daha dünyanın necə bir yer olduğunu belə dərk edə bilməyəcək qədər hər şeydən xəbərsiz olan Zəhra yox idi. Bütün uşaq ölümləri qarşısında korları, karları və lalları oynamağa davam edən “insanlıq” var idi. Buna nə qədər insanlıq demək olarsa?!
    Şəxsim adına deyə bilərəm ki, əsla müharibələrin tərəfdarı deyiləm, amma ucuz tolerantlıq nağılları danışanların sırasında dayanmağı da vicdanım qəbul etməz. Keçən il aprel döyüşlərində Mi-24 helikopterində şəhid olan dostum Əbu Bəkir İsmayılovun şəhadət xəbərində ruhum necə sarsıntılar keçirdisə, Zəhramızın ölümü də eyni ağrıları hiss etməyimə səbəb oldu. Bütün ürəyimlə inanıram ki, gün gələcək, Zəhra və onun kimi dünya həyatını yaşayamadan köçmüş körpələrin, ana və atalarının ahı yerdə qalmayacaq!
    Maraqlı olanlar üçün yazımın sonunda uşaq ölümləri ilə bağlı bəzi rəqəmləri sizinlə bölüşmək istəyirəm. Bəlkə susmuş vicdanlar bir az da olsun narahat olar.
    Suriyada 2011-ci ildən indiyədək 28 mindən çox uşaq həyatını itirmişdir və bir qismi snayperlərin hədəfi olmuşdur. Afrikada 2,3 milyon uşaq döyüşün təsiri altındadır. Sudanda 750 min uşaq məcburi olaraq yaşadığı əraziləri tərk etməyə məcbur olmuşdur. 2013-ci ildə Qəzza zolağında 538 uşaq ölmüş, 3 min 370 uşaq yaralanmışdır. Yaxın Şərqdə 5 milyon uşaq orta məktəbdən məhrumdur və bunların çoxu da qız uşaqlarıdır. Müharibənin iştirakçıları yalnız oğlan uşaqları deyil, məsələn Taliban üçün vuruşanların 20%-i qız uşaqlarıdır. Şri-Lankada bir zamanların “Tamil Aslanları” 9-17 yaş arası qız uşaqlarını canlı bomba olaraq istifadə etmişdir.
    Nümunələri çoxaltmaq mümkündür və harada döyüş varsa, orada uşaqlar daha çox ölməkdədir. Ölən istər Ermənistan gülləsinə tuş gələn Zəhra olsun, istər Qəzzada İsrail əsgərləri tərəfindən vurulan bir fələstinli uşaq və ya sahilə cəsədi vuran suriyalı Aylan.... hər biri insanlığın utancı olmalıdır.

    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.