Reklam
» » Yer üzünün ulduzları - Xəyal Vidadioğlunun yazısı


Yer üzünün ulduzları - Xəyal Vidadioğlunun yazısı

8-10-2017, 23:33
Oxunub: 341
Şərhlər: 0
Çap versiyası
Yer üzünün ulduzları - Xəyal Vidadioğlunun yazısı
Xəyal Vidadioğlu. Ağ Partiyanın üzvü

Yer üzünün ulduzları


İslam fərqli və müxtəlif zamanlardan, fərqli və müxtəlif imtahanlarla, can və qan bahasına olan mücadələlərlə günümüzə yetişib zamanımızı aydınlatdı. İslamın ilk çağına nəzər salsaq İslamın ilk müsəlmanlardan tələb etdiyi yalnızca namaz, oruc, sədəqə kimi ibadət və vacibatlar deyildi.İslam ilk çağında müsəlmanlardan həyatlarını, yeri gəldikdə Musab Bin Ümeyr kimi bütün lüks həyatı unutmağı, yeri gəldikdə övladlarını, yeri gəldikdə canını-qanını tələb etdi.Əlbəttə o zamanlar da bu tələbə sorğusuz, sualsız tabe olacaq Ashab vardı... Ashab İslamın ilk nəsli, Hz.Muhammed(s.a.v)-i görərək iman edən ilk müsəlmanlardır. Yer üzünün ulduzları, insanlığın örnəyi olan Ashabı-Muhamməd... Ashab bu uca məqamı, bu tayı-bərabəri olmayan şərəfi canları, qanları, əziz bildikləri hər şeyi fəda etmək bahasına qazandılar. Onlar Müsəlman olmağın bədəlini kimi zaman Bilalı Həbəşi kimi qızmar qumlarda sinəsində ağır daşla işgəncə görməklə, kimi zaman Ammar Bin Yasir kimi ata və anasının faciəli şəhadətinin şahidi olmaqla, kimi zaman doğmalarına qılınc çəkməklə, kimi zaman Hz.Əbubəkir(r.a) misalı bütün sərvətini İslama vəqf etməklə, kimi zaman Hz.Əli(r.a) misalı tərəddüdsüz Peyğəmbər(s.a.v)-in əvəzinə öz canını hədəf etməklə, kimi zaman da Nəsibə(r.anha) kimi övladlarını İslama qurban verməklə ağıl almaz şərtlər, ağıl almaz mücadələlərlə ödədilər. Ancaq bütün bu ağıl almaz mücadələlərdə zərrə tərəddüdü olmadı Ashabın. Onların qayəsi İslamın parlaması, Allahın dininin uca tutulması, Allahın dini üçün mübarizə apararkən də özləri bu qanunlara böyük həssasiyyətlə uymaq idi. Ashabın ən böyük dərdi və vəzifəsi Allahın rızası, İslama olan ciddiyyət idi.

Ashabı kainata örnək edən o zəngin özəlliklərinin hansı birini sayaqki?Dərin iffət, həya, ədəb, insanlıq abidəsi olan Ashabın dostluq və qardaşlıq anlayışı da bir başqa heyrət vericidir. Din qardaşını, onun rahatını öz həyatından, öz istəyindən, nəfsindən öndə tutmaq zamanımızda mümkünsüzsə də bu Ashabın həyat tərziydi. Məsələ, Məkkədən Mədinəyə köç edən mühacirləri özlərinə qardaş edib evinin, malının yarısını qardaşlarıyla paylaşmaq həqiqətən də çağımızın imkansız və ola bilməzidir. Ashab bunları edərkən nəinki tərəddüd keçirmək, hətta Allah rızasına nail olurlar deyə bu kimi şeylər onları sevindirir, xoşbəxt edirdi. Məsələ, başqa bir hadisəyə nəzər salaq. Ashabdan biri nəql edir "bir döyüşdə yaralıların arasındaydım.Bir yaralı səhabədən "su-su" deyə bir səs eşitdim.Tez su tapıb yaralının yanına qaçdım. Bu zaman başqa bir yaralı səhabənin səsi gəldi, hansı ki, o da su istəyirdi. Mən suyu birinci gətirdiyimə içirdəcəkdim ki, o əlimi tutdu ve digər susayan səhabəyə aparmaqimi istədi.Mən onun yanına qaçarkən bu səfər başqa bir yaralı da su istəyirdi. Əlbət su da tək nəfərə çatacaq qədərdi. Bu səfər ikinci səhabə də içmədi, digərinə aparmağımı istədi. Beləliklə su əlimdə ordan ora, burdan bura qaçdım heç birinə içirə bilməmiş hamısı şəhid oldu... "Bu hadisə nitqin quruduğu, sözün bitdiyi,göz yaşlarımızı saxlaya bilməyəcəyimiz Ashab qardaşlığıdır.Bir yanda "sırf qardaşım içsin,o susuz qalmasın" deyə öz ciyərini oda çeviren səhabə, bir yandan da az qala bir birimizin dərdinə üz çevirən bizlər...

Hər sahədə olduğu kimi ədalət anlayışı da bir başqaydı Ashabın. Bunlara da misal ve örnəklər saysızdır. Məsələ bir dəfəsində İslam düşməni əsirlərə su verilməməsini, qeyri müslimlər müsəlman əsirlərə etdiyi əziyyətin eynisini onlara tədbiq edilməsini bir səhabə təklif etdisə də Hz.Əli(r.a)-nın cavabı müthişdir: "Biz onlara onların bizə etdiyini etsək bizim onlardan nə fərqimiz olarki?". Bununla da bir daha əsirlərə qəti əziyyət edilmir. Budur Ashab ədəbi, budur Ashabın İslam anlayışı, budur Ashabın təslimiyyəti. Hz.Ömər(r.a) xilafəti zamanında Xəlifə olarkən bir məhkəmədə qeyri müslimlə yarqılanması, cəza alması və sonra həmən qeyri müslimin şikayətindən dönməsiylə məhkəmədən bəraət alması tarixdə nadir qarşılaşdığımız,sırf İslamın gətirdiyi ədalət anlayışıdır.

İki imtahan dönəmi keçir müsəlmanlar. Birinci dönəm imtahanı səfalət və yoxsulluqla olursa da, ikinci dönəm Hz.Muhamməd(s.a.v)-in vəfatından sonra artıq sərvətin, səltənət qapılarının müsəlmanlara açıldığı dönəmlər başlayır. Hz.Muhamməd(s.a.v)-də əvvəlcədən müjdə verdiyi kimi fars-kisra sarayları fəth edilir, İran müsəlmanların tabeliyinə keçir, beləliklə də ikinci xəlifə Hz.Ömər(r.a) dövründə fətihlər dövrü daha da güclənir. Əvvəllər kömür, odun daşıyan, yükündə iki torba buğda çətin tapılan dəvələrə artıq qızıl-gümüş kimi sərvətlər, zinətlər yüklənir. Birinci dönəmdə aclıqdan özlərini ovundurmaq üçün məşquliyyət axtaran səhabələrin artıq ayaqlarına dünya sərvətləri sərilməyə başlayır. Ancaq bu səfərdə birinci dönəmdə olan zühd, təqva, İslam həssasiyyəti komfort genişlədikcə nəsildən nəsilə zəyifləməyə başlayır müsəlmanlar. Hətta bir hadisə bu fikrimi daha da aydınlaşdırar. Hz.Ömərin(r.a) xilafəti zamanı Ashabdan Abdurrahman Bin Avf(r.a) və Hz.Ömər(r.a) bir yerdə oturmuşlardı. Bir müjdəçi gəldi və fars imperatorluğunun fəth edildiyini, müsəlmanların artıq zəngin olduqlarını müjdə verib getdi. Bunun üzərinə Hz.Ömər(r.a) şükür səcdəsinə qapandı. Bir neçə gün sonra Abdurrahman bin Avf(r.a) Hz.Ömərin(r.a) durğun və kefsiz gəzdiyini görərkən heyrət edir və bu cür sevincli günlərdə bu durğunluğun səbəbini soruşur. Hz.Ömərin(r.a)-da bu cavabı verir: "Vaxt var idi qarnımızı doyurmağa yemək tapmırdıq, biz aclıqla, Əbu Cəhillə imtahan olduq da qazandıq. Görmürsənmi Allah imtahanını dəyişdi. Artıq sərvət Mədinəyə axır, müsəlmanların əlindədir. Aclıqla imtahanı verdik, qorxuram sərvət önündə müsəlmanlar zühdü itirsin". Bu söz özünü doğruldur və müsəlmanlar komforta keçdikcə Ashabın sahib olduğu zühd, İslama göstərdiyi həssaslıq gələcək nəsil müsəlmanlarda get gedə zeyifləyir, Ashabın mübarizə ciddiyyəti yox olmaqa başlayır. Müsəlmanların zəyifləmə dönəmləri də zühdün, İslam həssasiyyətinin zəifləməsiylə başlayır.

Səhabə dövrü tarixin zühdün, təqvanın, qardaşlığın, ədalətin və ədəbin ən incə ayrıntısına qədər yaşandığı, incəliklə, həssaslıqla yaşandığı dövrü idi. Bu üzdəndirki Rəsulallah(s.a.v) və Ashabının yaşadığı zamana Əsri Səadət,yəni səadət əsri adı verilməsi boşuna deyildir.
İslam deyəndə əslində gözümüzdə ilk canlandırmalı olduğumuz, ilk örnəyimiz Rəsulallah(s.a.v) və onun nurlu Ashabıdır. Çünki Onlar ən çətin zamanda, ən ağır günləri ən gözəl, ən istiqamətli şəkildə yaşayaraq İslamın bizə çatmasının ilk fədəkarları oldular. Dinimiz İslamı da öyrənəcəyimiz ən gözəl mənbə,ən gözəl məktəbdi Səhabə məktəbi.

Müasir dövrümüzdə Səhabəyə yetişə bilməsək də ,əlbəttə bizə düşən onların yolunu hərfiyyən izləmək, onların cığırından çıxmamaqdır. İllər keçsə də, əsrlər dəyişsə də, səhabələrə, onların şücaətinə hələ də ehtiyaclı deyilikmi? Əlbəttə inanıram ki, Ümmət bir daha mütləq Hz.Əbubəkir(r.a) kimi sadiq, Hz.Ömər(r.a) kimi cəsarətli, Hz.Osman(r.a) təqvalı, Hz.Əli(r.a) kimi şücaətli müsəlmanlar yetişdirəcək, inanıram ki, bir gün müsəlmanlara olan zülüm duracaq və müsəlmanlar layiq olduqları səltənətə yenidən sahib olacaqlar...скачать dle 10.6фильмы бесплатно
<
Məqalənin reytinqi:
  
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.