• Rus Dili
  • Reklam
    » » Fərhad Hacıyev : Mentalitet, yoxsa ağıl və strategiya ?
    

    Fərhad Hacıyev : Mentalitet, yoxsa ağıl və strategiya ?

    9-12-2017, 00:21
    Oxunub: 301
    Şərhlər: 0
    Çap versiyası
    Fərhad Hacıyev : Mentalitet, yoxsa ağıl və strategiya ?
















    Sovet 25 il əvvəl çökdü. Bu, bir igidin ömrüdür. Həqiqətən, az vaxt deyil. Sevindik ki, müstəqilik, daha bizə dəyib dolaşan olmaz. Öz əlimiz, öz başımız. Həqiqətən, sevindirici haldır. Həm də təəssüfləndirici. Sovet hökuməti böyük bir həbsxananı xatırladırdı. Yüz milyonlarla insana eyforiya hissini yaşadan həbsxana. Hamı kölə idi, lakin özlərini xoşbəxt hesab edirdilər. Şirin yalanın arxasında gizlənən acı həqiqətdən bixəbər bir kütlə yetişdirdi bu hökumət.

    Bu həbsxananın dəmir barmaqlıqları arxasında qalmağımızın səbəbidir ki, bir millət olaraq dünyanın gündəmindən çox uzaq düşdük. Sovet əsarəti bizə özümüzə bir don biçməyə imkan vermədi. Elə hey özü “don” biçib, bizə geyindirdi. Biz də Lenin babamıza təşəkkür edə-edə əynimizdəki “don”u güzgünün önündə poz verə-verə süzdük.

    Zaman keçdi, Sovet getdi. Özü ilə bərabər bizim üçün biçdiyi “don”u da söküb apardı. Qaldıq lüt-üryan. Özümüzün özümüzə “don” biçə bilmək kimi bir bacarığımız olmadığına görə (çünki heç vaxt buna cəhd etməmişik) üz tutduq Avropadan “don” dilənməyə. Lakin ilk öncə Avropanın bizə verdiyi “don”lara dodaq büzdük. Bu cür “don” bizim mentalitetimizə yaraşmaz dedik. Lakin cəmi bir neçə il kifayət etdi ki, bu “don”a gözümüz öyrəşsin.

    Zamanla buna rəğbətlə yanaşmağa başladıq. Sonda da elə bir hala düşdük ki, artıq Avropanın “don”una rəğbətlə yanaşmayanı təcrid etdik, “geridə qalmışdır” dedik. Maraqlısı da odur ki, bunların hamısını mentalitetimizi qorumağa çalışmaqla qəbul etdik. “Mentalitetimizə ziddir” deyə-deyə həmin “don”u toylarımızdan tutmuş məişətimizədək bütün sahələrdə geyindik. Nəticədə cəmiyyətin əsasını təşkil edən ailə dəyərlərimiz çatladı, narkomanlarımız çoxaldı, fahişənin yanında şükrlü olduğu homoseksuallar nəinki küçədə sərbəst gəzdi, hətta günün böyük bir hissəsi ekran qarşısında əyləşən kütləyə əxlaq, ədəb-ərkan dərsi keçdi.

    Hər şeyi unutduq. Təkcə “mentalitet” sözündən başqa. “Mentalitet” sözü sadəcə söz olmaqdan başqa bir şey ifadə etmir artıq. Bu söz əksər azərbaycanlıların özünü qeyrətli, millətsevər göstərmək üçün istifadə etdiyi bir üz qabığından başqa bir şey deyil. Bu sözün mənasını bilməyənlər, hətta bu sözü düzgün tələffüz etməyi belə bacarmayanlar da bu sözün arxasında gizlənib, “qeyrət” nümayiş etdirirlər.

    Bu mentalitet deyilən zad nə olan şeydir ki, ona arxalandığın halda adamı elə zəlil edir ki, heç xəbərin də olmur? Bəlkə elə bu mentalitet deyilən zad çox etibarsız, xain bir zaddır? Mentaliteti etibarsız, xain olmaqda ittiham etmək xalqımızın MENTALİTETinə zidd olduğunu nəzərə alaraq bu ittihamı irəli sürməkdən çəkinirəm. Amma bildiyim bir şey var ki, bir xalqın, elmə və məntiqə, möhkəm bünövrəyə, sağlam bir şüura əsaslandırılmış, maddə-maddə açıqlanmış, sabit və aydın bir əqidəsi, ideologiyası, dəsti-xətti yoxdursa, o xalqın kimliyinin əriyərək tarixə qarışması labüddür. Çünki yuxarıda qeyd etdiyim şəkildə prinsipləri açıq və aydın olan bir ideologiyan varsa, ona müvafiq və ya müxalif olan yenilikləri, nəyin xeyir, nəyin isə şər olduğunu təsbit etmək o qədər də çətin olmaz. Çünki prinsiplər, şərtlər aydın və möhkəm əsaslar üzərində qurulub. Mentalitetə gəldikdə isə bu çox bulanıq, şərtləri bəlli olmayan, dəyişkən, kənar təsirlərin altına düşən bir məfhumdur. Mentalitet - insanların gözləri öyrəşdiyi şeyləri (pis və ya yaxşı olduğunu araşdırmadan) qəbul edib, öyrəşmədiyi şeyləri isə (pis və ya yaxşı olduğunu araşdırmadan) rədd etməkdir. Mentalitet heç bir elmi, məntiqi izahları, dəlilləri eşitmək istəmir. Nəyin doğru, nəyin yanlış olduğu onun vecinə də deyil. Doğruya gözünü öyrəşdirsən doğrunu, yanlışa gözünü öyrəşdirsən, yanlışı qəbul edər.

    Mentalitet emosiyalar üzərində qurulmuş bir məfhumdur və dəyişməyə məhkumdur. Lakin bu dəyişim heç bir şeyə əsaslanmadan, şüursuz şəkildə baş verir. Dünənə kimi homoseksuallar haqqında söhbət düşəndə “Onları kəsmək lazımdır” deyən qaqaşlar bugün “Onlar da insandırlar. Onların da hüquqları tanınmalıdır” deyə bilirlər. Baxmayaraq ki, homoseksuallar elə həminki homoseksuallardır, onların cəmiyyətə verdiyi zərər də əvvəlkindən də betərdir. 90-cı illərdə ictimai yerdə sevgilisinin əlindən tutmağa həya edən gənc qızlar bugün efirə çıxıb “Özümə ər axtarıram” deyə, buna əl çalıb zuy tutanlar da mentalitetdən dəm vura bilirlər.

    Nə oldu? Nə dəyişdi? Bu sualın bir cavabı var: Media buna insanların gözünü öyrəşdirdi, yəni insanların mentalitetini dəyişdi, vəssalam. Bir millət olaraq niyəsə palaza bürünüb, ellə sürünməyi sevirik. “Çox dərinə getmə, başın xarab olar” deyirik. Nə müsəlman kimi müsəlmanıq, nə də kafir kimi kafir. Kafir kimi əlimizə araq götürərək, müsəlman kimi “dua” edirik (“tost” deyirik). Hər sahədə səthiyik. Köklənməyi sevmirik. Ol səbəbdəndir ki, Avropa seli səthi olan bizi çox rahatlıqla silib, yuyub apara bilir. Köklənsəydik, belə olmazdı. Bir millət kimi birləşib, öz dəsti-xəttimizlə fərqlənərdik. Kimdənsə “don” dilənməzdik. Amma bundan artıq keçib.

    Bir millət kimi birləşmək məsələsində çox bədbinəm. Amma fərdlərə və ya ailələrə bir tövsiyyə verməyi lazım bilirəm: “O yolla getməyin, bu yolla gedin” demirəm. Buna haqqım da yoxdur. Amma tutduğunuz yolun nə olmasından asılı olmayaraq, bu yolda səmimi olun və bu yolun əsaslarını, prinsiplərini öyrənin. Sizdən “Niyə bu yolu seçdin?” deyə soruşulduqda, “Hamı edir, mən də edirəm” deyə cavab verməyin. Onu əsaslandırmağı öyrənin. Kortəbii təqlidçi olmayın. Və ən əsası MENTALİTETƏ GÜVƏNMƏYİN !

    Fərhad Hacıyev
    Bloqqer, yazarскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.