• Rus Dili
  • Reklam
    » » Azərbaycanda genişmiqyaslı ilk və əsl FETÖ araşdırması
    

    Azərbaycanda genişmiqyaslı ilk və əsl FETÖ araşdırması

    29-03-2018, 23:38
    Oxunub: 3 442
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycanda genişmiqyaslı ilk və əsl FETÖ araşdırması


    Fətulla Gülən Terror Təşkilatı

    Rəvan Şirvani

    Ön söz

    20-ci əsr ideologiyalar çağı sayılmaqdadır. Bu əsrin iki bir-birinə əks ana ideologiyası yer üzünə hakim idi. Biri fərdiyyəti önə çıxaran, kapitalist əsaslı açıq cəmiyyətlər, digəri kütləni önə çıxaran kollektiv əsaslı qapalı cəmiyyətlər. Bir-birinə düşmən münasibət bəsləyən bu iki ideologiyanın savaşından fərqli mədəniyyətlər, inanc sistemləri və dinlər də öz nəsibini almışdır. Bir tərəfdən də, hər bir ideologiya müttəfiq olduğu mədəniyyətin dəyərlərini, inanclarını, düşüncə və dəyərləndirmə meyarlarını da öz ideologiyasına adaptasiya etməyə savaşını verirdi.

    Elə haqqında bəhs edəcəyimiz din görünümlü təşkilat da, zamanın Qərb (NATO) və Şərq (Varşova Paktı)bloklarının ideoloji savaşından ortaya çıxmışdır. SSRİ-i ideologiyasına qarşı mübarizədə yaradılmış “Kommunizmlə mübarizə dərnəyi” (KMD) çətiri altında Fətulla Gülən və gələcəkdə yaradacağı “Xidmət”1 təşkilatın alt infrastrukturu qoyulmuşdur.

    Qərb blokunun tərkibində olan və ən son İslam xilafətinin mərkəzi olan Türkiyə cəmiyyəti də dəyərləri, inancları, kültürləri baxımından qərb ideologiyasının mərkəzinə adaptasiya proqramına tabe tutulurdu. Lakin xilafətdən sonra yeni qurulan Cümhuriyyətdə icra olunan təzyiqlər, təhdidlər, edamlar, çıxarılan qanunlar, xuntalar və s. baxmayaraq Türk cəmiyyəti istənilən formatda “inkişaf” etmirdi... Əksinə Qərb dəyərlərinə baş qaldıran, imperializm qarşısında duran, buna müqavimət göstərən nəsillər, QHT-lər, siyasi partiyalar ortaya çıxırdı. Bütün bunların bir çox alt səbəbi vardır. Lakin ana səbəb S. Huntingtonun da “Sivilizasiyaların qarşıdurması” tezisində qeyd elədiyi kimi, İslam mədəniyyəti və onun əsasını təşkil edən və sekulyarizmin istinad nöqtəsinə2 180 dərəcə ziddiyyət təşkil edən istinad nöqtəsi idi.

    Qısaca ifadə etsək, “Sekulyar dünya ideolojisinin ilk istinad nöqtəsinə görə, “təbiətdə GÜCLÜ olan haqlıdır” tezisi ilkin əsas olaraq alınır və GÜC üzərinə fokus olunur3.


    Məsələn: Bu tezisə görə, BMT-nin nizamnaməsinə əsasən 5 dövlətdən biri və ya bir neçəsi veto etdiyinə görə Suriyadakı illərdir davam edən və yüz minlərlə insanın ölməsinə səbəb olan insani dram beynəlxalq hüquqa görə de-fakto və de-yure legitimdir.

    İslam ideolojisinin ilk istinad nöqtəsinə görə isə tam əksinə , “HAQLI olan Güclüdür”. Və haqlılıq əsas alınır. Məsələn: Bu tezisə görə isə borca düşən qardaşının satmağa qoyduğu evi almaq baxmayaraq ki, sənin hüquqi haqqındır lakin halal (insani) deyildir.

    Fətulla Gülən proyekti, əsas olaraq imperialist, güc mərkəzli dünya nizamına uyğunlaşan, bu nizamla razılaşan, liberal, protestant və mülayim “İslam” anlayışıdır. Əsas məqsəd imperialist dünya ideologiyasına təhdid sayılan İslam anlayışı ortadan qaldırılmağa çalışılmışdır. Fətulla Gülən “İslamı” mövcud nizama və onun ideologiyasına baş qaldırmayan, ona adaptasiya oluna bilən, İslamın ana xəttinin deqradasiya olunma formasıdır.4


    Fətulla Gülən

    Fətulla Gülən rəsmi məlumatlara əsasən 27 aprel 1941-ci ildə Türkiyənin Ərzurum vilayətində anadan olmuşdur. Atasının adı Ramiz, anasının adı Refiadır.

    Öz Web saytında isə doğum tarixini Atatürkün vəfat tarixi olan 10 noyabr 1938-ci il olaraq göstərməktədir. Beləliklə o, özünə doğuşdan “seçilmiş adam” missiyasını yükləmişdir. Nəticədə təşkilatı içərisində Atatürk fiquru müsbət qəbul görməyərək, “dəccal” profilinə sahib idi. Təşkilat ezoterikasında 10 noyabr 1938-in “dəccalın” ölümü və “qurtarıcının” doğulması kimi bir inanc hakimdir.

    İlk moizəsini 1955-ci ildə 14 yaşında ikən Ərzurumda məsciddə verdi. 1959-cu ildə Ərzurumdan ayrılaraq Ədirnəyə getdi. Bir neçə il məscid imamı olaraq çalışdı və moizələr verdi. Bu sıralar əsgərliyini də yerinə yetirdi. Daha sonra 1963-cü ildə Ərzuruma döndü və zamanın KMD-nin5 burada açılmasında rol aldı.

    Daha sonra 1966-cı ildə İzmir həyatı ilə “Cemaat”6 qurma fəaliyyətinə başladı.

    Eyni illər İzmir Kəstanəpazar məscidində moizələr verməyə başladı. Moizələrində ehtiyac sahibi olan tələbələr üçün yardım yığmağa başlayan Gülən artıq 1970-ci ildə miqdarı 10-12 ədəd olan “İşıq Ev” adlandırılan tələbə evlərinə sahib idi. Mərkəz camisində verdiyi moizələrin xaricində İzmir ətrafı Aydın, İsparta, Dənizli kimi vilayətlərdə moizələrinə davam etdi. 12 mart 1971-ci ildə Hərbi Bəyanatı sırasında tutuldu və moizələrinə ara verdi. 7 ay həbs yatdıqdan sonra bəraət qazandı.

    Təkrar moizələrinə başladı. Moizə mövzuları olaraq, Anadoluda Quran və Elm, Darvinizm, Qızıl nəsil, İctimai ədalət və Peyğəmbərlik və s. kimi mövzuları əhatə edirdi.

    12 sentyabr 1980. Hərbi Xuntası olduğunda Fətulla gülən haqqında həbs qərarı çıxarıldı. Bu qərardan sonra İzmirdən ayrılaraq fərqli şəhərlərdə tanıdıqlarının yanında gizləndi. 1981-ci ildə Din İşləri İdarəsinin vermiş olduğu moizəçilik vəzifəsindən istefa etdi və tamamilə Camaatının işləri üzərinə yoğunlaşdı.

    1986-cı ildə Həccə getdi.

    Təkrar 1989-cu ildə qeyri-rəsmi moizələrə başladı və 1991-ci ildə moizəçilik fəaliyyətinə tamamilə son verdi.
    Daha sonra 1999-cu il fevral ayında PKK liderinin Türkiyəyə gətirilməsindən 1 ay sonra “xəstəlik” adı altında ABŞ-a getdi və bir daha geri dönməyərək Pensilvaniya ştatındakı malikanəsinə yerləşdi.

    Nəzərinizə çatdırmaq istəyirəm ki, əsl həqiqi səbəb, Türkiyə Respublika Prokurorluğunun onun haqqında başlatdığı cinayət işi ilə bağlı idi. Bu cinayət işində zamanın prokuroru Nuh Mətə Yüksəl dəlilləri ilə sübut eləmişdi ki, Fətulla Gülən Türkiyə dövləti əleyhinə fəaliyyət göstərməkdədir və dərhal bu təşkilat ləğv olunmalıdır.

    Fətulla Gülən və təşkilatlanma

    İlk olaraq Fətulla Güləndən sonra bu təşkilatın inkişafında önəmli rolu olan birinci adam Nurəddin Verən ilə 1966-cı ildə tanış olur. Nəzərinizə çatdırmaq istəyirəm ki, zamanın birinci adamı olan Nurəddin Verən hal-hazırda “Xidmət” terror təşkilatının ifşa olunmasında böyük rolu oynamaqdadır.

    1975-76-cı illərdə təşkilatlanma üçün “Qızıl Nəsil”7 fikri və termini istifadə edilməyə başlanmışdır.

    İlk dəfə fevral 1979-cu ildə təşkilatın ən böyük propaqanda vasitəsi olan “Sızıntı” jurnalı nəşr edilməyə başladı. Təşkilatın hər yerə “sızma” strategiyası göz önünə alındığında “Sızıntı” adının seçilməsi təsadüfi sayılmamaqdadır.

    1980. Hərbi Çevrilişində Sızıntı jurnalında Fətulla Gülən “Son Karakol” yazısıyla digər İslami Camaatların əksinə çevrilişə dəstək vermişdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, 1980 xuntasında həm sağ həm sol kəsimdən(sağçı, solçu) insanlar böyük zərər görmüşdur. Yüzlərcə insan edam edilmiş və demokratik qurumlar ləğv edilmişdir. Ordu xaricində bütün qurumlar və insanlar bu çevrilişdən öz nəsibini almışdır. Bu haqqsızlıq və hüquqsuzluğa baxmayaraq Fətulla Gülən bu xuntaya qarşı pozitiv mövqe ortaya qoymuşdur. Yazısında “Ümidimizin bitdiyi yerdə Xızır peyğəmbər kimi imdadımıza yetişən əsgərlərə salam olsun”, “Evrən paşa cənnətə girəbilər” ifadələri ilə xuntaya dəstəyini açıq olaraq bəyan etmişdir.
    Təşkilat bu dönəmlərdə “seçilmiş” tələbələri hərbi və polis məktəblərinə yerləşdirməyə başladı.

    1990-cı illərdə təşkilat sürətlə böyüməyə başlayır və qlobal radiusda bir təşkilat halına gəlir.

    Təşkilat 1991-ci ildə xaricə açılaraq ilk məktəbini Orta Asiyada açmışdır.

    Dövlət dairələrinə yerləşdirilən təşkilat nümayəndələri xüsusiylə bu dönəmlərdən etibarən ləqəblərdən istifadə etməyə başladılar.

    Təşkilatın ən böyük propaqanda vasitələrindən biri STV8 yanvar 1993-cü ildə fəaliyyətə başladı. Və ardınca 1994-cü ildə şərəf başqanlığına Fətulla Gülənin təyin olunduğu Jurnalistlər və Yazıçılar Vəqfi quruldu.

    1996-cı ildə isə ilk hesabının Fətulla Gülən adına açılacağı və təşkilatın ilk bankı sayılacaq “Bank Asya” quruldu.

    Ardından tarixə 28 fevral 1997-ci ildə post modern xunta kimi keçəcək hərbi bəyanat baş verdi. Bəyanat xüsusiylə Türkiyədəki sekulyar sistemi təhdid edən İslami Camaatların fəaliyyəti ilə bağlı oldu. Bu fəaliyyətlərin qaynağı olaraq da iqtidarda olan muhafizəkar-dindar Nəcməddin Ərbakan höküməti göstərilərək silah gücüylə hakimiyyətdən əl çəkdirildi. Bütün İslami kəsim dövlət tərəfindən haqsızlığa məruz qaldı və digər bir sözlə muhakiməsiz dövlət avtoriteti tərəfindən haqsızlıqlara düçar oldular.

    Bu dönəmin yeganə parlayan və “toxunulmayan” İslami Camaatı Fətulla Gülən oldu. Hətta zamanın Baş Qərargah Rəisinin ikinci adamı olan general Çevik Birə8 məktub yazaraq verilən bəyanatın və hökümətin düşürülməsinin doğru və labüd olduğunu ifadə etmişdir.

    2000-ci illərə gəlindiyində isə Amerikada yaşayan Fətulla Gülən daha öncədən məhkumluq qərarlarının hamısından bəraət qazanmışdır.

    Nəcməddin Ərbakan ismi və davası ilə Fətulla Gülən heç bir zaman barışıq olmamasına baxmayaraq, onun tələbələri olan və eyni məktəbdən gələn AK10 partiya iktidarına seçildikdən sonra yaxın mövqe göstərmişdir.

    Məhz bu illərdən başlayaraq Fətulla Gülən ordu və polis təşkilatlarından başqa digər dövlət təşkilatılarında kritik və strateji yerləri də kripto kadrları vasitəsiylə ələ keçirməyə başlamışdı.

    Təşkilat 2003-cü ildə başlayan “Türkçə Olimpiyatları” proqramı ilə ölkə içində pozitiv imaj yaratma və ictimai rəyi yönləndirmə fəaliyyətlərinə başladı.

    2005-ci ildə yalnız Fətulla Gülənə bağlı iş adamlarının olduğu TUSCON11 yaradıldı.

    2005-ci ildən sonra isə fətullaçılar Ergenekon və hərbi cəsusluq cinayət davaları ilə Türk Silahlı Qüvvələrində təşkilatdan olmayan və bunların qarşısında əngəl təşkil edəcək bütün hərbiçilərin təmizlənmə prosesi başlatdılar.

    Digər tərəfdən isə mövcud iqtidar olan AK partiya qarşı gizli şəkildə mübarizənin də startını verdilər. 2010-cu illərdə artıq bu gizli mübarizə hökümət tərəfindən bilindi.

    Nəzərinizə çatdırmaq istəyirəm ki, Fətulla Gülən sadəcə AK partiya ilə deyil bütün iqtidarlar ilə əməkdaşlıq etmişdir. Hətta onun ABŞ-a köçməsində bir başa sabiq solçu12 Baş Nazir Bülən Ecevitin dəstəyi olmuşdur. Lakin ən zirvə illərini isə AK partiya iqtidarı zamanı əldə etmişdir. Bununla bağlı qısa qeyd etmək olar ki, ilk olaraq təşkilatın ideoloji yaxınlığı hətta eyniliyi danılmaz faktordur. Təşkilatın həm dəstəkçiləri həm imkanları həm resusları R.T.Ərdoğanın siyasi kursu ilə eynillik daşıyırdı. Və bu faktorlar həm təşkilatın əməkdaşlıq etməsində həm də zirvəyə çıxmasında önəmli rol oynamışdır.

    Digər tərəfdən Fətulla Gülən özü bir reportajında etiraf13 etmişdir ki, Ərdoğanın mövqeyi “xidmət” hərəkatı ilə öncədən(1990-cı illər) barışıq olmamışdır.

    İlk baş-başa gəlmə 7 fevral 2012-ci ildə “MİT14 krizi” ilə ortaya çıxdı. Türkiyə hökuməti, 40 ilə yaxınlaşan daxili terror məsələsini bir dəfəlik ortadan qaldırma təşəbbüsü ilə adına “Kürd məsələsi” deyilən barış projesini bu illərdə başlatdı.

    Dövlət bununla bağlı ağla, xəyala gəlmiyəcək qanunlar çıxardı və həyata keçirdi. İlk olaraq “Terrorun sonlandırılması və ictimai birliyin gücləndirilməsi” adlı qanun rəsmi qəzetdə yayımlanaraq qanunlaşdırıldı. Daha sonra siyasi, hüquqi, kültür, insan haqqları vs sahəsində addımlar atıldı.

    Proyektin təbiəti gərəyi dövlət təhlükəsizlik orqanları gizli şəkildə Norveçin paytaxtı Osloda PKK terror təşkilatının idarəçiləri ilə bir araya gələrək proseslə bağlı müzakirələr aparırdılar. Lakin bu müzakirələrin səs yazısı mediaya sızdırılaraq dövlət çətin vəziyyətə salındı. Daha sonra 7 fevral 2012 tarixində səs yazmada adı keçən dövlət təhlükəsizlik orqanının rəhbəri Hakan Fidan təşkilatın Respublika prokuroru Sədrəddin Sarıkaya tərəfindən “vətən xainliyi” maddəsi ilə prokurorluğa çağrıldı.

    Xüsusiylə 7 fevral tarixinin seçilməsi önəmli və anlamlı idi. Çünkü məhz bu tarixdə və çağrılan saatda Baş Nazir R.T.Ərdoğan mədəsindən əməliyyat keçirməli idi. Yəni, plana görə o saatda Baş Nazir Ərdoğan əməliyyat masasında olmalı idi. Lakin təsadüf nəticəsində Baş Nazir Ərdoğan əməliyyata girmədən, daha öncə ziyarət etmə sözü verdiyi bir ailəni görməyə gedir. Və fətullaçı prokurorun planı suya düşür. Belə ki, Hakan Fidan Ərdoğanın köməkçisinə zəng edərək vəziyyəti ona nəql edir. Və köməkçi Ərdoğanın əməliyyatda deyil ziyarətdə olduğunu bildirərək onu anında Ərdoğanla danışdırır. Ərdoğan isə heç bir yerə getməməsini təkidlə söyləyərək əməliyyatı ertələyir və Ankaraya geri dönür.

    İkinci baş-başa gəlmə hadisəsi isə 2013-cü ilin may ayının sonunda baş verən İstanbul Gəzi hadisələri ilə ortaya çıxmışdır. Xüsusiylə dinc keçən protestlər, sonradan video sübut ilə ortaya çıxarılan, fətullaçı polislər tərəfindən gecə yarısı meydana hücumu və çadırların yandırılması hadisəsidir. Məhz çadırların yandırılmasından sonra protestlər məqsədini aşaraq xaosa yol açmışdır və dövlət milyardlarca dollar zərərə məruz qalmışdır.

    Üçüncü və apaçıq baş-başa gəlmə hadisəsi isə 17-25 dekabr 2013-cü ildə baş verən və tarixə Məhkəmə və Polis xuntası kimi keçən “Rüşvət” əməliyyatıdır. Fətullaçı prokuror və polislər saxta dəlil və sənətlərlə içində nazir uşaqları da olan bir çox iş adamını həbs elədi. Daha sonra isə, sonradan montaj olduğu ortaya çıxarılan bir səs yazısına əsasən Baş Nazir Ərdoğanın oğlunun tutulmasına yönəlik cəhdlər oldu. Lakin sonradan bu prosesdə iştirak edən prokuror və bütün polislər vəzifədən dərhal azad edildi və haqlarında istintaq başlatıldı.

    Digər tərəfdən baxıldığında isə 2002-ci ildə ÜDM-si 250 milyard dollar olan Türkiyə Respublikası, “rüşvət” əməliyyatı keçirildiyi vaxtı ÜDM-si 850 milyard dollar idi.

    Sürətini kəsməyən təşkilat yanvar 2014-cü ildə dövlətin məxfi əməliyyatı sayılan “MİT tırlarını” ifşa etdi. Məxfi əməliyyata görə, o zaman Əsəd və Rus birlikləri tərəfindən bombalanan və sıxıştırılan Suriya türkmənlərinə silah yardımı götürülürdü.

    Fətullaçılar isə bunu media vasitəsiylə dünyaya “Ərdoğan İŞİD-ə silah göndərir” kimi elan edib dövləti dünya qarşısında çətin vəziyyətə saldı.
    Daha sonra dövlət tərəfindən işin ciddiyəti nəzərə alınaraq fətullaçılar bütün media və finans qurumlarının təmizlənməsinə start verdi.

    Və nəhayət hazırda ən böyük hüquqi dəlil15 olan və sadəcə fətullaçıların istifadə etdiyi gizli yazışma programı olan “by lock”16 vasitəsiylə Fətulla Gülənin əmri ilə icra olunduğu sübuta yetirilən xunta cəhdi baş verdi. Xunta cəhdinin rəhbərliyi isə sonradan fətullaçı olduğu video faktla əsaslandırılan mülki vətəndaş Adil Öksüz17 tərəfindən idarə edilmişdir.

    15 iyul 2016-cı il axşam saat 9-dan sonra, TSQ içərisində yerləşmiş olan fətullaçı general, zabit, gizir və çavuşların son bir cəhdi ilə hərbi çevriliş başlatıldı. 16 iyul sabahı hərbi çevriliş cəhdi xalq, polis və çevrilişə qatılmayan əsgərlər tərəfindən məğlub edildi. 251 insan can verdi, 2000 üzərində insan yaralandı.

    Fətulla Gülən Terror Təşkilatının18 Strukturu

    Hizmət təşkilatlanma forması yuxarıdan aşağıya doğru adlanır:

    Ölkə İmamı
    Vilayət İmamı
    Rayon İmamı
    Bölgə İmamı
    Səmt İmamı
    Məhəllə İmamı
    Ev İmamı
    Tələbə İmamı
    Bəllətmen Abi

    Təşkilatın strukturu 7 mərtəbəli piramida şəklindədir. Piramidanın ən üstündə “kainat imamı” olaraq Fətulla Gülən durmaqdadır. Piramidanın orta hissəsi idarəetmə qismidir. Alt qisim cəmiyyətə açıq və legitim görüntülü qisimdir.

    Təşkilatda alt qismindən üstə tərəf çıxdıqca məhrəmləşən və gizlənən bir iyerarxiya mövcuddur.

    Təşkilat imamllara bağlı alt-üst zənciri ilə işləyir. Təşkilatın gizliliyi üçün üfiqi idarəetmə zəncirinə bağlı hüceyrə tipli strukturdur. Bütün hüceyrələr ən çox 5 nəfərdən ibarət olur və başlarındakı abi və ya ablaya bağlıdırlar.

    İddialara görə təşkilatın içində sadəcə Fətulla Gülənin bildiyi gizli bir struktur da vardır. Və bu gizli strukturun vəzifəsi təşkilat içində müxalif səslərin müəyyən etmək və təşkilatdan təmizləməkdir.

    Bir ölkədəki fəaliyyət ölkə imamına bağlı olaraq davam etdirilir. Təşkilat fərdləri verdikləri hədiyyə və ianələrə görə sinifləndirməktədir. Təşkilatın bütün mal varlığı Fətulla Gülənin öhdəsində sayılmaqdadır.

    Təşkilatın Türkiyə xaricindəki strukturu belədir.

    Avropa Qitəsi: Qərbi Avropa İmamı, Balka Ölkələri İmamı, Köhnə Şərq Bloku Ölkələr İmamı.
    Amerika Qitəsi: ABŞ-Kanada İmamı, Cənubi Amerika İmamı
    Asiya Qitəsi: Türk Respublikaları imamı, Uzaq Şərq İmamı, Yaxın Şərq İmamı, Rusiya İmamı
    Afrika Qitəsi: Afrika İmamı
    Avstraliya Qitəsi: Avstraliya İmamı

    Təşkilat, 170 ölkədə fəaliyyət göstərməktədir. Təşkilata aid 520 şirkət, 269 vəqif, 205 media qurumu, 252 QHT, 327 dərnək, 216 xəstəxana müəyyən edilmişdir19 . Təşkilat fəaliyyət göstərdiyi ölkələrin sosial, siyasi və iqtisadi həyatında rol oynamaqdadır.

    Təşkilat, qitə və ölkə imamları koordinasiyasında o ölkənin siyasət və üst səviyyəli bürokratiyası ilə münasibət yaratmaqdadır.

    Təşkilatının Fəaliyyət Sahələri və Adları

    1. Media Sahəsi: Legal 50 000 insan çalışır.
    Qəzetlər
    1. Zaman Qəzeti
    2. Today”s Zaman
    3. Bugün
    4. Özgür Düşünce
    5. Meydan

    Jurnal
    1. Sızıntı
    2. Aksion
    3. Nokta
    4. Dilaog Avrasya
    5. Yağmur
    6. Zirve
    7. The foundation
    8. Ekolife
    9. Yeni ümit

    TV və Radio
    1. Mehtap tv
    2. Samanyolu tv
    3. Bugün tv
    4. Ebru tv
    5. Yumurcag tv
    6. Dünya tv
    7. Burc FM

    2. İşıq Evlər:
    İşıq evlərdə dövlətin qurumlarına sızdırılacaq insanlar yetişdirilməkdədir.


    3. Dərsxanalar (Dershaneler):
    Təşkilat üçün yeni insanların tapılması və toplanılması vəzifəsini görür.
    Həm finans həm də daha geniş spektrə yayılma vasitəsidir.
    1000 civarında dərsxanası vardır.

    4. Tələbə Yurdları:
    Tələbələrin seçildiyi və sinifləndirildiyi qurumlardır. Buradan seçilən insanlar işıq evlər üçün vasitə rolunu oynayır.
    841 ədəd yurd və buralarda qalan 90 min civarında tələbə vardır.

    5. Türk liseyləri:
    Təşkilatın ilk liseyi 1986-cı ildə İzmirdə açılan Yamanlar kollecidir.
    Rəsmi məlumata əsasən təşkilatın Türkiyə xaricində 160 ölkədə 800-ə yaxın məktəbi vardır.
    Xaricdə ilk məktəblər türk respublikalarında açılmışdır.

    6. Polis və Hərbi məktəblər:
    Rəsmi məlumata əsasən təşkilatın polis və hərbi içində formalaşmasının tarixi 1975-ci ilə dayanır.
    1991-ci ildə isə artıq polis məktəb və kolleclərində çoxluğu ələ keçirmişlərdir.
    Polis və hərbi akademiyaya keçilən müddətdə oğurlanan imtahan sualları ilə təşkilatın nümayəndələri yüksək nəticə və çoxluqda qəbul olunmuşlardır.
    Hərbi və polis təşkilatlarında rəhbər yerləri ələ keçirəndən sonra özlərindən olmayanları təzyiq, disiplina kimi metodlarnan təşkilatdan çıxarılmışdılar.
    Xüsusilə hərbi məktəblərə xüsusi yetiştirilmiş nümayəndələr yerləşdirilmişdir.
    Təşkilatın içində xüsusi olaraq hərbi məktəblərə nümayəndə yetişdirən özəl insanlar mövcuddur.
    15 iyul 2016 xunta cəhdinin general qismi 1990-1994-cü illərdə akademiyadan məzun olanlardır.
    Təşkilatın hərbi akademiya imtahanın doğru cavablarını oğurlaması və üzvlərinə verməsi ilk dəfə 1986-cı ildə baş vermişdir.

    7. Finans və iş dünyası:
    İlk finans quruluşu olaraq Asya Bank qurulmuşdur.
    Təhsil sektoru ilə işə başladıqdan sonra bunların finans üçün şirkətlər qurulmuşdur.
    Xunta cəhdindən öncə toplam maddi güc 150 milyard dollar idi.
    Quruluşundan bəri ən böyük maddi qaynaq “ianə” başlığı altında toplanan pullardır.
    Özəl və ya dövlət qurumlarında işləyənlər toplam maaşının müəyyən edilən faizini ianə etmək məcburiyyəti daşıyırlar.
    İanə verməyi rədd edənlər cəzalandırılır.

    8. Vəqf və Dərnəklər
    Təşkilata ianə və bağış adı altında bağış pul toplama vəzifəsini görməktədirlər.
    1. Təhsil, sənət, incəsənət, ətraf mühit, kənd təsərrüfatı və heyvançılıq, elm-texnologiya və s. başlığı altında yüzlərcə vəqif sahibidir,
    Dərnəklər təşkilatın maliyyə strukturunda önəmli yer tutur.
    1. İş adamları, təhsil, yardım dərnəkləri
    2. Ən böyük dərnək TUSCONDUR20 .

    Təşkilatın Fəaliyyət Sahələri Vasitələri ilə Məqsədi
    Təşkilat yuxarıda sadalanan legitim fəaliyyət sahələri ilə aşağıdakı məqsədləri güdür:
    İnsan əldə etmə,
    Cəmiyyət içində legitimlik qazanma,
    Maddi qazanc,
    İlleqal işlərini maskalama,
    Xüsusiylə təhsil fəaliyyətləri ilə isə aşağıdakı məqsədləri güdməktədir:
    Güclü sosial legitimlik,
    Finansal qaynaq,
    Beyin yuma və insan qazanma,


    Təşkilatın Strategiyası və Taktiki Strukturu

    Təşkilatın qısa formada strategiya mərhələləri belədir:
    Strateji Müdafiə: Təşkilat açıq siyasətdən21 yəni legitim bir partiya vasitəsiylə iqtidar mübarizəsindən uzaq durmaqdadır. Bunun yanında bütün partiyalara eyni məsafədə duraraq hər birindən güzəşt əldə etmə strategiyasına sahibdir.
    Strateji Balans: Dövlət daxilində güclənildiyində mübarizənin təşkilatın lehinə yönəlik balansın artırılması məqsədi güdülür. Bu mərhələdə dövlət qurumlarında bunlardan olmayanların qarşı şər-böhtan, oyunlarla təmizlənməsi və təşkilatın bu qurumda gücləndirilməsi işləri aparılır22 .
    Strateji Hücum: Polis, məhkəmə və ordudan sonra strateji mərhələ olaraq idareetməni ələ keçirmə məqsədi güdülür.

    Təşkilatın taktiki23 strukturu aşağıdakı şəkildə formalaşır:
    Təşkilata görə son hədəfə çatmaq üçün bütün yollar mübahdır,
    o Yalan danışmaq,
    o Aldatmaq,
    o Hiyləgərlik,
    o Şər-böhtan, zina vs,
    Təşkilat içində “kəşfiyyat” ən önəmli faktordur,
    • Təşkilatın ən son hədəfi sadəcə bunların ideologiyasından olan insanların idarə edəcəyi bir iqtidardır.


    Təşkilatın Dövlət Qurumlarına Sızmaları və Təşkilatlanmaları
    Təşkilatın strateji təşkilatlanmalarının başında dövlət qurumları gəlməktədir. Bu təşkilatlnama üçün təşkilat hər bir dövlət qurumu üçün bir İMAM təyin etmişdir.
    Ədliyyə imamı,
    Polis İmamı,
    Ordu İmamı,
    Təhlükəsizlik Xidməti İmamı,
    Təhsil İmamı,
    Akademi fəaliyyətlər İmamı

    İmam məsul olduğu qurumda təşkilat nümayəndələrinin fəaliyyətini yönləndirir və nəzarət edir. Kripto təşkilatmanı formalaşdırır. Həm də o quruma yerləşdiriləcək yeni nümayəndələrin işlərini idarə edər.
    Rəsmi məlumatlara əsasən ilk dövlət qurumlarına sızma və təşkilatlanma 1966-67-ci illərdə başlamışdır.

    Dövlət Qurumlarında təşkilatlanma nümunələri:
    Ədliyyə
    o Təşkilat ədliyyə sistemini bir silah olaraq istifadə edir,
    o Hakimlik və prokurorluq test imtahanlarının doğru cavabları24 oğurlanaraq öz nümayəndələrinin yüksək balla buralara yerləşdirilməsi təmin olunur.
    o 2010-cu ildə Konstitusiya dəyişikliyi ilə Hakimlər və Prokurorlar Yüksək Şurası ələ keçirilib25 .
    o Ədliyyə sistemindəki təşkilatlanma vasitəsiylə siyasəti dizayn etmə fəaliyyətləri aparılıb.
    o Təşkilata boyun əyməyib qarşı çıxanlar ədliyyə sistemindəki təşkilatlanma vasitəsiylə hədəf halına gətirilirdi.
    o Ədliyyə sistemindəki təşkilatlanma ilə Şəmdinli, Ergenekon, Əsgəri Cəsusluq, İnqilabçı Qərargah, Oda TV, Futbolda Hiylə və s. kimi məhkəmə proseslərini başladıb,
    o Ədliyyə sistemindəki təşkilatlanma vasitəsiylə başda TSQ olmaq üzrə dövlət qurumlarından təşkilatdan olmayan insanların təmizlənməsi prosesini aparıb.
    o Ədliyyə sistemindəki və polisdəki təşkilatlanma ilə ən son əməliyyat 17-25 dekabr 2013 “rüşvət əməliyyatıdır”.

    Polis Təşkilatı.26
    o Polisə göndəriləcək nümayəndələr daha çox “işıq evlər”-dən seçilənlərdən ibarətdir,
    o Rəsmi məlumata əsasən 1987-ci ildən etibarən təşkilat artıq Polis Akademiyasına, Polis Liseyinə və Polis peşə məktəbinə hakim idi.
    o Rəsmi məlumatlara əsasən 1992-ci ildə artıq Ankara Polis Liseyi tələbələrinin 50%-ə yaxınına sahib olmuşdur.
    o 17-25 dekabr 2013 əməliyyat prosesi ilə bərabər polisin əməliyyat və kəşfiyyat şöbələrinin 90%-nin təşkilatın nəzarətində olduğu faktını ortaya çıxarmışdır.
    o Eyni dönəmdə 81 vilayətin polis rəislərinin 75-i təşkilatdan idi.
    TSQ
    o Rəsmi məlumata əsasən 1971-ci ildən TSQ içərisində təşkilatlanmaya başlanıldığı bildirilir.
    o Xüsusiylə ailəsi kasıb, zəkalı uşaqlar yetişdirilərək hərbi liseylərə yönləndirilmişdir.
    o Məlumatlara əsasən 1986-cı ildə ilk dəfə hərbi məktəbə daxil imtahanları oğurlanaraq əldə edilib. Və bu məzunlar 1994-cü ildə akademiyadan məzun olaraq TSQ-ya daxil olublar. Xuntanı general qisminin hamısı 1994 məzunlarıdır.
    o Xunta cəhdindən sonra TSQ-dan ixrac edilən hərbiçilərin sayında 1994 məzunları 27%-lə ilk sıranı tuturdu.
    o 2008-də və sonrakı illərdə hərbi məktəblərə təşkilat kütləvi halda daxil olmağa başladı və o dönəmdə demək olarkı bunlardan olamayan heç kim bu məktəblərə getmədi.
    o Təşkilat hərbi rütbə və vəzifə imtahanlarını da oğurlayaraq öz nümayəndələrinin sürətli yüksəlmələrinə səbəb oldu.
    o Təziq metodları ilə təşkilatdan olmayanlar ya pensiyaya ya da istefa etməyə məcbur buraxıldılar.

    • Dövlət Təhlükəsizlik Xidməti27
    o Təşkilat bu xidmətə də sızdı,
    o Lakin digər qurumlar kimi burada geniş mənada təşkilatlananmadı.
    o Xunta təşəbbüsündən sonra 509 personal təşkilatdan olduğu səbəbiylə atıldı.

    Təşkilatın Diqqət Çəkən Ana Cinayətləri:

    Nəcib Hablemitoğlu Cinayəti: 18 dekabr 2002-ci ildə evinin önündə silahla öldürüldü. Hablemitoğlu “xidmət”təşkilatını ilk anlatan “Köstəbək” adlı kitabın müəllifidir.
    Polkovnik Əli Tatar İntihar Cinayəti: Saxta dəlillərlə ordu içindəki “admirallara sui-qəsd hazırlama” məhkəməsi ilə Əli Tatar haqqında “vətənə xəyanət” suçlaması irəli sürülmüşdür. Bu ədalətsizliyə və haqsızlığa dözməyən polkovnik intihar etmişdir.
    Rahib Santora28 Cinayəti29 : 5 fevral 2006-cı ildə 16 yaşında bir gənc tərəfindən Trabzon vilayətində öldürülmüşdür. Polis istintaqına görə 16 yaşlı gənc 40 metrdən 3 dəqiq atışla rahibi öldürmüşdür. Lakin sonradan cinayəti işləyən gəncin gözlərinin zəyif olduğu ortaya çıxarılmışdır. Yəni istintaq başdan ayağa saxta idi. Nəzərinizə çatdırmaq istəyirəm ki, o zamanın polis rəisi hal hazırda fətullaçı terror təşkilatı üzvliyindən həbs olunan Ramazan Akyürək idi.
    Andrey Karlov Cinayəti: Təşkilat nümayəndəsi və polis serjantı Mevlut Mert Altıntaş30 tərəfindən rus səfir öldürülmüşdür.
    Prokuror Mehmet Kiraz Cinayəti: Gəzi hadisəsi sırasında öldürülən Berkin Elvan31 cinayətini təkrar araştırıdı.

    Təşkilatın Azərbaycanda Fəaliyyəti və Mövcud Vəziyyəti

    Nəzərinizə çatdırmaq istəyirəm ki, təşkilatla bağlı yuxarıda yazılan bütün fəaliyyətlər , strukturlar, təşkilatlanma mexanizması və əsas məqsəd kimi parametrlər Azərbaycan üçün də eynilik təşkil etməktədir. Baxmayaraq ki, təşkilatın idarəetmə və beyin mərkəzi ABŞ-ın Pensilvaniya ştatıdır, əsas fəaliyyət mərkəzi Türkiyə Respublikasıdır. Azərbaycanda Türkiyədə olduğu kimi ortaya çıxmayan və ya çıxarılmayan fəaliyyətləri onu göstərmir ki, burada da eyni məqsədlər güdülmür. Əksinə, bu Azərbaycan hökuməti ilə məsələlərinin olmamasına görə bəzi fəaliyyətləri açıq olaraq görülmür.

    Xatırlayırsınızsa, Azərbaycanda ANS telekanalının bağlandığı, prezident aparatında şöbə müdiri Elnur Aslanov və s. kimi fətullaçı və ya fətulladan dolayı aparılan əməliyyatlar zamanı Fətulla Gülənin Azərbaycan iqtidarına yönəlik “süpürüb xəzərə tökərik”32 xəbərləri də dolaşırdı.

    Azərbaycanla bağlı təşkilatın fəaliyyətləri qısaca belədir:
    Təşkilat Azərbaycana 1990-cı ildə ayaq basmışdır,
    İlk olaraq “Ziya” hazırlıq kursu ilə tələbə əldə etmə fəaliyyətlərinə başlamışdır.
    Daha sonra bu “Ziya” kursları “Araz” kursları adlandırılmışdır.
    Ardından “İşiq evlər” fəaliyyətə keçmışdir.
    Daha sonra türk liseyləri açılmışdır. Naxçıvanda 3, Bakıda 2 və sırasıyla Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir,Gəncə-də 1 olmaq üzrə 12 Türk liseyi vardır.
    Təşkilatın Azərbaycanda Qafqaz Universiteti adında bir universiteti vardır.
    Bilinən və Azərbaycanın ilk işə düzəltmə şirkəti AZİNKA(Azərbaycan İnsan Kaynakları) vardır. Xüsusiylə həm dövlət həm özəl şirkətlərdəki təşkilatlanma bu şirkətin nəzarəti altındadır.
    Xəzər TV və Burc FM radio quruluşu vardır,
    Gənç Mühəndislərin İnkişafı İctimai Birliyi kimi QHT-lər,
    “Zaman Azərbaycan” və buna bağlı “Tumurcuq” adlı uşaq qəzetləri vardır,
    Bütün rayonları əhatə edən 100-cə “İşiq evlər” mövcutdur.

    Türkiyə Respublikasında təşkilata qarşı aparılan təmizləmə hərəkatı başlayandan bəri Azərbaycanda da Hizmətin türk vətəndaşları ölkədən çıxardılmış və bütün qurumlarının fəaliyyəti ya eyni adla davam edir ya adları dəyişdirilib ya da fəaliyyəti dayandırılmışdır. Zaman Azərbaycan qəzetinin fəaliyyəti dayandırılmışdır.

    Adları dəyişdirilən və ya dəyişdirilməyən əsas qurumlar:
    Qafqaz Universiteti -Bakı Mühəndislər Uni,
    Çağ Öyrətim Liseyləri- İstək Liseyləri,

    Mövcud şərtlərdə Azərbaycanda fəaliyyətlərini kripto formatda davam etdirirlər. Adları dəyişdirilən yerlərdə təşkilatın “Azərbaycan vətəndaşları” fəaliyyətini davam etdirir. Digər tərəfdən yüzlərcə “İşiq evlər” olduğu kimi fəaliyyətini davam etdirməktədir. Təşkilatın yetişdirmə şərtləri nəzərə alınarsa, Azərbaycan hökumətinin “nəzarət altındadır” sığortasının heç bir mahiyyəti yoxdur. Yəni təşkilat yenə də təhdid kimi qalmaqdadır və ilk fürsətdə addımını atacaqdır..

    Ən son rus səfir Andrey Kalov sui-qəsdi göstərdi ki, əmr olunduğunda ölüm qorxusu olmayan bir təşkilat “nəzarət altında” tutulma “qorxusunu” nəzərə almır.

    Təşkilat Daxili İnanc Sistemi və Mistisizm

    Təşkilatın ən can alıcı və üzərində durulması labüd olan yönü onun daxili inanc mexanizmidir.

    Məsələn, bu yön bilinmədən Andrey Karlov sui-qəsdini həyata keçirən Mövlud Altınbaş hadisəsi anlaşıla bilməz. Nəzərinizə çatdırmaq istəyirəm ki, Mövlud təşkilatın polis təşkilatındakı serjantlarından biridir. Öləcəyini bilə-bilə “davası” üçün özünü ölümə götürmə hadisəsi, bu ezoterizm bilinmədən əsla anlaşılmaz.

    Öncəliklə onu vurğulayım ki, İslami Camaat olaraq xarakterizə olunsa belə İslamın 3 ana, labüd xətti bir fətullaçıda əsla olmaz:

    İslamın əmr etdiyi ümmətçilik başlığı altında müsəlman təəssübkeşliyi bir fətullaçıda olmaz: İslama görə müsəlman müsəlmanın qardaşıdır və dünyanın harasında olmasından asılı olmayaraq bir-birinin dərdiylə dərtlənməlidir. Fətullaçı prinsiplərə görə isə bir fətullaçı bir fətullaçının qardaşıdır.
    Dinin əmr etdiyi vətən təəssübkeşliyi: Bir fətullaçı üçün onun doğulub böyüdüyü torpaqların önəmi yoxdur. Kosmopolitdir və dünyanın hər bir yerində yaşayıb ölə bilər.

    Ailə təəssübkeşliyi: Təşkilat içində evlilik belə nəzarət altındadır. Kataloq evliliyi vardır. Uşaqların adı belə aylarca gözlənilərək təşkilat liderindən alınır. Ailə institutu təşkilat üçün sadəcə bir vasitədir. Bir “hizmet” insanı hər şeyindən vazgeçə bilməlidir.

    Təşkilat içində heç bir yerdə yazılmamış, ciddi qanunlar və yasaqlar mövcuddur33. Təşkilata girən bir nümayəndə Fətulla Gülənin kitabları, kasetləri, şeirləri, yazıları, və şeirlərinə yazılan musiqilərlə tərbiyə edilir. Çağın şərtlərinə uyğun olaraq bir insanın sosial həyatını əhatə edəcək hər şey təşkilata xas şəkildə nümayəndəyə təqdim olunur. Məsələn, qəzet oxumaq çağın şərtlərindən biri isə bu təşkilatın qəzeti ilə təmin olunur. Əlavə olaraq başqasını oxumaq “haram” dərəcəsində qəbul görür. Və yaxud daha öncə də dediyim kimi evlənmə bir şərtdirsə bu şərt təşkilatın formalaşdırdığı bir formada olmaqdadır. Və yaxud universitet oxumaq bir şərtdirsə bu da təşkilatın şərtləri istiqamətində olur. Xülasə, necə yemək yeyəcəklərinə, necə geyinəcəklərinə, zamanlarını harada keçirəcəklərinə, hətta kiminlə evlənəcəklərinə belə bu təşkilatda öyrənirlər.

    Təşkilatın içində yaradılan korporativ kültürün mərkəzində “hoca əfəndi” olaraq bilinən Fətulla Gülən vardır. Musiqidə, şeirdə, namazda, orucda, məsləkdə, pul qazanmaqda, evlənmədə, uşaq sahibi olmada və ya olmamada, uşaq adı qoymada, düşmən və ya dost seçmədə, anaya, ataya münasibətdə bir sözlə həyatın hər sahəsində Fətulla Gülən hakimiyyəti özünə xas formada yer tutmaqdadır.

    Subyekti Öldürən Təşkilat

    İnsanı digər canlılardan ayıran və üstün tutan ən önəmli yönü azad iradəsinin ola bilməsidir. İnsan bu azad iradəsi vasitəsiylə qərar verir və azad seçim edir. Bu insanın Subyekt yönüdür. Subyektin ölümü və ya öldürülməsi isə azad iradənin, seçim etmə yönünün, şəxslərə xas aspektlərin sonlandırılması deməkdir.

    Təşkilatın yüksək dərəcəli kollektivist strukturuna təslim olunan insani xüsusiyyətlər və bura bağlanan insan iradəsi zamanla subyekt olma yönünü itirir. Təşkilat ibtidai sinifdən etibarən əldə edilir və gələcəklərinə qərar verilərək subyekt olma yönləri ortadan qaldırılır.

    Müəyyən olunmuş doktrina mütəmadi olaraq korporativ mühitdə təkrar edilir. Bu təşkilatda sadəcə Fətulla Gülən kitabları oxunur və kasetləri dinlənilir. Nəticəsində isə insanlar, subyekt olma xüsusiyyətlərini itirirlər. Yəni bir növ sosial ölüm yaşayırlar. Çünki nümayəndələr üçün bu təşkilatın xaricində başqa bir sosial həyat yoxdur. Təşkilat nümayəndələri Fətulla Gülən kitabları və göstərdiyi kitablar xaricində hətta İslami əsərlər belə oxumurlar.

    Fətulla Gülənin Günahsızlığına İnanan bir Təşkilat

    Fətulla Gülən Camaat içində əsla mühakimə, tənqid və müzakirə obyekti olmayan bir qəbilə başçısıdır. İslam tarixində keçən və "Mehdilik" anlayışına aid edilən məsum olma xüsusiyyəti Fətulla Gülənə şamil edilməktədir. Bu reallıqla bağlı bəyanat formatında yazılan bir məqalə “Zaman” qəzeti köşə yazarı Əli Ünal tərəfindən belə ifadə edilmişdir: “Fətulla Gülən hoca əfəndi məsumdur, günah işləməkdən uzaq duran bir şəxsdir. O, peyğəmbər ilə görüşür və röyalarında əmrlər alır”.

    Gülən bu keyfiyyətlərlə dolaylı olaraq həm də bir insan olaraq müqəddəsləşdirilir. Bununla da təşkilat onun xəta edə biləcəyinə, günah işləyəcəyinə ehtimal vermir. Və subyekt olaraq da yox olduqları üçün özlərini ona qurban verirlər. Onun hər dediyini təmannasız həyata keçirirlər.

    Nəticə

    Ailə, cəmiyyət və dövlət bir təşkilatlanma formasıdır. Bu 3 təşkilatlanma forması içində ən kamili təşkilatlanma dövlətdir. Dolaysıyla bu əsas verir ki, bütün fərqliliklərin birlikdə yaşayacağının sığortası ən kamil təşkilatlanma forması olan dövlətdir və bu olmalıdır. Heç bir halda təşkilatlanma forması olaraq dövlətdən aşağıda sayılan və içərisində “bizdən”, “sizdən”, “onlardan” kimi birləşdiricilik deyil ayrımcılıq anlayışı və inancı olan bir təşkilatlara imkan verilməməlidir.

    Türkiyə örnəyi bizə dərs olmalıdır. Xüsusilə 15 iyul 2016 xunta cəhdi və 250 nəfər insanın öldürülməsi 2000 nəfərdən artıq insanın da zəlil olması bu təşkilatın təhlükəsini ortaya qoymaqdadır.

    İnsanların iradəsinin necə də bu təşkilat tərəfindən ortadan qaldırıldığının nümunələrini üstdə sadaladım. İradəsi başqasının əlində olan insan üçün öldürmə və ölmə əmri icra ediləcək ibadət kimidir. Yəni ölümdən qorxmayan insan üçün nə polis, nə həbs, nə qanun qorxusu vız gələr.

    Təşkilat Azərbaycanda “Azərbaycan vətəndaşları” vasitəsiylə fəaliyyətini yenə də davam etdirməktədir. Bəlkə Qafqaz universitetinin adı dəyişdirildi, hətta orda çalışan türk vətəndaşları da deportasiya olundu. Və ya "Çağ Öyrətim" şirkətinin adı dəyişərək "İstək liseyi" oldu və orda çalışan türk vətəndaşları da ölkəmizdən göndərildi. Hətta bu qurumların yeni sahiblərinin adı Azərbaycan vətəndaşları üzərinə oldu. Təşkilatın insan yetişdirmə forması və parametrləri nəzərə alındıqda əslində heç bir şeyin dəyişmədiyi ortaya çıxar.

    Hər bir halda dəyişməyən bir şey qalır. Unutmayaq ki, bir fətullaçı üçün ailə, vətən, ümmət anlayışı yoxdur. Yəni, onlar üçün kenyalı, avstraliyalı, çinli, yapon vs yoxdur. Onlar üçün “hoca əfəndi” deyən və ona biət edən kenyalı, avstraliyalı, çinli, yapon vs vardır.

    Yəni sadəcə ölkəmizdə fətullaçı qurumlarda çalışan türk vətəndaşlarını göndərməklə fətullaçılardan təmizlənmək olmur.

    Bütün bunları nəzərə alaraq Azərbaycandakı “Azərbaycan vətəndaşları” vasitəsiylə kripto fəaliyyət göstərən fətullaçılar ciddiyə alınmalıdır və bununla bağlı tədbirlər olmalıdır.

    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Qeydlər (rəqəmli)

    1 Xidmət eləmə sözündən götürülmüşdür və Allahın dininə qulluq edən hərəkat mənasındadır.
    2 Təbiətdə güclü olan, gücsüzü yeyir. Bu təbii bir qanunauyğunluqdur. Məsələn, yaşamaq və var olmaq üçün aslan ceyranı yeyir. Və insanoğlu bu təbii qanunauyğunluğu əsas almalıdır..
    3 Araştırmaçının sekulyarizmə tənqididir. Sekulyarizm yeganə parametrəsi ölçüləbilmə və sayılabilmə(quantative) olduğu üçün bu parametrlərə uyğun gəlməyən hər şey inkar edilir. Insan vicdanı ölçüləbilən və sayılabilən olmadığı üçün hətta qanunlar da belə nəzərə alınmır. Məsələn: Çörəyin rəf ömrünü 1 aya uzatmaq üçün konservativ qatqı maddələri əlavə eləmək hüquqidir. Modern hüquqi baxış perspektivi buna imkan verir. Lakin insan organizmasına vuracağı zərərlərə görə insani deyildir.

    4 İslamın ana xətti heç bir ayrı mövcut nizamın dominant sayılmasını qəbul etmir.
    5 Kommunizmlə mübarizə dərnəyi. 60-cı illərdə Türkiyədə sol mərkəzli ideolojilərlə mübarizə aparmaq məqsədiylə yaradılan dərnəklərdir. Rəsmi olaraq qeyd olunmasa belə, bu dərnəklərin NATO tərəfindən yaradıldığı idda olunur.
    6 “Cemaatlar” Türkiyə sosiologiyasında önəmli yer tutur. Cəmiyyət sözü ilə eyni kökdəndir. Bir çox dini cəmiyyətlər mövcuddur. Bir digər adı icmadır.
    7 Fətulla Gülənə yetişdirdiyi kütləni qızıl nəsil olaraq adlandırırdı. İslam tarixində “qızıl nəsil” peyğəmbər zamanında yaşamış müsəlmanlara şamil olunur. Fətulla Gülən yetişdirdiyi kütləni bu nəsillə eyniləşdirərək “davasına” müqəddəsləşdirməktədir. Hətta müəllimlərin öz vətənini tərk edib başqa bir ölkədə fəaliyyət göstərməsini peyğmbər zamnında səhabələrin Məkkədən Mədinəyə HİCRƏT hadisəsi ilə eyni tututrdu.
    8 STV: Samanyolu Televiziyası
    9 Çevik Bir zamanın qərargah rəisinin birinci müavini vəzifəsində çalışırdı. 28 fevral 1997-ci il demokratik hökümətə “hərbi xəbərdarlıq” hadisəsinin baş memarlarından biridir. “Hərbi xəbərdarlığın” media üzü daima Çevik Bir olmuşdur.
    10 Adalet ve Kalkınma Partisi: Ədalət və İnkişaf Partiyası
    11 Türkiyə İşadamları və Sənayeçiləri Konfederasiyası
    12 Türkiyədə mühafizəkar və dindar segment sol və solçu ideologiyalara qarşıdırlar və aralarında hər zaman məsafə olmuşdur. İslami kəsimin o zaman Fətulla Gülənə iradlardan biri kimi də məhz mühafizəkar, dindar Ərbakana qarşı olması ilə yanaşı sol ilə əməkdaşlıq etməsidir.
    13 https://www.youtube.com/watch?v=TBOZSguvIqA
    14 Dövlət Təhlükəsizlik Xidməti
    15 Fətulla Gülən terror təşkilatının ən böyük özəlliyi hüquqi dəlilə dayanmayan varlıqlarıdır. Təşkilatda hər şey inanma və sədaqət prinsipinə görə işləyir. Məsələn Zaman qəzetinin Fətulla Gülənlə heç bir hüquqi bağı yoxdur. Elə məhz buna görə Zaman qəzeti baş redaktoru Əkrəm Dumanlı terror təşkilatı ilə bağlı tutulub məhkəməsi olan zamanı redaktoru olduğu qəzetin Fətulla Gülənlə heç bir bağı olmadığını iddia edərək bu məhkəmənin dərhal ləğvini tələb etmişdir.
    16 By lock texniki olaraq sadəcə bir fətullaçının virtual izini ilə digər bir fətullaçının telefonuna yüklənəbilən gizli bir yazışma proqramıdır. Dövlət içərisindəki kripto fətullaçılar bu program vasitəsiylə müəyyən edilərək ya qurumdan kənarlaşdırırlır ya da cinayətlə əlaqəsi varsa həbs olunur.
    17 http://www.haberturk.com/gundem/haber/1443609-adil-oksuz-kimdir
    18 Türkiyə Respublikası Qanunlarına Əsasən . 3713 saylı terrorla mübarizə qanunun və Türkiyə Milli Təhlükəsizlik Heyətinin qərarlarına əsasən milli təhlükəsizlik siyasət sənədində də fətullaçı təşkilat silahlı terror təşkilatı kimi yerini almışdır
    19 Türkiyə Respublikasının Fətulla Gülənlə əlaqədar olduğu müəyyən edilib hazırlanan hesabata əsasən yazılmışdır. Hesabata internetdən hər hansı bir türk media saytından əldə etmək olar.
    20 Türkiyə İşadamları və Sənayeçiləri Konfederasiyası
    21 Fətulla Gülənin və təşkilatının siyasətə və partiyalara məsafəli olmaları həm bəyanatlarında sabitdir həm də siyasi partiyaların seçki dönəmləri öncəsi təbliğat təşviqat kampaniyalarına təşkilatın yanaşma metodunda mövcuddur. O vaxtkı Zaman qəzetlərinə baxıldığında, bütün partiyaların(sol partiyalar xaric) reklamlarına Zaman qəzetində yer verilmişdir.
    22 Xüsusiylə ən son saxta dəlillərlə apardıqları Ergenekon,Balyoz, Hərbi Cəsusluq məhkəmələri ilə işlərindən çıxarılan insanlar bu strategiyanın açıq sübutudurlar.
    23 Saxta dəlillərlə reallaşdırılan Ergenekon, Balyoz vs tərzi məhkəmələr şər-böhtan nümunəsidir. Yalan, zina, hiyləgarlıq vs tərzli metodlardan xüsusiylə ordu içindəki nümayəndələrinin tanınmamaları üçün namaz qılmamaları, içki içmələri və zina etmələri nümunə olaraq verilə bilər. Təşkilatın daxili inanç sisteminə görə bu hallar belə İBADƏT yerinə keçməktədir.
    24 Test imtahanında 4-5 cavab olur. Bunlardan sadəcə biri DOĞRU cavab olur.
    25 HSYK Türkiyə Respublikasının hüquq,məhkəmə sisteminin ən ali orqanıdır. Ölkənin hüquq sistemi burdan idarə olunur və təyinatlar burdan təyin olunur. 2010 referendumu ilə HSYK-nin strukturu dəyişdirildi. Referendum öncəsi Fətulla Gülən bəyanat verərək bu seçkiyə getməyin labüdlüyünü söyləmişdir. Hətta “ölüləriniz belə məzardan qalxıb, bu referendumda dəyişiklik lehinə səs verməlidir” ifadəsini işlətmişdir. Türkiyə dövlətinin rəsmi hesabatına görə 2010-cu ildə HSYK-nın 90%-i fətullaçılar tərəfindən ələ keçirilmişdir.
    26 Türkiyə dövlətinin rəsmi məlumatına əsasən.
    27 Təşkilat ilə dövlətin qarşıdurmasından və 15 iyul 2016 xunta cəhdi sonrası fətullaçı adıyla işdən çıxarılan və ya tutulanların hesabatına əsasən.
    28 Türkiyənin Trabzon vilayətindəki katolik Santa Maria kilsəsinin rahibi.
    29 Təşkilat ölkədə dini tolerantlığın olmadığı imajını yayaraq Türkiyə hökümətinin qərb dairələri tərəfindən təziq altında tutulmasını hədəfləmişdir.
    30 Xüsusiylə fətullaçıların ifşasında önəmli rol oynanayan by lock proqramı istifadəçisi olduğu və fətullaçı qırmızı siyahıya salınana 10 əsas insanlar görüşdüyü ortaya çıxarılmışdır. Ayrıca polis kollecinə girmədən öncə daha sonra bağlanılan fətullaçı dərsxanaya getdiyi də müəyyən edilmişdir.
    31 Gəzi hadisələrinin ölən və simvol olan uşaqdır. Mehmet Kirazdan öncə bu hadisəyə 4 prokuror baxmışdı və heç bir irəliləmə əldə olunmamışdır. Daha sonra cinayyət işi Mehmet Kiraza verilmişdir. Prokuror cinayətin izinə düşüb 3 polisilə bağlı araştırma aparmışdır. Və bu əsnada öldürüldü. Nəzərinizə çatdırmaq istəyirəm ki, daha öncəki 4 prokuror da fətullaçı olduqları səbəbiylə işdən çıxarılmışdır. Digər tərəfdən Gəzi hadisələri zamanı çadırları yandıraraq protestonu provakasiya edən və daha sonra tutulan polislər də fətullaçıdırlar.
    32 http://savash.org/index.php?newsid=11133
    33 Yazılmamış qanunların sübutu olmuz. Bu qisim 14 yaşından təşkilata alınıb yetiştirilən və daha sonra onlardan ayrılan vicdanlı və iradəli insanların yaşadıqları əsasında şərh olunmuşdur. Təkrar qeyd edirəm ki, fətulla gülən hərəkatı yazılmamış sədaqət və loyallıq qanunları ilə idarə olunur. Yəni bir inanç mexanizmidir. Heç bir inanc isə sübut dəlillərə əsaslanmaz. Məsələn bunlara aid olan bir evdə imam olan birinin hüquqi sübutu olmaz. Evdəki digərləri ona riayyət eləyər. Və imam asanlıqla evin rəhbəri olmadığını deyə bilər. Çünkü yazılı bir dəlil yoxdur.



    İstifadə Olunan Qaynaqlar
    • Küçük Dünyam- Lətif Ərdoğan,
    • Batıya Yön Veren Metinler –Alev Alatlı
    • Feto- Nurettin Veren,
    • Kuşatma-Nurettin Veren,
    • Subyektin Ölümü- Ergün Yıldırım
    • Təşkilat içində yetişən insanların anlatdıqları,
    • Gəzetlər
    o Sabah Gəzeti
     https://www.sabah.com.tr/fotohaber/gundem/iste-fetullahci-teror-orgutunun-feto-amaci-taktik-ve-stratejisi
    o HaberTürk Gəzeti
     http://www.haberturk.com/gundem/haber/1508856-fetonun-tarihcesi-15-temmuz-darbe-girisimi-raporu
    o BBC türkçe
     http://www.bbc.com/turkce/haberler-turkiye-40275619
    o Sözcü Gəzeti
     http://www.sozcu.com.tr/2016/gundem/necip-hablemitoglu-1999da-fetoyu-anlatti-2002de-suikaste-ugradi-1354256/
    • Saytlar
    o İslamın Səsi
     http://www.islaminsesi.info/fetullah-gulenden-azerbaycana-hede-supurub-xezere-ataram--51770.html
    o Azərbaycan 24

    https://www.azerbaycan24.com/fetullah-gulen-azerbaycan-hakimiyyetini-hedeledi-supurub-xezere-ataram/скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.