• Rus Dili
  • Reklam
    » » Azərbaycan müxalifətindən Ərdoğana tam dəstək
    

    Azərbaycan müxalifətindən Ərdoğana tam dəstək

    4-05-2018, 11:03
    Oxunub: 739
    Şərhlər: 0
    Çap versiyası
    Azərbaycan müxalifətindən Ərdoğana tam dəstək


    Ölkə müxalifətinin funksionerləri hesab edirlər ki, Ərdoğanın apardığı siyasət Azərbaycan üçün də faydalıdır

    Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət və Demokrat partiyaları arasında koalisiya yaradılması barədə razılıq əldə olunub. Dörd partiya yalnız parlament seçkisində birgə hərəkət edəcək. Prezident seçkisində isə hər partiya öz namizədini ayrı-ayrılıqda dəstəkləyəcək.

    Yaranan koalisiyanın adının “Demokratiya üçün Milli Birlik” və ya “Demokratiya Birliyi” olacağı gözlənilir. Məlumdur ki, bundan öncə AKP ilə MHP “Cümhur Birliyi” yaradıb. Bir araya gələn dörd müxalifət partiyasının “Cümhur Birliyi”nə qarşı mübarizə aparacağı deyilsə də, əksər ekspertlər müttəfiq siyasi qurumların şansını az görürlər.

    Bununla yanaşı, müxalif partiyaların Türkiyə prezidenti postuna vahid namizəd irəli sürəcəkləri də istisna edilmir. Vahid namizədin adının yaxın günlərdə açıqlanacağı ehtimal olunur.

    Məlumat üçün onu da qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

    Azərbaycanda da hər zaman Türkiyədə gedən siyasi proseslər maraqla izlənilir. Qardaş ölkə ilə bağlı tez-tez Azərbaycan ekspertləri də açıqlamalar verir, orada baş verən hadisələrə münasibətlərini bildirirlər. O cümlədən ölkədə müxalifət nümayəndələri də çox zaman Türkiyədəki proseslərlə yaxından maraqlanır, qardaş ölkənin müxalifət nümayəndələri ilə görüşlər keçirirlər.

    Bəs hazırkı seçkilər zamanı Azərbaycan müxalifət nümayəndələri Ərdoğanı, yoxsa müxalifətin yaratdığı qrupu dəstəkləyir?

    Bu sualla bir neçə müxalif partiya sədrlərinə müraciət etdik.

    Azərbaycan müxalifətindən Ərdoğana tam dəstək


    AĞ Partiyanın lideri Tural Abbaslı bildirib ki, onlar Türkiyə siyasətini yaxından izləyirlər:

    “Çünki orada baş verən istənilən siyasi hadisə bu və ya digər formada Azərbaycanın da siyasi həyatında əks olunur. Ona görə də istər-istəməz qonşu dövlətlərin siyasətini izləməyə məhkumuq. Nəzərə alsaq ki, bu Türkiyə kimi qardaş dövlətdir və bunu ikiqat yaxından izləyirik. Biz təbii ki, Ərdoğanı, onun siyasi və ideoloji kursunu dəstəkləyirik. Çünki partiyamızın xətti də Ədalət və İnkişaf Partiyasının ideoloji xətti ilə eynidir. Bu gün düşünürük ki, daha güclü Türkiyə üçün hazırkı iqtidar hakimiyyətdə qalmalı, başladığı işləri davam etdirməlidir. Təbii ki, bu, Türkiyənin daxili işidir. Ancaq biz də qardaş ölkə kimi Ərdoğana dəstək veririk”.

    Azərbaycan müxalifətindən Ərdoğana tam dəstək


    “Yeni Müsavat”a danışan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Türkiyədə siyasi sabitliyin və təhlükəsizliyin tərəfindədirlər: “İlk olaraq qeyd edim ki, bu, Türkiyənin daxili işidir. Mən Türkiyə vətəndaşı olmadığım üçün mövqe bildirməyim siyasi etika baxımından düzgün olmaz. Ancaq bir Azərbaycan türkü, Türkiyənin dostu olan dövlətin vətəndaşı kimi təbii ki, orada inkişafın, siyasi sabitliyin, təhlükəsizliyin tərəfindəyik. Ona görə də biz mümkün qədər seçkinin dinc, demokratik, azad və ədalətli şəkildə keçirilməsini və Türkiyə xalqının öz iradəsini azad şəkildə ifadə etməsini istəyirik. Türkiyə xalqı kimi seçəcəksə, onun seçiminə hörmətlə yanaşmalıyıq”.

    Azərbaycan müxalifətindən Ərdoğana tam dəstək


    VİP sədri Əli Əliyev də Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bildirib: “Ərdoğanın hələlik hakimiyyətdə qalmasının tərəfdarıyam. Çünki onun başladığı işlər hələ ki məntiqi sonluğuna çatmayıb. Burada hakimiyyət dəyişikliyi kursun dəyişikliyinə gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, həlledici dərəcədə güclü olmayan Ərdoğan hakimiyyətinin formalaşması məqsədəuyğundur. Bu, Türkiyə çıxarları üçün ən uyğun haldır. Təbii ki, Türkiyənin çıxarları həm də Azərbaycanın çıxarları deməkdir. Ona görə də bu həm də Azərbaycan üçün faydalıdır”.

    Azərbaycan müxalifətindən Ərdoğana tam dəstək


    ADP sədri Sərdar Cəlaloğlu da birmənalı şəkildə Ərdoğanı dəstəklədiyini bildirib: “Təbii ki, Ərdoğanı dəstəkləyirəm. Birmənalı şəkildə bu, belədir. Onun apardığı siyasəti doğru hesab edirəm. Türkiyə bölgədə nə qədər güclü olacaqsa, Azərbaycan da bir o qədər daha ciddi müttəfiq əldə edəcək. Yəni Azərbaycan dövlətinin və xalqının maraqları Türkiyənin güclənməsini tələb edir. Ərdoğanın da siyasəti Türkiyənin bölgəsəl güc olması istiqamətindədir. Onun siyasəti həm də Azərbaycana aid olduğu üçün bunu dəstəkləyirəm”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.