• Rus Dili
  • Reklam
    » » AĞ partiyası başqanın birinci müavini, politoloq Əhəd Məmmədli : Azərbaycanda etnik separatizm təhlükəsi
    

    AĞ partiyası başqanın birinci müavini, politoloq Əhəd Məmmədli : Azərbaycanda etnik separatizm təhlükəsi

    15-01-2019, 13:16
    Oxunub: 457
    Şərhlər: 0
    Çap versiyası
    AĞ partiyası başqanın birinci müavini, politoloq Əhəd Məmmədli : Azərbaycanda etnik separatizm təhlükəsi

    Bəndəniz özünü ötən əsrin 90-cı illərinin keşməkeşli, səfalətli dövrünün çocuqlarından hesab edir. Son pioner nəslindənəm. 1-ci sinfə 6 yaşında, vaxtından 1 il əvvəl, 1988-ci ildə getmişəm. O dövrlər məktəbə 7 yaşdan götürürdülər. Məktəbimizin direktoru yəhudi idi və atamla dost olduğu üçün məni 6 yaşdan məktəbə qəbul etdi. Rus məktəbində oxuduğum üçün sinifimdə ruslar, yəhudilər, ermənilər də var idi. Yəhudi sinif yoldaşım Borya ivrit dilində yazmağı öyrənirdi. Futbol üzrə İsrail və SSRİ yığmaları yoldaşlıq matçı keçirmişdilər. 3:2 hesabı ilə İsrail SSRİ-yə qalib gəlmişdi. Səhərsi gün məktəbdə Borya İsrailin SSRİ üzərində qələbəsinə sevinirdi. O zaman mən Boryaya təəcüblənmişdim, necə olar ki, öz ölkəsinin məğlubiyyətinə sevinəsən. Onda SSRİ dağılmamışdı və bu ölkə hamımızın vətəni sayılırdı. Görünür, bizdən fərqli olaraq, hələ o vaxt balaca yəhudi Borya artıq SSRİ-ni deyil İsraili öz vətəni sayırdı. Belə şeylərdən çoxumuz xəbərsiz idik.
    Sinif yoldaşvarımdan ikisi erməni idi. Diana arıq uzun eybəcər erməni qızı, Artur da qarayanız, antipatik bir erməni oğlan idi. Diana yaxşı, Artur isə pis oxuyurdu. Bir dəfə Arturun karandaşlarından istifadə edib onun albomunda şəkil çəkdim. Artur o saat məni qatı kommunist-ateist rus müəllimimiz Lilya Qeorqiyevnaya şikayət etdi. Lilya Qeorqiyevna da məni cəzalandıraraq küncə qoydu. O vaxtdan ermənilərdən xoşum gəlmirdi... Vaxt keçdi bu antipatiyam ruslara qarşı da baş qaldırdı. Amma buna baxmayaraq hələ ki rus sinif yoldaşım Nikolayev Roma ilə dostluq edirdim. Roma ilə biz həm də qonşu binalarda qalırdıq. Bir dəfə Roma gildə qonaq olmuşdum da. Ziyalı anası var idi. Bizlə üzbəüz qapıda da rus ailəsi yaşayırdı. Ailə başçısı sovet zabiti idi. Oğlu mənimlə paralel sinifdə oxuyurdu. Bir dəfə onlara getmişdim. Məni mehriban qarşılamışdılar, oğlanları ilə oynayırdım. 20 yanvar hadisələrindən sonra qapı qonşumuz sovet-rus zabiti ailəsini bizə etibar etdi. Bir neçə saatdan sonra qonşumuz rus zabiti əllərində avtomatlı əsgərlərlə qayıtdı. Əsgərlər başladı qonşularımızın əşyalarını daşımağa. Onlar köçürdülər.
    Çox maraqlı bir mənzərə alınmışdı. 20 yanvar qətliamından sonra bir çoxları kimi atam da balkonumuzdan qara bayraq asmışdı. Buna baxmayaraq, qonşumuz sovet zabitinin xahişini nəzərə alaraq atam bir neçə saatlıq onun yoldaşı və iki oğlunu evimizdə saxlamağa razılıq verdi. Qonşumuz Salyanski kazarmaya qayıtmalı idi. Ailəsini də evdə tək qoyub getməkdən çəkinirdi. İntiqamdan qorxurdu. O vaxt Azərbaycan xalqında milli qürur, heysiyyət ən üst səviyyədə idi. Sovet zabit qonşumuz da ailəsini bizim ailəyə etibar etdi.
    Mən iki məktəbdə oxumuşam. Bakıda oxuduğum məktəbdə ən yaxın dostlarım talış və rus idi. Talış sinif yoldaşımla indiyə qədər münasibət saxlayıram. Sinif yoldaşım əslən Lerikdəndir, atası talış, anası türkdür. Çox yaxşı ailədirlər. Atalarımız da bir-birlərini tanıyır. Ötən əsrin 90-cı illərin əvvəlləri 20 yanvar hadisəsi, SSRİ-nin dağılması, Qarabağ müharibəsi, Azərbaycanda hakimiyyətin tez-tez dəyişməsi, çörək növbələri ilə yadda qalan dövr oldu. Azərbaycan bölməsinin uşaqları milliyyətcə rus həmyaşıdlarını döyürdülər. Rus bölməsi, Azərbaycan bölməsinə “cuşki” deyirdi. Sinfim rus bölməsi, məhəllə uşaqlarım isə Azərbaycan bölməsi idi. Hər iki tərəfdə dostlarım var idi. Özümü maraqlı vəziyyətdə sayırdım.
    Əslən şimal bölgəsindən olmasaq da, ailəlikcə o zonaya bağlı idik. Hələ Sovet vaxtında nənəm Səadət Sultanova 20 il Şollar su qovşağının müdiri işləyib. Atam, bibilərim məktəbi Xudatda bitiriblər. Müstəqillik dövründə ailəlikcə yenidən Xudata qayıtdıq. Atam Şollar su qovşağına baş mühəndis işləməyə başladı. Beləliklə, 9-10-11-ci sinifləri Xudatda oxudum. Yeni sinif yoldaşlarım hamısı ləzgi idi. Sinifdə yeganə türk mən idim.
    Ötən əsrin 90-cı illərinin ikinci hissəsi idi. Müharibədə ağır məğlubiyyət, milli hökümət sayılan AXC-Müsavatın süqutu, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdan dövrü idi. Həmin dövrdə Şimal bölgəmizdə ciddi separatizm baş alıb gedirdi. Bakıda metroda sadvalçı ekstremistlərin məlum qanlı terror aktına təsadüf edən vaxtlar idi. Vəziyyət o həddə çatmışdı ki, qonşularımın bəziləri özünü Sadvalın üzvü olduğunu gizlətmirdilər belə.
    Xudatdakı illərim məni yumşaq beynəlmiləl bir çocuqdan, sərt millətçi bir yeniyetməyə çevirdi. Çox davalar edirdim. “Ermənilər ləzgilərlə bratdı” deyən bir həmyaşıd qonşumla bir neçə dəfə dalaşdım. Sinif yoldaşlarımla bəlkə 1 ildən çox danışmadım. Düzdür, davalarım milli zəmində olmasa da, bir-birimizə milli antipatiya büruzə verirdi.
    Heydər Əliyev hakimiyyətini bərkitdikcə Şimal zonasında da sadvalçılığın yayılmasının qarşısı sərt şəkildə alınırdı. O illər Dərbənddə sadvalçılara qarşı Azərbaycan kəşfiyyatı tərəfindən uğurlu anti-terror əməliyyatı aparılmışdı. Yavaş-yavaş istər qonşularım, istərsə də sinif yoldaşlarım olan ləzgilərlə münasibətlərim düzəlirdi. Sonda Xudatda yaxın çevrəmin əksəriyyəti ləzgilər oldu. Bununla yanaşı, yaxın dostlarımın arasında Azərbaycan və məhsəti türkləri, tatlar da var idi. Beləliklə, məktəbi qurtardım, universitetə qəbul oldum. Universitetdə qrupda da iki ən yaxın dostumdan biri ləzgi idi. Həmin ləzgi dostumun evində qonaq olurdum, o da bizə gəlirdi. Qusara bir yerdə istirahətə getdik. O vaxt hələ məşhur olmayan Qarabulaqda olduq.
    Tələbəlik illərində İslama gəldim, ibadət əhli oldum. Yeniyetmə millətçidən gənc ümmətçiyə çevrilməyə başladım. Paralel olaraq eşitdim ki, mənə doğma olan Şimal bölgəmizdə, xüsusən də, gənclər arasında İslam dəvəti yayılmağa başlayıb. Xudatda, daha doğrusu, Şollar su qovşağı qəsəbəsində evimiz olduğundan atam tez-tez ora gedir. Atamdan aldığım məlumatlara görə uşaqlıq dostlarımın bir çoxusu ibadət əhlidir. Türklü, ləzgili, tatlı, kürdlü hər kəsi indi millət bağından daha möhkəm bağ – ümmət bağı bir-birinə bağlayır. Vaxtı ilə “ermənilərlə ləzgilər bratdı” deyən uşaqlıq dostum artıq separatizm deyil Allah yolunu seçib, ibadətə başlayıb. İndi onun qardaşları türklərdir – müsəlman qardaşları. Onunla danışmışıq, Qarabağı bir yerdə azad edəcəyik...
    Məktəb, universitet illərində dostlarım ləzgi, talış, rus idi. Əsgərlikdə dostlarım içində atası türk, anası rus – metis də var idi. Üzvü olduğum AĞ Partiyada tat, ləzgi, ərəb kökənli qardaşlarımız var. Bizi birləşdirən vahid vətənimiz, xalqımız, ümmətimizdir. 18 yaşımdan 18 ildir rəsmi siyasətdəyəm. Siyasətin lap aşağılarından addım-addım gəlmişəm.
    27 ildir Azərbaycanımın müstəqil olmasına baxmayaraq, suverenliyimiz hələ də təhlükə altındadır. İşğaldan, separatçılıqdan əziyyət çəkən ölkəmiz növbəti təhlükələrlə üz-üzədir. Təhlükələrdən biri də, bəlkə birincisi etnik separatizmin davamıdır, yayılmasıdır. Tarix boyunca Qərb və Rusiya həmişə müsəlman xalqlarını bir-birinə qarşı qaldırıb onlar arasında nifaq yaratmaq istəyirlər. Vaxtı ilə Osmanlını dağıtmaq üçün türklərlə ərəblərin arasına fitnə saldılar. Türkiyəni yıpratmaq, türkü-kürdü qarşı-qarşıya qoymaq üçün PKK bəlasını yaratdılar. Azərbaycanı da hissə-hissə bölmək üçün sadvalçılıq, əlikramçılıqdan istifadə edirlər. Ötən əsrin sonlarında Rusiya və Ermənistanın qurduqları qondarma Dağlıq Qarabağ Respublikasının qarşısını ala bilməsək də, əlikramçılarla, sadvalçıların qarşısını aldıq. Amma görünür, tam almadıq, tam almaq lazımdır...
    Son dönəmlər etnik separatizm meyllərinin Azərbaycanda artdığı göz qabağındadır. Görünən odur ki, Rusiya və Ermənistan Azərbaycana qarşı növbəti separatizm kartından istifadə etməkdən əl çəkməyiblər. Separatçıların Ermənistan, Rusiya, Avropada müxtəlif təşkilatları, TV və internet kanalları və s. vasitələri fəaliyyət göstərir. Bu yöndə əlikramçılar xüsusi canfəşanlıq edirlər. Rusiyada onların təşkilatları, ofisləri, televiziyaları var. TV proqramlarında Azərbaycanı Artsaxa, Talışistan, Ləzgistan, Tatıstan, nə bilim nə stana bölürlər. Azərbaycanın ən çox saylı xalqı türkləri də Xəzər dənizinə göndərirlər. Azərbaycan hakimiyyəti isə bütün bunlara biganəmi, dözümlümü, ya da səhlənkarmı yanaşmağa davam edir. Halbuki, çoxdan o ilan yuvaları Rusiya, Ermənistan, Avropada məhv edilməli idi. “Biz bunu ona görə etmirik ki, Rusiyadan qarşılığını görə, Qərblə münasibətlərimizi korlaya bilərik”, bəhanələri qəbul edilmir. Çünki “bütün günü regionun ən güclü dövlətiyik, müstəqil siyasət sürürük” təbliğatı ilə məşğul olan iqtidarın bu sözlərinin arxasında əməllər də durmalıdır. Əks halda bu sabun köpüyündən başqa bir şey deyil.
    Vəziyyət o yerə çatıb ki, bəzi ictimai xadimlərin gizli separatçılığı müşayiət edilməkdədir. Təəssüflə qeyd etməliyəm ki, özünü qərbyönümlü müxalifət adlandıran təşkilatlarda da separtçılar yer alıblar və guya sivil müxalifətçiliklə məşğuldurlar.
    Həmçinin təəssüfedici hal odur ki, sosial şəbəkələrdə bu xainlərin fəaliyyəti geniş areal təşkil edir. Onların bir çoxusu Rusiya, Avropadan yazırlar, lakin Azərbaycandan da yazan az deyil. Azərbaycanda da fəaliyyət göstərən separatçılar, ekstremistlər arasında əlikramçılar xüsusi fəallığı ilə seçilirlər. Ən təəssüfedici hal odur ki, bütün bunları DTX, DİN sakitcə seyr edir.
    Belə bir fikirlər səslənir ki, bütün bu profillər, şəxslər DTX-nın nəzarətindədir, vaxtı gəldikdə hərəkətə keçib həmin ünsürləri zərərləşdirəcəklər. Fikrimcə, artıq vaxtıdır, həm Azərbaycan daxilində, həm də xaricində separatçıları məhv etmək lazımdır. Xainlər, ekstremistlər, terrorçular bir dil anlayırlar – dövlətin gücünü.
    Bu məsələdə qardaş Türkiyənin böyük təcrübəsi Azərbaycanın köməyinə gələ bilər. Türkiyə xarici və daxilində ASALA, PKK terror təşkilatlarını güc strukturlarının necə məhv etmək nümunəsindən Azərbaycanın xüsusi xidmət orqanları, ordusu yararlana bilər. Və bu işə təcili sürətdə indidən başlamaq lazımdır.
    Azərbaycan 30 ilə yaxındır ki işğala məruz qalan, separatçılıqdan əziyyət çəkən balaca unitar bir ölkədir. Azərbaycanda heç bir muxtariyyət olmamalıdır. Azərbaycanda bir dövlət dili olmalıdır. Separatçılığa, Rusiyanın təsirinə yol açan rus bölmələri bağlanmalıdır. İşə götürmələrdə ancaq dövlət dilinin bilinməsi vacib olmalıdır. Dövlət bütün bunlara ciddi nəzarət etməlidir. Mərkəzləşdirilmiş dövlət, vahid dil prinsipi əsas yanaşma olmalıdır. Təmsil olunduğum AĞ Partiyanın siyasi proqramında da güclü mərkəzləşdirilmiş, unitar dövlət əsas prioritet təşkil edir.
    Azərbaycanda heç bir xalqın öz ana dilində danışmağının, təhsil almağının, tarixini, mədəniyyətini öyrənməyinin əleyhinə deyiləm. Şəxsiyyət vəsiqələrində də Azərbaycan adlı vahid ailəmizdə hər xalqın milli kimliyinin bildirilməsinin lehinəyəm. Zatən Azərbaycanda bütün milli azlıqlar öz dilində də danışırlar, milli kimliyini də söyləyirlər.
    Azərbaycanda heç vaxt milli azlıq problemi olmayıb. Ölkəmizdə yeganə xalq türklərdir ki, onların özlərinə “türk demək hüququ” hələ ötən əsrin 30-cu illərindən qanlı diktator Stalin tərəfindən alındı. Və hələ də bu hüquq Azərbaycanın ən çox saylı xalqı türklərə qaytarılmayıb. Baxmayaraq ki, Azərbaycan 27 ildir müstəqildir, vətənimizdə yenə təkcə türklər azərbaycanlı adlandırılırlar. Azərbaycanın digər xalqları isə öz milli kimlikləri ilə çağrılır. Azərbaycanda təkcə türk özünə azərbaycanlı deyir. Dünyada bəlkə yeganə ölkələr Azərbaycan və İrandır ki, orada milli azlıq deyil, milli çoxluq problemi var. Hər iki ölkədə milli çoxluq türk olsa da, hər iki ölkədə də türkün özünə və ana dilinə türk demək icazəsi yoxdur.
    Əbülfəz Elçibəy ölkədə prezident olanda dövlət dili yenidən türk dili oldu. Amma Heydər Əliyev hakimiyyətə gələndən sonra yenə də dövlət dilini amorf Azərbaycan dilinə qaytardı. Halbuki Azərbaycan adlı nə bir millət, nə də bir dil yoxdur. Azərbaycan coğrafi bir addır.
    Bu ölkədə ya hər kəs özünə azərbaycanlı deyəcək, ya da Azərbaycanda hər kəs kimi türklər də şəxsiyyət vəsiqələrində rahat şəkildə milli kimliyini yazacaqlar.
    Necə ki, çox millətli federativ, böyük ABŞ-da dövlət dili titullu xalq olan ingilis dilidir, federativ, çox millətli, böyük Rusiyada dövlət dili titullu xalq olan rus dilidir, eləcə də, çox millətli, unitar, balaca Azərbaycanda dövlət dili titullu xalq olan türk dili olmalıdır ! Və bu heç də millətçilik, bölücülük deyil, bu reallıqdır. Reallıq isə odur ki, dünyanın hər yerində dövlət dili həmin məmləkətin ən böyük xalqının dilidir. Qeyd-şərtsiz Azərbaycanda da belə olmalıdır.
    Fikrimi yenə də aydın göstərmək üçün təkrarlayıram, vahid ailəmiz Azərbaycanda hər kəs öz ana dilində danışa, tədris ala, milli kimliyini fəxrlə təqdim edə bilər. Lakin vahid dil dövlət dilidir və yalnız dövlət dilində hər kəs ali təhsil ala, dövlət və özəl sektorda işləyə, karyera qura bilər.
    Türk-qeyri türk məsələsinə qəldikdə isə, şəxsiyyət vəsiqəsində mütləq milliyət qrafası qoyulmalıdır. Azərbaycanı təmsil edən bütün xalqların könüllü razılığı ilə həmin milliyət qrafısında ya hər kəs özünü azərbaycanlı adlandıracaq və bununla da birdəfəlik millət söhbəti ölkəmizdə bağlanacaq, ya da azərbaycanlı adı coğrafi ad olaraq qalacaq, hər kəs o cümlədən türklərdə öz milli kimliyini şəxsiyyət vəsiqəsində bildirəcək. Və bununla da millət olaraq təkcə türkün azərbaycanlı adlandırılması diskriminasiyasına son qoyulacaq, milliyyət problemi də birdəfəlik həll ediləcək.
    Yuxarıda qeyd etdiyim nüansa bir də qayıtmaq istəyirəm. Heydər Əliyev hakimiyyətə gələndən sonra ziyalıları, alimləri, dilçiləri yığıb SSRİ-də olduğu kimi, dövlət dilini türk dilindən yenidən Azərbaycan dilinə qaytardı. Azərbaycan xalqının cəlladı, qanlı diktator Stalinin dil siyasətini ata-Əliyev iqtidara qayıdan kimi müstəqil Azərbaycanda davam etdirdi. Heydər Əliyev bunu milli birlik naminə etdiyini bildirdi. Ata-Əliyevin bu addımını müdafiə edənlər deyirlər ki, həmin qərar çox millətli Azərbaycanı parçalanmadan xilas etdi. Bu fikri dəstəkləyənlər, xüsusən ötən əsrin 90-cı illərində separatizmin baş qaldırdığı vaxtda dövlət dilinin türk dilindən Azərbaycan dilinə qaytarılmasının vacib olduğu əsasını irəli sürürlər. Qətiyyən bu yanaşma ilə razı deyiləm. Bəli, 1990-cı illərdə Azərbaycan çətin dönəmlərini yaşayırdı, amma bunun səbəbi dövlət dilinin türk dili olması deyildi! Azərbaycan nə Rusiya, nə Birləşmiş Ştatlardan çox millətli dövlət deyil. Yenə təkrarlayıram, “Azərbaycan” coğrafi bir addır. Azərbaycan çox millətli ölkə olsa da, ümumi dövlətimizdə say baxımından böyük üstünlüyə malik olan millət türklərdir. Müasir dünyada hər yerdə olduğu kimi, Azərbaycanda da dövlət dili titullu xalqın dili olmalıdır, yəni türk dili olmalıdır. Necə ki, Misir ya Fələstin dili yoxdur, ərəb dili var, eləcə də Azərbaycan dili yoxdur, türk dili var! Əliyevin dil qərarı da səhv və yanlış idi. Bu qədər qısa və konkret... Tarixin ironiyasına bir baxın, baxmayaraq ki, vaxtı ilə türk dilinə qadağa qoyan Heydər Əliyev həyatının son çağını türk dövlətinə etibar etdi, məhz Türkiyəyə müalicəyə getdi. Azərbaycan dilini o vaxt dövlət dili etmək olardı ki, ümumi vətənimizdə yaşayan az saylı xalqlar da məhz Azərbaycan dilini öz ana dili sayardılar. Bu da mümkünsüz olduğu üçün, Azərbaycan dili birləşdirici dil deyil. Əgər Azərbaycan dili hamının ana dili deyilsə, deməli, Türk dili əsas danışılan dil olduğu üçün yenidən dövlət dili olaraq qaytarılmalıdır.
    Azərbaycan Avropa Şurası və BMT-yə qəbul ediləndən sonra Avropa Şurasının milli azlıqların Avropa xartiyasını və BMT-nin milli azlıqların deklarasiyasına imza atıb. Mənim bu məqalədə söylədiklərim İstər Avropa Şurasının milli azlıqların Avropa Xartiyası, istərsə də BMT-nin milli azlıqların deklarasiyası olsun əleyhinə deyil. Azərbaycan Avropa xartiyasında dövlətin rəsmi dili ilə, milli azlıqların dili konsepsiyasına ən azı, məsələn, Fransa kimi riayət edir. Bu məsələdə Azərbaycana heç bir sual ola bilməz. Konstitusiyamıza uyğun olaraq da Azərbaycanda hər millət rahat şəkildə öz ana dilində danışa, təhsil ala bilir. Avropa xartiyasında göstərdiyi kimi də, ölkədə rəsmi dil hər kəsin dilidir, yəni dövlət dilidir. Ümumi vətənimiz Azərbaycanın vahid dövlət dilini qoruyaq, ana dillərimizi də orta təhsil səviyyəsində öyrənək, danışaq. Dövlət dilimiz də, ana dillərimizdə bizim ümumi mədəniyyətimizdir.
    Təkcə hərbi, güc baxımından deyil, həmçinin sosial-iqtisadi baxımdan da, separatçılıqla mübarizədə yenə də qardaş Türkiyədən nümunə götürə bilərik. Türkiyədə illərdir PPK-çı terrorçular yerli kürd əhali arasında elə təbliğat aparırdılar ki, guya dövlət milli zəmində ayrı-seçkilik edir və onlara baxmır. AK Partiya iqtidara gələndən sonra ilk gördüyü işlərdən biri də kürdlərin də yaşadığı bölgəyə iri həcmli sərmayalar yatızdırması oldu. Cənubi-Şərqi Türkiyədə zavodlar, fabriklər tikilməyə başladı, çox saylı yeni iş yerləri açıldı. AK Partiya Türkiyədə yeganə siyasi partiya oldu ki, həmin regionda PKK-nın səslərini böldü. Yerli xalq anlamağa başladı ki, dövlət həm də onların dövlətidir!
    Xarici ölkələr tərəfində maliyyələşən separatçılar Azərbaycanda da eyni təbliğat aparırlar, guya dövlət milli ayrı-seçkilik edərək onların qayğısına qalmır. Separatçılar bu fikirlərində ancaq o vaxt haqlı olardılar ki, Azərbaycanda sosial-iqtisadi vəziyyət qeyri-türklər yaşayan regionlarla müqayisədə türklər yaşayan bölgələrdə üstün olardı. Təbii ki elə deyil. Məlumdur ki, Respublikamızda sosial-iqtisadi vəziyyət hər yerdə eynidir. Bu baxımdan da dövlət tərəfindən heç bir ayrı-seçkilik yoxdur. Təmsil olduğum AĞ Partiya da separatçılığın qarşısını almaq metodlarından biri kimi, vahid ailəmiz Azərbaycanda türklərlə bərabər qeyri-türklər yaşadığı regionlarda da yeni iş yerlərinin açılmasında, zavod-fabriklərin tikilməsində, böyük yatırımlarda görür. Siyasətimizlə bərabər, iqtisadiyyatımızı da çiyin-çiyinə, birlikdə qaldıracağıq !
    Sonda onu demək istəyirəm ki, Azərbaycan hamımızın vətənidir ! Hamımız bu Vətən uğrunda qan tökmüşük. Cümhuriyyət qurulanda da, bərpa ediləndə də düşmənə qarşı türklərlə bərabər Azərbaycanımızın çox saylı ləzgi, talış, tat, kürd, avar, yəhudi, rus, udin, ingiloy, tsaxur və digər xalqlarının mərd oğulları şəhid və qazi olublar. Qarabağımızı da bir yerdə azad edəcəyik. Əlikramçı, sadvalçılar və digər separatçılar, ekstremistlər, terrorçular isə ilk öncə ümumi vətənimiz Azərbaycan uğrunda şəhid olan yüzlərlə talış, ləzgi şəhidlərin ruhuna xəyanət etdilər. Mənim heç bir şübhəm yoxdur həmin o əlikramçı, sadvalçı və digər xainlərin cəzasını doğma Azərbaycan bayrağı altında türklər - ləzgi, talış, tat, kürd, avar, yəhudi, rus, udin, ingiloy, tsaxur qardaşları ilə birlikdə verəcəklər. Nə Osmanlıya qarşı qeyri-müsəlmanlar tərəfindən qaldırılan ərəblər, nə də Türkiyəyə qarşı qeyri-müsəlmanlar tərəfindən qaldırılan kürdlər xoşbəxt oldular. Bu o deməkdir ki, ey müsəlmanlar gavurların fitnəsinə, vədlərinə uyub müsəlman qardaşınızın qanını tökməyin, ümumi vətəninizi bölməyin. İndiyə qədər heç bir qeyri-müsəlman ölkəsi, xalqı heç bir müsəlman ölkəsini, xalqını xoşbəxt etməyib, etməyəcək də... Gəlin hamımız tarixdən birlikdə nəticə çıxaraq.
    P.S. Müsəlman müsəlmanın qardaşıdır – Muhammad peyğəmbər (s.a.s)

    Əhəd Məmmədli
    AĞ partiyası Başqanın
    birinci müavini
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.