• Rus Dili
  • Reklam
    » » Rəsmi Pekinin dünya ekspansiyası
    

    Rəsmi Pekinin dünya ekspansiyası

    7-02-2019, 13:25
    Oxunub: 198
    Şərhlər: 0
    Çap versiyası
    Rəsmi Pekinin  dünya ekspansiyası
    Rəsmi Pekinin dünya ekspansiyası

    Bu yaxınlarda internet səhifələrindən birində bir xəbərə rast gəldim, bu da Çin rəsmilərindən biri olan Yao Czinin, Əfqanistanın “Taliban” hərəkatı haqqında verdiyi açıqlamadır.
    O, Çin dövlətinin “Taliban” hərakatını siyasi qüvvə kimi dəyərləndirdiyini bildirmişdir. O, :“Çin dövləti “Taliban” hərakatını siyasi qüvvə olaraq nəzərə alacaq, çünki onlar Əfqanıstanın siyasi prosesinin bir hissəsidir” deyərək, rəsmi mövqe bildirmişdir.
    O həmçinin qeyd edib ki, Çin iqtidarı Əfqanistanda sülh və əmin-amanlığın bərqərar olmasını dəstəkləyir, “çünki Əfqan xalqı sülh və stabil həyata layiqdir”.
    İlk baxışdan bəlkə də bu qeyri-adi görünmür, lakin Çinin son illər apardığı siyasətə nəzər yetirsək, bəzi məqsədlər ortaya çıxmış olur.
    Beləliklə, 2013-ci ildən etibarən “Yeni İpək yolu” proyekti çərçivəsində Pekin bir çox ölkələrdə böyük infrastruktur proyektləri maliyyələşdirməyə və həyata keçirməyə başlamışdır. Məqsədləri bu ölkələrin maraqlarını öz dövlət maraqlarıyla eyni istiqamətə yönəltmək, siyasi məqam əldə etmək və istehsal etdiyi malların artığını ixracat etməkdir. Çin artıq qapalı tenderlər keçirərək proyektlərin qiymətlərini həddindən artıq şişirdilməsinə nail olmuşdur, buna görə də ÇXR ortaqları kreditlərini ödəməkdə çox çətinlik çəkirlər. Eyni dövlətlər Pekinin borc çuxuruna düşdükdə isə borclarını kompensasiya etmək üçün faydasız anlaşmalara imza atmaq məcburiyyətində qalırlar. Beləliklə, 2017-ci ilin dekabr ayında, Şri-Lanka Çin tərəfindən tikilən Xambantota adlı strateji limanını və limana yaxın 60000 km2 ərazini, 99 ilə ÇXR-na icarəyə vermək məcburiyyəti qarşısında qaldı, çünki artıq borclarını ödəmə imkanı tapa bilmədi.
    Digər misal, Afrika qitəsinin Zambiya adlı dövlətidir. Zambiyanın da eyni Şri-Lanka kimi, 8 milyard dollara yaxın bir borcu vardır, görünür ki, bu məbləğ Çin dövləti üçün qırmızı xətdir, bu xətdən sonra geri dönməmə prosessi işə düşür. Belə halda Zambiya bütün enerji, nəqliyyat, hətta almaz mədənləri daxil olmaqla, prespektivli digər mədənlərini də Çinə verməyə məcbur olacaq. Bu vəziyyət hətta dövlət suverenliyinin itirilməsinə də gətirib çıxara bilər. Buna qarşı avropalıların əhaliyə payladığı təmənnasız vəsaitlər belə, məmurlar tərəfindən böyük yeyintilərə səbəb olaraq işə yaramadı.
    Afrikanın daha bir borclanan dövləti Cibutidir və liman terminalının Çinə verilməsiylə qarşı-qarşıyadır. Qeyd edək ki, bu dövlətdə ABŞ-ın hərbi bazası yerləşir, bu səbəbdən ABŞ bu limanın Çinin əlinə keçməsini əngəlləməyə çalışır. ABŞ dövlət katibi Reks Trillerson öz bəyanatında demişdir: "Pekin qeyri-şəffaf kontraktlar, yırtıcı kredit üsulları və korrupsiya sazişlərindən istifadə edirək bir çox dövlətləri borclandırır və bu səbəbdən bu dövlətlər öz suverenliyini təhlükə altına atırlar”.
    50 milyon əhalisiylə Afrika qitəsinin şərqində yerləşən Keniya dövləti də borclular siyahısına daxildir. Ümumən 50 milyard dollar borcu olan bu ölkənin, ÇXR-na olan borcu son illərdə 57%-dan 72%-yə yüksəlmişdir və bu Keniyanın ən böyük borcudur.
    Brukinqs institutunun araşdırmalarına əsasən, ÇXR bu regionun ən böyük kreditorlarındandır və son 15 ildə Çinin Afrika qitəsində kredit maliyyəsi 95 milyard dollar, ümumi maliyyə dəstəyi isə 175 milyard dollardan daha çoxdur. Bu siyahıda yuxarıda qeyd etdiyimiz dövlətlərdən başqa, Efiopiya (37 milyard dollar-ümumi borcun yarısı ÇXR-na aiddir), Anqola (67 milyard dollar-ümumi borcunun 25 milyard dollar ÇXR-na aiddir) kimi dövlətlər də daxildir.
    Çinin borclandırma imperiyası Sakit okeanda da aktivləşmişdir. Bir çox ölkələr hesab edir ki, Çin bu regionda dövlətlərin borclarından istifadə edərək, öz hərbi kontingentini artırmağa çalışacaq. "THE SUN" bildirir ki, Cənub-Çin dənizində bunun üçün bir neçə süni adalar yaradılıb və o adalarda Çinin hərbi bazaları yerləşdirilmişdir. Hətta Çin Vanuatuya (Okeyaniya dövləti) öz hərbi bazasının yerləşdirilməsini təklif edib. Son məlumatlara görə Vanuatu Çinə 245 milyon dollar borcludur. Sidney şəhərinin Loi İnstitunun Araştırmalar Mərkəzinin məlumatına görə, 2006-cı ildən etibarən ÇXR bu bölgəyə 1,8 milyard dollardan artıq kredit ayırıb. Bu bölgədə yerləşən Papua-Yeni Gvineya (641 milyon dollar), Fici (637 milyon dollar) və Samoa (233 milyon dollar) kimi dövlətlər də ÇXR-nın kredit siyasətinin qurbanlarıdır.
    İndi də keçək türk dövlətlərinə. Bu siyahıda ilk növbədə Qırğızstanı qeyd etmək olar. 2018-ci ilin məlumatına görə borcunun 41%-i (1,5 milyard dollar) ÇXR-na aiddir. Bəzi mütəxəssislər qeyd edirlər ki, bunun səbəbi Çinin təklif etdiyi çox sadə və aydın şərtlərdir, bir də gərək olan məbləğin dərhal təmin edilməsidir. Bu da öz növbəsində maliyyə axtarışını çox asanlaşdırır. Asiyanın digər türk dilli dövləti Qazaxstan da ÇXR-na 12,18 milyard dollar borcludur. Sadəcə kreditorlar siyahısında Hollandiya, Böyük Britaniya və ABŞ-dan sonra 4-cü yer tutur.
    Türkmənistan Qalkınış qaz yatağının inkişafı üçün Çindən böyük məbləğdə kredit almış (lakin bu rəqəm gizli saxlanılmışdır) və borcu qazla ödəmək nəzərdə tutulmuşdur. Çinin CNPC şirkəti ildə 30 milyard kub/m qaz çıxarmağa razı olmuşdur və bunun ildə 25 milyard kub\m Çinə veriləcəkdir. İran və Rusiya Türkmən qazından imtina etdikdən sonra, Çin Türkmənistandan qaz alan yeganə dövlətdir. Görəsən alınan kreditlərin tam ödənməsi üçün Türkmənistan neçə il ÇXR-nı qazla təmin edəcək?!
    Digər Orta Asiya ölkələri ilə muqayisədə ÇXR-na ən az borcu olan dövlət Özbəkistandır. Lakin İslam Kərimovun vəfatından sonra, yeni prezidentin 2017-2021-ci illərdə 5 önəmli sahələrdə keçirələcək islahatlarını nəzərə alaraq, Çin bu vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır. İndiki zamanda Özbəkistan Çin üçün Qazaxstandan daha sərfəli və cəlbedicidir, bazar həcminə görə və əhalinin əldə etdiyi kiçik gəlirlər Çin üçün heç bir maneə törətmir. Çin üzrə mütəxəssis Ruslan İzimova görə, ÇXR Özbəkistanı daha çox regional nəqliyyat proyektlərinə cəlb etməyə çalışır, xüsusən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu inşaatına. 2017-ci ildə Çinin Özbəkistana yatırımı 7,6 milyard dollardan artıq olmuşdur. Bu məbləğin 130 milyonu sərbəst iqtisadi zonalar proyektlərinə yatırılmışdır. Həmçinin Özbəkistan 200 milyon dollar kredit almağı düşünür və bu vəsait yeni telekommunikasiya, inşaat, elektrotexnika və digər sənaye proyektlərinə yatıralacaq.
    Həmçinin qeyd edim ki kredit alan dövlətlər sırasında və daha çox risk altında olanlar Monteneqro, Laos, Maldiv, Monqolustan, Pakistan, Tacikistan və s. dövlətləri qeyd etmək olar. Center of Development Araşdırmalar Mərkəzinin məlumatına görə, ÇXR Asiya, Afrika və Avropada 68 dövlətə 8 trilyon dollar yatırım etmişdir və bu da son hədd deyil.
    Çinin ekspansiyası sadəcə 3-cü dövlətlərə aid deyil, ÇXR dünyanın inkişaf etmiş ölkələrində də öz siyasətini yeritməyə çalışır, lakin bu cəhdlər bir qədər fərqlidir. Bu dövlətlərin bəzilərinin kredit almağa ehtiyacları olmasa da, lakin nəhəng şirkətlərinin aksiyalarını və borc öhdəlikləri alma imkanı verilir. Buna misal -İsveçin Çin şirkətinə satdığı məşhur "Volvo" brendi. Çinin sürətli yüksəlməsi bir çox avropalı siyasətçiləri narahat etsə də, çətin vəziyyətdə olan bir çox Avropa ölkələri üçün isə kreditlər mühümdür. Yunanıstanda olduğu zaman Çin baş naziri Ven Czabao Avropa ölkələrinə dəstək verəcəyinə söz verdi. ÇXR İspaniyanın nəqliyyat və turizm sahələrində 5,6 milyard dollarlıq kontraktlar imzalamışdır və Çin idarəçiləri gələcəkdə də İspaniyanın borc öhdəliklərini alacaqlarını bəyan etmişlər. Bu gün isə artıq İspaniyanin borcunun 10%-i Çinə məxsusdur. Portuqaliyanın informasiya agentlikləri hətta rəsmi açıqlamada Çinin ölkələrinin 5 milyard dollar həcmində borc öhdəliklərini almağa niyyətli olduqlarını açıqlamışdır. Bu məbləğ Çin üçün o qədər də böyük deyil, çünki Çinin qızıl ehtiyyatları 2,8 trilyon dollar səviyyəsindədir və bu da Fransanın ümumi sərvətindən çoxdur. Son illərdə artıq AB ölkələrinin borc öhdəliklərinin böyük hissəsi ÇXR tərəfindən alınmışdır. Lakin tam məbləğin nə qədər olduğunu təyin etmək çətindir. "Financial Times" qəzetinin iddiasına görə Çin bankları AB-nin borc tutumunun 630 milyard dollar həcmini almışlar, bu da ümumi xarici borcun 7% -dır.
    Əslində ÇXR bu səviyyəyə beynalxalq ticarət qaydalarını pozaraq nail olmuşdur və bu gün bir çox ölkələr Çin məhsullarının idxalına əlavə dəyər və antidempinq vergilər tətbiq edirlər. Macarıstan, Banqladeş, Malayziya və digər ölkələr Çinlə bu növ iqtisadi proyektlərdən imtina etmişlər. Bir çox ölkələrin Çinin “kredit çuxurundan” ehtiyyat etdiklərindən, “Yeni İpək yolu” proyektinin genişləndirilməsi o qədər də asan olmur. Bu növ məhdudiyyətlər bir fayda verəcək mi?! Artıq bunu zaman göstərəcək.
    Hələ 1998-ci ildə solçu iqtisadçı Andre Qunder Frank “Re-Oriyent: "Asiya dövründə qlobal iqtisadiyyat” adlı kitabında qeyd etmişdir ki, Avropa və Amerikanın XIX–XX əsrlərdəki birinciliyi tarixi cəhətdən qısa bir epizoddur və hər şey yenidən əsrlər boyu dünya lideri olan Asiyanın üstünlüyünə qayıdır. Lakin onu da qeyd edək ki, bu cür qayıdış bir çox dövlətlərin sonuyla müşahidə oluna bilər!
    Dövlət idarə etmə strategiyasına əsasən xarici borcun limiti ÜDM-dən 40% artıq olmamalıdır. Əgər bu rəqəmə qədər çatarsa deməli, ölkənin suverenliyi təhlükə altına düşmüş olur. Kreditlər basqı alətidir, ÇXR isə borclarını heç vaxt bağışlamayan bir dövlət kimi tanınır. Bir sıra dövlətlər təbii sərvətlərdən başqa, mübahisəli ərazilərə də malikdir və kredit borcları qarşılığında o ölkələrdən ərazi qoparmaq mümkündür. Ümumiyyətlə, XVII əsrdən bəri, ÇXR-in ərazi iddiaları olduqca çoxdur və bu ərzilərin qaytarılması rəsmi Pekinin xarici siyasət konsepsiyasının bir qismidir. Çinin həll olunmamış ərazi iddiaları hələ də Qazaxstan, Tacikistan və Qırğızıstanla həll olunmamış qalır. Bütün bunlara baxmayaraq, ÇXR İdarə Heyyəti vaxtaşırı dünya ictimaiyyətini sakitləşdirməyə çalışır. Son dəfə bunu ÇXR baş katibi Si Czinpin Asiya İqtisadi Forumunda təkrarlamışdır. O növbəti dəfə Çinin təhlükəli olmadığını vurğulamış, lakin yenə də heç kimi inandıra bilməmişdir.


    Fərid Vəlibəyov
    Ağ Partiyanın başqan müşaviri
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.