• Rus Dili
  • Reklam
    » » Lələtəpənin Colan təpələrindən fərqi
    

    Lələtəpənin Colan təpələrindən fərqi

    28-03-2019, 10:45
    Oxunub: 115
    Şərhlər: 0
    Çap versiyası
    Lələtəpənin Colan təpələrindən fərqi


    ABŞ prezidenti Donald Tramp verdiyi sözə əməl edib daha bir təhlükəli ilkə imza atdı: Colan təpələrini İsrail torpağı kimi tanıyan bəyannaməni imzaladı. Bu, şəkk-şübhəsiz, Ağ Ev tərəfindən beynəlxalq hüquqa kobud hörmətsizlikdir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının Colan təpələri barədə 1967-ci ildəki məlum qərarına tüpürməklə özünü beynəlxalq ictimai rəyə qarşı qoymaqdır. Yer üzündə işğalı, ilhaqı, qanunsuz məskunlaşmaları, fitnə-fəsadı təşviq etməkdir.

    Gözləndildiyi kimi, əksər dövlətlər, Rusiya, BMT baş katibi, hətta ABŞ-ın yaxın müttəfiqləri bu qərarı pisləyib. Türkiyə məsələni BMT-də qaldırmağa hazırlaşır. BMT səsverməsinin yekununu proqnoz eləmək isə çətin deyil. ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı Trampın verdiyi qərar kimi, bu dəfə də Birləşmiş Ştatlar BMT-də təklənəcək. Yalnız bir neçə cırtdan dövlət onun yanında yer ala bilər. İstisna deyil ki, Ağ Ev yenə səsvermədən öncə ölkələri hədələsin. Ancaq nəticə dəyişməyəcək. Hərçənd, Trampın BMT qərarına yenə sayğılı olmayacağı dəqiqidir. Çünki ABŞ supergücdür və hesab edir ki, güclü həmişə haqlıdır. Yəni kefi belə istəyir.

    Lələtəpənin Colan təpələrindən fərqi

    Azərbaycan. İşğaldan azad olunan Lələtəpə yüksəkliyi

    Trapmpın Colan qərarı Vaşinqtonun Krıma görə Rusiyanı işğalçı adlandırıb ona sanksiyalar tətbiq etməsi fonunda xüsusilə absurd görünür. Ancaq işə bax ki, indi də işğalçı Rusiya ABŞ-ı beynəlxalq hüquqa hörmətsizlikdə ittiham edir.

    “İkili standartlar”ın buynuzu olmur ki. Sual ortaya çıxır: ABŞ beynəlxalq hüquqa sayğılıdır ya yox? Əgər o da işğalçı adlandırıdığı Rusiya kimi öz milli maraqları naminə beynəlxalq hüququn təməl prinsiplərini çeynəyəcəksə, o zaman dünyanın halı necə olar? Ölkələr özlərindən zəiflərinin qanuni ərazisinin işğal etməyi bundan sonra haqq edəcəklərmi? Yaxud Ermənistan kimi marionet ölkələr güclünün arxasında gizlənib layiqli cəzadan yayınmağa davam edəcəkmi? Bu, işğalçıları “doğmalar”a və “yadlar”a bölmək deyilmi?

    Az öncə ABŞ Dövlət Departamentinin 2018-ci il üçün insan haqlarının vəziyyətinə yaydığı illik hesabatda Ermənistan işğalçı kimi göstərilib, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Bu mövqe beynəlxalq hüquqa söykənir və tamamilə ədalətlidir. Ona görə ABŞ-a minnətdarıq. Amma belə bir mövqenin təcavüzkar və xristian Ermənistanın xeyrinə heç vaxt təftişə məruz qalmayacağına Azərbaycan əmin ola bilərmi?

    Colan sənədini imzaladıqdan sonra Tramp belə bir cümlə işlədib: “İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Colan yüksəkliklərinə nəzarəti əlində saxlayır”. Ermənistan da illərdir Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğalına “təhlükəsizlik zolağı yaratmaq zərurəti” ilə haqq qazandırmağa çalışır. Yəni Trampın bu qərarı dolayısıyla işğalçı ermənilərin əlinə işləyir, onların çörəyinin üstünə “yağ” sürtür, işğalçını ümidləndirir.

    Odur ki, diqqətli olmalıyıq ki, günün birində Tramp kimi birisi Lələtəpəyə də ermənilərin “təhlükəsizlik zolağının tərkib hissəsi” kimi baxmasın. Deyilə bilər ki, Amerika üçün İsrailin önəmi başqa, Rusiyanın hərbi qalası olan Ermənistan başqa. Ancaq söhbət dünyanın ən qüdrətli dövlətindən, Qarabağ məsələsində qərəzsiz vasitəçi olmağa iddialı olan ABŞ-ın yaratdığı presedentdən gedir. Biz indi Amerikanın hansı sözünə inanaq? Ukraynanın, Azərbaycanın, Gürcüstanın ərazi bütövlüyü məsələsində o, beynəlxalq hüquqa həqiqətənmi səmimi şəkildə sayğılıdır, yoxsa...

    İsrailə gəlincə, doğru, o, bizə strateji tərəfdaş ölkədir. Azərbaycan Ordusunun hərbi-texniki təchizatında İsrailin məxsusi rolu var. Ancaq bu, bizə əsas vermir ki, yəhudi dövlətinə münasibətdə haqsız, beynəlxalq hüquqa zidd qərar və mövqeləri dəstəkləyək. Bizim belə lüksümüz yoxdur. Çünki Azərbaycanın özü 30 ildir beynəlxalq hüququn tapdanmasının altını çəkir.
    Hətta işğal problemi olmasaydı belə, Azərbaycan Trampın deyil, Ərdoğanın mövqeyini dəstəkləməlidir. Ona görə ki, dünyada ortaq yaşam və birgə mövcudluq qaydalarını, o sırada 1973-cü ildə bütün dövlətlərin qəbul elədiyi Helsinki Yekun Aktının əsas prinsiplərini heç kim pozmamalıdır - xüsusən də böyük dövlətlər. Əks halda, dünyanın müvazinəti pozular – özünün bütün fəlakətli nəticələri ilə birgə.

    Bir də “əzələsi” böyük, hərbiyyəsi güclü olan hələ güclü dövlət deyil. Güclü dövlət – haqlı dövlətdir. Çünki dünya yalnız haqlının dost-müttəfiqi olur. Zorla, qan tökməklə yalnız düşmən qazanmaq, yaxud onların sayını artırmaq olar. BMT-dəki növbəti səsvermədə ABŞ buna bir daha əminlik hasil edəcək...



    Zahid SƏFƏROĞLU
    Yeni Musavatскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.