• Rus Dili
  • Reklam
    » » Tural Abbaslı: "Yaxşı edib müsahibə vermişəm, nə demişəmsə, yaxşı etmişəm" - MÜSAHİBƏ
    

    Tural Abbaslı: "Yaxşı edib müsahibə vermişəm, nə demişəmsə, yaxşı etmişəm" - MÜSAHİBƏ

    7-04-2019, 22:06
    Oxunub: 82
    Şərhlər: 0
    Çap versiyası
    Tural Abbaslı: "Yaxşı edib müsahibə vermişəm, nə demişəmsə, yaxşı etmişəm" - MÜSAHİBƏAzərbaycan Xalq Hərəkatının (AXH) dönəm sədri, Ağ Partiyanın sədri Tural Abbaslının ONA-ya müsahibəsi

    - Xalq Hərəkatının yaranma məqsəd və vəzifələri ilə bu gün ortaya çıxan görüntü, təəssürat arasında hansı fərqlər var?

    - Sirr deyil ki, Azərbaycan siyasi arenasında bəziləri inhisarçı qüvvələr kimi formalaşıblar. Bəzi adların tarixinə, şəxslərə istinad edib, zamanında bizim kimi insanların da mübarizəsinə sahibləniblər və müxalifət sahəsində bir monopoliya yaradıblar. Bəziləri “kimsə müxalifətdir”, “kimsə müxalifət deyil”, “bu, yalançı müxalifətdir”, “bu, psevdo müxalifətdir” damğası vurur, müxalifətə lisenziya verirlər. Kim onların sözünü desə, həqiqi müxalifət, kim onların sözünü deməsə, yalançı müxalifət, cib müxalifəti olur.

    AXH-dəki insanlar düşündü ki, niyə bu qədər partiya, şəxs bir araya gəlmir ki, bütün siyasi proseslər kimlərinsə ümidinə qalır? Onlar da şəxsi, korporativ maraqlarına görə mübarizə aparırlar. AXH-də məqsəd müxalifətdə yeni mərkəzin yaradılması idi. İlk başda AXH-nin təsisi ilə bağlı fikir ayrılığı oldu, bəzi partiyalar, məsələn, Azərbaycan Demokrat Partiyası, Ümid Partiyası və Xalq Partiyasının sədrləri Sərdar Cəlaloğlu, İqbal Ağazadə və Pənah Hüseyn İdarə Heyətində təmsil olunmadılar. Təsis sənədinin imzalanması və digər məsələlərlə bağlı bəzi anlaşılmazlıqlar, iradlar da oldu. AXH yarandı, müxalifət arenasında nəzərdə tutulan hədəflərə çatıldı.

    İndi bəzən iş prosesində fikir toqquşmaları olur. Amma çalışırıq ki, məqsədlərlə bugünkü fəaliyyəti uzlaşdıraq. Hər şeyin düz getdiyini də demək olmaz. Nə qədər ki, hakimiyyətdə deyilik, deməli, nəyisə düz etmirik. Hər halda çalışırıq ki, o hədəflərə doğru gedək. İndi nə qədər alınacaq, alınmayacaq, zaman göstərəcək.

    - AXH-nin yarandığı dövrdə göz önündə İsgəndər Həmidov vardı və belə rəy formalaşırdı ki, bu qurum məhz onun təşəbbüsü ilə yaranır. Ancaq dediklərinizdən belə anlaşılır ki, tək təşəbbüskar o deyilmiş.

    - İsgəndər Həmidov təşəbbüskar kimi çıxış etdi, görüşlər keçirdi, öz adını bu işə qoydu. Bəzi insanlar üçün kompleks var ki, məsələn, filankəs cavandır, mən niyə onun təşəbbüsünə qoşulmalıyam? Yəni İsgəndər Həmidovun simasında bu təşəbbüs təqdim olundu. Amma təbii ki, AXH tək İsgəndər Həmidovun təşəbbüsü deyildi. Burada sosial şəbəkələrdə təbliğat aparanlardan, lap internet televiziyalardan tutmuş bizə qədər, hətta bu gün AXH İdarə Heyətində təmsil olunmayan Pənah Hüseynin də, İqbal Ağazadənin də, Sərdar Cəlaloğlunun, o cümlədən İdarə Heyətində təmsil olunan Mirmahmud Mirəlioğlunun da, mənim də rolumuz vardı. Əsas sima kimi də İsgəndər Həmidov önə çıxırdı, bizim də etirazımız yox idi. Amma AXH-nin yaranmasında məqsəd kimisə lider elan etmək deyildi.

    - Son toplantıdakı görüntülərdə sizi səbirdən, hövsələdən çıxmış gördük. Nə baş verdi ki, çərçivələr aşıldı?

    - O toplantıda bir qədər emosional gərginlik oldu. Həm İdarə Heyətinin iclasının gedişi, həm mənim özümə qarşı haqsızlıq hesab etdiyim bəzi nüanslar oldu. Mənim üçün fərqi yoxdur ki, haqsızlıq istər hakimiyyət, istərsə müxalifət, istər dostum tərəfindən, istərsə də ailədə olur. Haqsız saydığım mövqeyə görə emosional olmaq təbii reaksiyadır. Həm də o proses bir qədər uzun çəkdi, bəzi insanlar iclasa müdaxilələr etdilər. Dönəm sədri kimi iclası apardığım üçün mənim üçün ikinci gərginlik yaradan amil iclasın normal gedişinə nail olmaqla bağlı idi. Otaqda İdarə Heyətinin üzvlərindən başqa ümumiliklə 50-dən çox insan vardı. Onların da bəziləri iclasa müdaxilə edir, söz istəyir, bəzən İdarə Heyəti üzvlərindən kiminsə sözünü kəsirdilər. Bu da təbiidir, adi insanlardır, onların bir çoxu siyasi proseduru bilmirlər.

    - Sizi bu qədər səbirdən, hövsələdən çıxaran əsas məqam nə idi?

    - O gün mənə ünvanlanın ittihamların, iddiaların da AXH-nin Əsasnaməsi ilə heç bir əlaqəsi yox idi. Məsələn, iddialardan biri o idi ki, müsahibə vermisən, müsahibədə demisən ki, 1990-cı illərin yaşlıları getməlidir, artıq gənclər gəlməlidir. Bir iddia da o idi ki, bəzi siyasi partiya liderləri ilə görüşlərin olub, danışmısan, parlament seçkilərindən, birləşməkdən danışmısan. Digər iddia da o idi ki, qeydiyyatlı, qeydiyyatsız partiyalar məsələsini qaldırmısınız.

    - Bunların heç biri həqiqət deyildi?

    - Həqiqət deyildi. Əslində məsələ necədir? Bir gün qabaq Pənah Hüseyn yaşlı nəslin, mən isə gənc nəslin nümayəndəsi kimi fikrimizi bildirmişdik. Demişdim ki, ağsaqqallarla gənclərin birgə sinerjisi ilə siyasi mübarizə olmalıdır, qarşı-qarşıya durmaq olmaz. Hətta özümü də nümunə göstərmişdim ki, baxın, ağsaqqallarla birtəhər dil tapmışam. Lap tutaq ki, müsahibədə kəskin formada deyəydim ki, 90-lar getməli, gənclər gəlməlidir. Bu, AXH Əsasnaməsinin hansı bəndinə ziddir? Mən bəyəm AXH-nə qoşulanda öhdəlik götürmüşəm ki, bütün müsahibələrimi kimlərləsə, yaxud kiminləsə razılaşdıracağam? Mən ayrı bir partiyanın sədriyəm, əgər kiməsə hesabat verəcəmsə, bu, öz partiyamdır. Mən İdarə Heyətinin iclasında dedim ki, Əsasnamənin hansı bəndinə görə burada bu məsələni qaldırırsınız? Yaxşı edib müsahibə vermişəm, nə demişəmsə, yaxşı etmişəm. Bunun AXH-nə nə aidiyytı var? Hətta onların dediyi formada müsahib versəydim belə, bu, mübahisə mövzusu ola bilməzdi.

    Kimlərləsə də görüşməyimə gəlincə, yenə də biz ayrı partayayıq. AXH-nin Əsasnaməsi var, Hərəkatda olan partiyalarla, yaxud burada olmayan partiyalarla görüş keçirməyə qadağa yoxdur. Dedim ki, müttəfiq partiyalar, o cümlədən rəqiblərimiz var, görüşəcəyik, nə istəsək, nədən istəsək, danışacağıq. Bunun AXH-nə nə dəxli var? Filankəslərlə görüşmüşəmsə, yaxşı etmişəm, seçkidən danışmışamsa da, yaxşı etmişəm. Bunun AXH-nə nə aidiyyatı var? İndi AXH-də seçkiyə qatılmaq və qatılmamaqla bağlı fikirlər var. Amma bizim seçkilərlə bağlı qərarımız yoxdur. Heç AXH-də də müzakirə olunmayıb ki, növbədənkənar parlament seçkiləri, yaxud bələdiyyə seçkiləri olacaqsa, AXH bu seçkidə iştirak etsin, etməsin. AXH-də seçki məsələsi müzakirə edilməyib, qərar ümumiyyətlə, yoxdur, amma bunlar seçkidən danışırlar. Pənah Hüseyn, İqbal Ağazadə, Sərdar Cəlaloğlu və digərləri ilə görüşmüşəmsə, yaxşı etmişəm.

    Məni əsəbiləşdirən bu qədər haqsız iradlar oldu. Təhlükəlisi də odur ki, AXH İdarə Heyətinin iclası efirə canlı gedir, düşünürsən ki, baxan insanlara öz fikrini çatdıra bilməsən, insanların yaddaşında qalacaq ki, Tural burada nə isə neqativ əmələ yol verib ki, bu məsələ qaldırılıb, yoxsa bu qədər hay-küy olmazdı. İdarə Heyətinin üzvü olmayan və orada iştirak edən insanlardan siyasi savadı zəif olanlar da bəzən müdaxilə edirdilər. Axı bu iclas canlı yayımlanır, insanların yaddaşında qalır ki, Tural Abbaslının separat danışıqları müzakirə olundu. Separat danışıqlar nə imiş?! Başqa partiyalarla görüşüb, danışıb. Tural Abbaslının İdarə Heyətinin çıxarılması barədə məsələ səsverməyə çıxarılarkən də kimsə öz mövqeyini saxladı, sona qədər əleyhimizə səs verdi, amma təbii ki, bu, keçmədi. Çünki bu qədər əsaslı arqumentlərim vardı.

    - İdarə Heyətinin həmin iclasından sonra görüşdünüz?

    - Həmin iclasdan sonra İsgəndər Həmidovla görüşməmişik. İsgəndər Həmidov o məsələləri hansı səbəbdən, niyə qaldırmışdı, niyə cəhd etmişdi, onun işidir. Mən buna siyasi proseslərin tərkib hissəsi kimi baxıram. Kimsə qarşıdurmanı uzatmağa, gərginlik yaratmağa çalışacaqsa, bu, başqa məsələdir. Təbii ki, bu qalmaqal mən də daxil olmaqla, İdarə Heyətinin üzvlərində bəzi məsələlərə dəyişiklik etmək fikri yaratdı. Yəqin ki, biz bu günə qədər nəyisə düzgün etmirik ki, bu anlaşılmazlıq ortaya çıxıb.

    - Məsələn, İdarə Heyətinin iclaslarının canlı yayımını dayandırmaq təklifi var?

    - Mən bütün iclasların canlı verilməsinin əleyhinəyəm. Bundan əvvəl Nemət Pənahlının məsələsi gündəmdə idi. Təklif etmişdim ki, iclasın Nemət Pənahlının məsələsinin müzakirə ediləcəyi hissəsi qapalı olsun. Amma təklif qəbul edilmədi. Mənim məsələm də iclasda sürpriz kimi ortaya çıxdı.

    - Yeri gəlmişkən, bir çoxları son iclasdan sonra deyir ki, o toplantılar 1990-cı illərdən fərqlənmir, həmin insanların nə xarakterləri, nə davranışları dəyişib. Siz necə fikirləşirsiniz?

    - Bu rəy məsələsi subyektivdir. Biz orada özümüzü bir-birimizə deyil, cəmiyyətə təqdim edirik. Cəmiyyətin qiymətini də hamımız qəbul etməliyik. Mənə elə gəlir ki, hər kəs özünə aid olan hissəni götürür. Mən bu barədə nə isə desəm, qərəzli görünə bilərəm.

    - Formata baxsaq, özünüz də dediniz ki, təsisçi kimi yer alsalar da, Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Pənah Hüseyn İdarə Heyətində oturmaq istəmədi.

    - Elə təəssürat yaranmasın ki, onlar deyiblər ki, İdarə Heyətində kimlərsə var, biz ona görə orada olmaq istəmirik. Bəlli bir iş planı, təqvim qəbul olunmuşdu. Bəzilərinin ola bilər ki, prosesin aparılmasına, məsələn formata narazılığı oldu. Tutaq ki, bəziləri dedi ki, hamı bir arada olmalıdır, yaxud 3-5 nəfər toplaşmalıdır. Yəni müxtəlif səbəblər oldu. Ümumiyyətlə, birlik məsələsi qəliz prosesdir. Ona görə deməzdim ki, adını çəkdikləriniz İdarə Heyətinin tərkibinə görə gəlmədi. Ola bilər ki, bəzilərinin prosedura, bəzilərinin Əsasnaməyə, bəzilərinin təqvimə münasibəti fərqli olduğu üçün onlar İdarə Heyətində yer almadılar. Amma ADP də, Ümid Partiyası da özlərini AXH-nin üzvü hesab edirlər.

    - Bəs Pənah Hüseyn?

    - İndi fikrini bilmirəm. Deyəsən, indi AXH-nin üzvü deyillər. Yalan deməyim. Mən bilən Pənah Hüseyn və partiyası AXH-də iştirak etmir. Deyəcəksiniz ki, İdarə Heyətinin üzvüsünüz, bilmirsiniz?! Biz bunu harada bilə bilərik? Bir tədbir, böyük mitinq keçirsək, orada artıq görərik ki, kim real dəstək verir.

    - Lakin Sərdar Cəlaloğlunun Nemət Pənahlı ilə bağlı son müsahibəsinə baxanda vəziyyət sizin dediyinizdən daha gərgin görünür...

    - Sərdar Cəlaloğlunun İdarə Heyətində yer almaması Nemət Pənahlıya görə olmadı, lazım bilsə, səbəbi özü elan edər.

    - Nemət Pənahlı ilə bağlı məsələ də əslində açıq qalıb. Nə baş verdi ki, sonda da tək İdarə Heyətindən deyil, ümumiyyətlə, AXH-dən də çıxarıldı?

    - AXH-də Nemət Pənahlı təsis bəyanatına imza atan partiyalardan birinin sədri idi. Sadəcə, həmin ərəfədə İdarə Heyətinə seçilməmişdi. Səhv xatırlamıramsa, Nemət Pənahlının İdarə Heyətinə düşməməsi texniki səbəblərdən olmuşdu. Sonra iş prosesi getdikcə razılıqlar, narazılıqlar olur. Gedib kiminləsə oturub AXH daxili məsələləri müzakirə edirəm, kimsə mənimlə müzakirə edir, ikinci şəxs gedib bu məsələləri üçüncü şəxslə müzakirə edir. Bütün bu gediş-gəlişərdə ola bilsin ki, müəyyən şəxsi, siyasi narazılıqlar yaranır.

    Mən sona qədər Nemət Pənahlının əleyhinə səs vermədim, son iclasda da bitərəf qaldım. Zatən, təqribi bilinirdi ki, İdarə Heyətində böyük əksəriyyət Nemət Pənahlının getməsinin tərəfdarıdır. Mənim üçün isə Nemət Pənahlının qalması daha məqbul idi. Guya Nemət Pənahlı getdi, nə qazandıq, qalsaydı, nə itirəcəkdik?! Guya bu gün hakimiyyətə gəlib, Nazirlər Kabinetini bölürük?! Mən belə düşünürəm.

    - Bütün bunlardan sonra AXH-nin gələcəyini necə görürsünüz? Bu gedişlə Hərəkat yaşaya biləcəkmi, nə qədər yaşayacaq?

    - “AXH qalmalıdır, bu dağılsa, dünya dağılacaq”, yaxud “AXH qalsa, hər şey yaxşı olacaq” deyə bir şey yoxdur. Mənim üçün əsas odur ki, insanların ümidləri qırılmasın. İllərdir ki, müxalifət olaraq insanların ümidlərini doğrultmuruq. Demirəm ki, AXH bitib, tükənib, tarixə qovuşmalıdır. Məsələlər də kameralar qarşısında deyil, qapalı, səmimi ortamda müzakirə olunmalıdır. Məqsəd birdirsə, bir-birimizə qarşı mübarizə aparmamalıyıq. Mən çalışacağam ki, AXH yaşasın və oradakı mühiti sağlamlaşsın. Buna nail olub-ola bilməyəcəyəm, başqa məsələdir. Bəlkə siz gələn həftə məni dəvət edəcəksiniz ki, gəlin AXH-nin dağılmasının səbəblərindən danışaq...

    Tural Abbaslı: "Yaxşı edib müsahibə vermişəm, nə demişəmsə, yaxşı etmişəm" - MÜSAHİBƏ

    Tural Abbaslı: "Yaxşı edib müsahibə vermişəm, nə demişəmsə, yaxşı etmişəm" - MÜSAHİBƏ

    Tural Abbaslı: "Yaxşı edib müsahibə vermişəm, nə demişəmsə, yaxşı etmişəm" - MÜSAHİBƏскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.