• Rus Dili
  • Reklam
    » » Söz və göz mədəniyyəti - Rəvan Şirvaninin yazısı
    

    Söz və göz mədəniyyəti - Rəvan Şirvaninin yazısı

    20-05-2019, 18:33
    Oxunub: 304
    Şərhlər: 0
    Çap versiyası
    Söz və göz mədəniyyəti - Rəvan Şirvaninin yazısıSÖZ VƏ GÖZ MƏDƏNİYYƏTİ

    Qərb və Şərq (Aralıq dənizinin şərqi) mədəniyyətinin köklərində yatan əsas idrak metodları:


    Rəvan Şirvani.
    AĞ partiyasının
    ideologiya üzrə katibi


    Önsöz

    “Conatus”, insanın təməl ehtiyacı gərəyi özünü istəməsi və sevməsi. Spinozanın dili ilə desək, konatus insanın yaşamını sürdürməsi, həyatda qalma istəyidir. Məhz bu labüd və təməl ehtiyacı gərəyi tarix boyu insanoğlu daima yaşamda qalmanın, var olmanın mübarizəsini vermişdir. İnsanoğlunun bu mübarizə prosesi özüylə bərabər çözüm və həll yolları ortaya çıxarmışdır.

    Bu çözüm və həll yolları ümumilikdə mədəniyyət adlanmaqdadır.

    Mədəniyyət bir cəmiyyətin adəti, ənənəsi, inancı, bayramı, mərasimi, ritualı, sənəti, bir sözlə həyatla bağlı təcrübələrinin toplumıdır.

    Mədəniyyət bir cəmiyyətin inanma, yaşama, hiss etmə və həyata məna vermə birikimi və təcrübəsidir.

    İnsanlıq tarixində hər bir cəmiyyətin özünə xas mədəniyyəti vardır. Bu özünəxaslılıq demək, bir cəmiyyətin əşyanı, təbiəti və insanı yorumlama (təsvir etmə), qiymət vermə və şərh etməsidir.

    Və bu yorumlama (təsvir etmə), qiymət vermə özlüyündə dünyanı dərk etmə, qavrama formasını da ortaya qoymuşdur. Dünyanı qavrama forması isə ümumi anlamda desək əşyanı (var olan hər şeyi anlamında) şəkilləndirmədə ortaya çıxmışdır.

    Məsələn dairəvi hərəkəti kamillik və ya tamamlanmışlıq olaraq qavrayan və ya idarak edən bir mədəniyyət bunu məbədinin kümbəzində (dairəvi), kralının tacında ortaya qoymuşdur. Çünki kamillik və ya tamamlanmışlıq tanrıya xas bir keyfiyyətdir. Məbəd tanrının evi, kral isə tanrının yer üzərindəki təmsilcisidir.

    Hələ 14-cü əsrin sonlarında sosiolojinin banisi İbn-i Xaldun “Müqəddimə” əsərində hər bir ümranın (mədəniyyət) yaranmasını incələyərək aşağıdakı tezisi ortaya qoymuşdur.

    Bu tezisə əsasən hava və iqlim şərtləri insanın fiziki strukturu, rəngi, əhval-ruhiyyəsi və əxlaqı üzərində rol oynamışdır. Coğrafi şərtlərin bol və ya qıt qida maddələri verməsi insanların fiziki və ruhi keyfiyyətlərinə təsir etmişdir. Bu təsirlər isə özlüyündə həm siyasətə həm də idarəçiliyə özünə xas tövhəsini vermişdir.1

    ---------------------------------------------------
    1İbni Haldun; Mukaddime, s.68

    Bu və ya buna bənzər faktorlar insanoğlunun mədəni çeşidliliyini yəni, təkrar vurğulasaq əşyanı, təbiəti və insanı yorumlama (təsvir etmə), şərh etmə və qiymətləndirmə formasını ortaya qoymuşdur.

    İnsanlıq tarixi açısından bu çeşidlilik önəmlidir. Bunlar insanoğlunun var olma və ya həyatda qalma mübarizəsində ortaya qoyduğu zənginliklərdir.
    Bunlar insanoğlunun fərqli açılardan, perspektivlərdən həyata baxışlarının məcmuasıdır.

    Bu gün, müasir dünyada ana mədəniyyət xəttlərindən biri köklərini və ənənəsini yahudi-xristian, yunan-roma mədəniyyətindən alan qərb2 , digəri isə köklərini və ənənəsini türk, ərəb və iran mədəniyyətindən alan şərq(aralıq dənizinin şərq hissəsi) yəni İslam təfəkkürüdür. 3

    Bu, təməlində fundamental fərqlilik olan iki mədəniyyət. Biri bu gün dünyanı monotonlaşdırmaq istəyərək, tək tip etmə cəhdi (qərb mədəniyyətinin dünyaya hökm eləmə cəhdi, fərqli mədəniyyətləri yox etmə və fossilləşdirmə çabaları) göstərən qərb mədəniyyəti, digəri isə buna yeganə müqavimət göstərən, qarşısında dayanan və dayanma gücü olan İslam mədəniyyəti.

    Qərb standartları başlığı altında müsəlman mədəniyyətinə aşılanmağa və sırınmağa çalışılan dəyərlər məcmuası təkidlərə rəğmən işləmir, istənilən nəticəni vermir. Hətta zehni qərb tərəfindən işğal olunmuş yerli aydınlar belə qərb standartlarının bizim tərz mədəniyyətlərə işləməməsini, yerləşməməsini heç bir halda elmi müstəvidə çözə bilmir.

    Bu mövzuda yazılan və ya söylənən fikirlər isə giley və şikayət tərz emosional təpkidən o tərəfə keçə bilməməktədir. Ən ucuz və asan yöntəm hətta “doğru” olaraq bilinən bir yöntəm isə, hər şeyin siyasi hakimiyyətin üstünə atılmasıdır.

    Bəs görəsən həqiqətən bu belədirmi? Heçmi başqa fikir və ya yorum ola bilməz?

    Məsələn gələk ortaya çıxan təməl suallara:

    Görəsən, təfəkkür mərkəzində ana fikir “itaət et” olan bir mədəniyyətin nümayəndəsi, təfəkkür mərkəzində ana fikir ”hürriyət” olan bir mədəniyyət nümayəndəsi ilə eyni anlayışa sahib ola bilərmi?
    Və yaxud şəffaflıq (transparency) anlayışının köklərinin katolizmdə yatan “günahların etirafı və bağışlanması” ritualından gəlməsi nümunəsi, İslam mədəniyyətində isə “günahların etirafı“ ritualının yasaq olması şərti?
    Məlum məsələdir ki, mülkiyyət və ona baxış siniflərin ortaya çıxmasına səbəb olan amildir. Məsələn qərb dünyasında mövcud olmuş aristokratiya, burjaziya, proletariya anlayışı kimi siniflərin olması buna qarşı İslam mədəniyyətində bu tərz sosial siniflərin olmamsı? Bilindiyi kimi qərb dünyasında bu siniflərin sosial statusu və təsiri vardır. Buna əsasən haqq və hüquqlar mövcud olub tənzimlənirdi. Qərb mədəniyyətinin inkişafında burjuvaziya mübahisələri önəmli rol oynayıb. İslam mədəniyyətində insanların bacarıqları(mühəndis, dəyirmançı, dükançı v.s) insanı insan edən təməl ünsürlər içində yer almamaqdadır. İslam təfəkküründə insanlar yalnız təqvada üstün ola bilərlər. İnsani bacarıqlar İslam mədəniyyətinə görə dəyişə biləndir yəni sabit deyildirlər. İslam mədəniyyətində insan dəyişməyən şeylə öyünər. Dəyişməyən şeylər isə xarakter və əxlaqdır.

    Və yaxud xristian mədəniyyətində “Adəmi cənnətdən qovduran” Həvvanın timsalındakı neqativ qadın obrazı, qərb təfəkkür ənənəsində yer alaraq sadizm, mazoxizm (lars v. Trierin nemfomaniak; instiklərin kökünə qədər istifadə olunaraq şəfa tapılması) kimi davranışların ortaya çıxmasına səbəb olmuşdur. Haqlı feminizm hərəkatının yaranmasının köklərində qadınla barışıq olmayan bu inanc yatmaqdadır. Köklərində bu tərz inanc və hallar olan bir mədəniyyətin nümayəndəsinin baxışı ilə köklərində bunun əksi olan bir mədəniyyətin nümayəndəsinin qadına baxışı eyni ola bilərmi?

    Bu və ya bunun tərz fundamental sualları çoxaltmaq və uzatmaq olar. Burda əsas düşünülməsi labüd olan nüans budur ki, təməl istinad nöqtələrində fərqliliklər olan iki ayrı mədəniyyətin dünya təsvirləri, yorumları da doğal olaraq fərlilik göstərəcəkdir.

    Mövzunun xülasəsi budur ki, bir qərbli ilə bir şərqlinin (müsəlman) həyata adaptasiyası qabiliyyəti eyni deyildir. Hər bir mədəniyyətin özünün, bir sözlə əşyanı, təbiəti və insanı fərqli yorumlamsı (təsvir etmə) nəhayətində fərqli nəticələri, fərqli strukturları ortaya çıxarır və ya çıxara bilər.

    Dolaysıya bir mədəniyyətə aid olan sosioal-siyasi qavramlar, təşkilatlanmalar, hər hansı bir hadisə qarşısında verilən reaksiya və təpkilər qarşı mədəniyyət nümayəndəsi olan cəmiyyətlərdə eyni olmayacaqdır və işləməyəcəkdir.

    Modern dünyada müsəlmanların qərblilərə çirkin, xoş olmayan və yanlış kimi görünən qaydalarının və adətlərinin kökləri, onların tarixi təcrübəsindən qaynaqlanmaqdadır. Bu qaydalar və adətlər onların öz reallıqlarına uyğun çözüm və həll yollarıdır. Qərb təfəkkürü bunu anlaya bilmədiyi üçün öz subyektivliklərini biz müsəlmanlara təkidlə aşılamağa çalışmaqdadırlar.

    “Proqres və ya İnkişaf” başlığı altında bizə aşılanan və ya sırınmaq istənən qərb standartları, bizim baxımdan əşyanın və cəmiyyətin formasının dəyişdirilmə cəhdindən başqa bir şey deyildir.

    Və bu gün bu formanın dəyişdirilməsinə müqavimət göstərən İslam mədəniyyəti qərb mediası sayəsində elə formada barbarlaşdırılır ki, çox təəssüf ki, başlayan hər hansı bir bir savaş, atılan hər hansı bir bomba insanların vicdanını sızlatmır.

    Təkrar desək qərbin “dəyişməyəcək” şeyləri “dəyişdirmə” cəhdi biz müsəlmanlara baha başa gəlir. Hər şeyə rəğmən, bizə düşən isə bu “dəyişməyəcək” olan şeylərin ana kökləri üzərində düşünmək və araşdırma etməkdir.

    Burada əsas olan və ya olması gərəkən isə bütün bu çeşidliliyi və fərqliliyi əhatə edəcək, ona anlam qatacaq ana tezislərin tapılması və incələnməsidir.

    Bu gün üzərində durduğum mövzu da bu fərqliliklərin olmasında 100 faiz üzərindən 'X' faiz təsir edən mövzulardan birirdir. X% yəni, bunu ölçə bilmərəm lakin bəlli bir təsiri vardır.

    Öncəliklə qeyd edim ki, mövzumuzun içində rasional düşüncə və irrasional düşüncə ana tezisləri də bir başqa incələnməsi lazım olan sahədir. Və növbəti aylarda bu mövzuya toxunacağıq.

    ------------------------------------------------------------------------------------------
    2Alev Alatlı, Batıya yön veren metinler, cilt 1
    3Alev Alatlı; Bize yön veren metinler, cilt 1
    4İslam mədəniyyətinin ana yasası sayılan Qurani Kərimin ana fikrinin hürriyət deyil, itaət etmə üzərinə olması
    5Qərb mədəniyyətinin ana fikrində hürriyətin, azadlığın olması mərkəzdə olması
    649/ EL-HUCURÂT -13


    Söz və Göz Mədəniyyəti

    Göz və söz mədəniyyəti eşitmə ilə görmə qavramlar ilə bağlıdır. Eşitmə qulağı, görmə isə gözü əsas alır.

    Gözə aid olan və ya gözlə bağlı olan cismi, maddəyi qavrayar, idrak edər. Səs isə qulaq vasitəsiylə içəri daxil olar və beyində kəşf olunar.

    Görmə (baxma) ana xəttiylə geometrikdir və məkan kateqoriyası ilə əlaqəlidir. Eşitmə isə aritmetikdir və zaman kateqoriyası ilə əlaqəlidir.

    Fransız tradisionalist René Guénona (Şeyh Abdülvahit Yahya) görə , gözün görməsinin məkanla, qulağın eşitməsinin isə zamanla birbaşa əlaqsi vardır.

    Görsəl/görüntü simvolunun parçaları eyni zamanda ifadə edildiyi halda, səsli simvolun parçaları isə ard-arda ifadə edilir.

    Yəni, görmədə ən böyük xüsusiyyət bir axışın olmamasıdır. Görmədə qalıcılıq və hərəkətsizlik vardır. Əksinə, sinxronluq, eyni zamanlılıq vardır.

    Eşitmədə isə ardıcıllıq (ritm) prinsipi vardır və sinxronluq yoxdur. Sinxronluq olmadığına görə də qalıcılıq yoxdur.

    Reneyə görə, məhz bu səbəbdəndir ki, köçəri olamayan cəmiyyətlərdə plastik sənətlər (rəsm, heykəltaraşlıq, memarlıq, kimi məkan içində açılan şəkillərin sənəti ), köçəri cəmiyyətlərdə isə səslə bağlı (fonetik) sənətlər (musiqi, şeir: zaman içində axıb(ritm) gedən şəkillərin sənəti) ortaya çıxmışdır.

    Tarixində köçərilik olmayan cəmiyyətlər bir yer və ya məkanda daima yaşadıqları üçün məkanda idrak etmə, qavrama və estetika yönləri güclü olmuşdur. Yəni, bu xalqların idrak düzeyində məkanın rolu dominantdır.

    Tarixində köçərilik olan cəmiyyətlərin idrakını təyin edən isə zaman qavramı olmuşdur. Daima yer dəyişdirdikləri üçün məkanla yəni qalıcı olanla əlaqələri, irtibatları və əlaqələri zəif olmuşdur. Buna görə də, zaman qavramıyla bağlı yönləri güclü olmuşdur və təməlində ritm olan sənətlər daha dominant olmuşdur.

    Yuxarıdakı qısa haşiyədən çıxarılan qənaət bunu göstərməktədir ki, görmənin təbiəti ilə eşitmənin təbiəti iki ayrı qavrama, düşünmə və idrak formasını ortaya çıxarmaqdadır.

    Məhz elə buna görə, qərb və şərq mədəniyyətinin fərqliliklərinin kökündə yatan əsas səbəblərdən biri də bu faktordur.

    Qərb göz mədəniyyətinə şərq isə söz mədəniyyətini aiddir.

    Yəni, qərblilər dünyanı gözləri ilə, şərqlilər isə qulaqları ilə idrak edirlər. Başqa bir ifadə isə desək, qərb gözləri, şərq isə qulaqları tərbiyə edilmiş iki ayrı mədəniyyətdir.

    Tarixdə bir çox alim görmə və eşitmə ilə bağlı əsərlər yazmışdır. Bəziləri görmənin üstünlüyünü bəziləri isə eşitmənin üstünlüyünü müdafiə etmişlərdir.

    Məsələn, Leonardo Da Vinçi Paragone (Müqayisə) əsərində rəsim (göz) ilə şeir vəmusiqini (söz/qulaq) qarşılaşdıraraq rəsim sənətinin digər sənətlərdən üstün olduğunu iddia etməktədir.

    Digər tərəfdən İslam alimlərindən İbn Kuteybe (öl. 889) hələ IX. əsrdə görmənin eşitmədən üstün olduğunu söyləmişdir.

    Ayrıca 10-cu əsrdə yaşamış başqa bir İslam alimi riyaziyyatçı və əşari kəlamçısı Abdulkahir Bağdadi (öl. 1037) kəlam elmi ilə məşğul olan alimlərin görməni eşitmədən üstün tutduqlarını digər tərəfdən isə fəlsəfəçilərin isə eşitməni görmədən üstün tutduqlarını öz əsərlərində bildirmişdilər.

    Tarixə göz atdığımızda görərik ki, xristian mədəniyyətində mövcud olan oxuma-yazma imkanlarının məhdudluğu şəkillər və ikonların önəmini ortaya çıxarmışdır. Hətta 6-cı əsrdə yaşamış Papa Gregorius Magnusa (540-604) görə həriflər oxuma-yazma bilənlər üçün nəyi ifadə edirdisə rəsimlər və ikonlar da bilməyənlər üçün eyni şeyi ifadə etməkdə idi.

    Qərb təfəkkürünün görsəllik/görüntüyə yatqın olmasının təməlində Yunan-Roma təcrübəsi ilə bərabər plastik sənətləri və sənətçiləri əsrlərcə himayə edən Vatikan və onun timsalında kilsə olmuşdur.

    Digər tərəfdən müsəlman mədəni təcrübəsində isə söz mədəniyyəti öz dominantlığını göstərmişdir. Xristian mədəniyyətinin əksinə görsəllik/görüntü bu mədəniyyətlər üçün bir “dolayımsızlıq (pərdəsiz)”halı olaraq idrak edilmişdir.

    Şərq mədəniyyəti görsəllik/görüntüdə bir təşhir(sərgi,ifşa) yönü görüdüyü üçün birşeyi bilmə və anlama prosesində hər zaman “dolayımı” tərcih etmişdir. Bu “dolayım” eşitmənin vasitəsi olan qulaqdır. Yəni şərq mədəniyyəti “görərək” bilmək və anlamaq yerinə “eşidərək” bilmək və anlamağı üstün tutmuşdur.8

    Əsrlər boyu müsəlman təfəkkürü duyğu və düşüncələrini şəkillər (göz)vasitəsiylə deyil kəlimələr (söz) vasitəsiylə ifadə etmişdir.

    Bir düşüncə adamının ifadə etdiyi kimi desək, müsəlman təfəkkür, duyğu və düşüncələrini dilə gətirməsinə baxmayaraq gözə gətirməkdən daima qaçmışdır.9

    Bu gün İslam dünyasında xüsusilə rəsm və heykəllə arasının pozitiv olmamasının ( Məs:məzar daşlarında şəkillərin haram sayılmasının) köklərində söz mədəniyyətinin təsirləri yatmaqdadır. Çünki İslamda belə bir əmr yoxdur. Hətta az bilinən bir rəvayətə görə, Məkkənin fəth olunmasından sonra Peyğəmbər (SAV) əfəndimiz Kəbənin içindəki bütləri bir-bir qırıb, parça-parça etdikdən sonra divarda çəkilmiş fresklərin də silinməsi əmrini vermişdir. Lakin sadəcə Hz.Məryəmin qucağında oğlu Hz.İsa (Maesta freski) ilə olan freskin saxlanılması əmrini vermişdir. Bu fresk uzun müddət Kəbənin içərisində qorunub saxlanmışdır. Daha sonra Əməvilər dönəmində çıxan ixtilaflarda tamamən gətirməkdən daima qaçmışdır.10

    Düşüncə dünyası baxmından baxdığımızda qərbin filosofları və fəlsəfi əsərlərinə qarşı şərqin şairləri və şeirləri eyni mahiyyəti daşımaqdadır.

    Başqa bir ifadə ilə desək qərb təfəkkürü gözə düşkünüdür, gərçəyi və həqiqəti bütün çılpaqlığı ilə görmək və göstərmək istəyər. Van Goghun diliylə desək, “kəndli qadın şəkli çəkmək istədiyimdə onun tam mənasıyla kəndli olmasını istəyirəm. Bir fahişənin rəsmini çəkdiyimdə isə, o zaman qadının üzündə tam mənasıyla fahişəliyin görünməsini istəyirəm.”

    Şərq təfəkkürü isə dilə düşkündür. Dolayımı, mistikliyi, sirli və örtülü olanı xoşlayar və seçər. Yəni, bütün çılpaqlığı ilə əşyanı (həyata dair olan) idrak etmə ona yaddır. Bir düşüncə adamının dili ilə desək qadınları belə “soyunduraraq” deyil, “örtərək ” ucaldar, yüksəldər. Hətta Tanrını belə görmək məqbul deyildir əksinə ona yanaşmaq, yaxınlaşmaq daha məqbuldur. Xülasə, ovuclamaq deyil, toxunmaqdır şərq təfəkkürü.11

    Qərb təfəkkürünün əksinə şərq təfəkküründə dolayımın (pərdə) olmasının və çılpaqlığın olmamasının ən ana səbəbi sizin özünüzün anladılan şeyi kəşf etmənizin/bilməniz istənməktədir. Yəni, anladılan şey qabaca desək gözünüzə soxulmur. “Ala buyur, mən bunu etdim, çəkdim bax gör” tərz yanaşmalarla siz əzilmirsiniz. Əksinə bunu sizə sezdirərək, addım-addım anlamanız və fərq etməniz istənilir. Yəni, bu şərəf sizə verilir . Şərq təfəkkürü SÖZƏ önəm verdiyi üçün, əsas olan dinləməkdir, eşitməkdir. Dilimizdə hələ də mövcud olan “söz dinləmək” birləşməsi “itaət etmək” dəyərini daşıması da bundandır.

    Maraqlı olduğu üçün qeyd edim ki, hələ də kültürümüzdə olan örnəkləri sadalamaqla mövzumuzu bitirmək istəyirəm.

    Məsələn bu gün ev və ev ilə bağlı olan və dilimizdə belə istifadə olunan bir çox kəlimə qərb mənşəlidir. Villa, salon, tuvalet, duş, balkon, şifoner vs kimi kəlimələr. Bunlar məkanla bağı güclü olan mdəniyyətə aid mövzulardır.

    Digər tərəfdən şərq təfəkküründə xarabalıqların neqativ sayılmasının köklərində də məkanla deyil zamanla irtibatın güclü olmasının göstəricisidir.
    Və ya şərq təfəkküründə ayıb sayılanı mövzuların gözə aid olmasını göstərmək olar.

    Bizdə qərbin əksinə ayıb sayılan mövzular görüntü ilə bağlıdır. Söz ilə bağlı çılpaqlıqlar bizdə adi sayılmaqdadır.

    Populizmdən sıyırsaq bu gün də ölkəmizdə hələ də söz ilə əşyanın, dünyanın və insanın yorumlanmasında (təsvir edilməsində) istifadə olunan sahələr vardır. Şeir və meyxana nümunələri ictimai müstəvidə aktuallığını qorumaqdadır.

    -----------------------------------------------------------------------------------
    7Dolayımsızlıq: çılpaqlıq, pərdəsizlik
    8D.Cündioğlu: sözden göze
    9Kültürümüzdə olan “göz dəyməsi” inancına da vurğu edilmişdir.
    10D.Cündioğlu: Kabənin içindəki Maesta
    11D.Cündioğlu: Sözdən gözə
    12D.Cündioğlu: Şimdiki Zaman


    Və sonda söz ilə bağlı bizə xas olan bəzi deyimlər:
    Söz tutmaq, saxlamaq
    Söz vermək,
    Söz eşitmək,
    Söz götürmək,
    Sözü ağzında bıraxmaq,
    Sözü keçmək,
    Sözü dartmaq,
    Sözü yerə salmaq,
    Sözü uzatmaq,
    Sözündə durmaq,
    Sözünü balla kəsmək,
    Sözünü geri almaq,
    Söz ağızdan çıxar.



    İstifadə olunan qaynaqlar

    Ali Şeriati: Medeniyyet tarihi 1,2
    D.Cündioğlu: Sanat ve felsefe
    D.Cündioğlu: Mimarlık ve felsefe
    D.Cündioğlu: Sinema ve felsefe
    İbni Haldun: Mukaddime
    Alev Alatlı: Batıya yön veren metinler 1,2,3,4
    Alev Alatlı: Bize yön veren metinler
    D.Cündioğlu: Düşünce düşlenir
    D.Cündioğlu: Felsefe konuşmalarıскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.