• Rus Dili
  • Reklam
    » » “Ərdoğana qarşı Gül-Davudoğlu-Babacan ittifaqı uğur qazanmayacaq” - ekspert
    

    “Ərdoğana qarşı Gül-Davudoğlu-Babacan ittifaqı uğur qazanmayacaq” - ekspert

    10-07-2019, 09:30
    Oxunub: 107
    Şərhlər: 0
    Çap versiyası
    “Ərdoğana qarşı Gül-Davudoğlu-Babacan ittifaqı uğur qazanmayacaq” - ekspertPolitoloq: “AKP-dən qopmalar hakimiyyətə əsas rəqib olan CHP-nin işinə daha çox yarayacaq”
    CHP namizədi Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilməsindən sonra AKP iqtidarına, əsasən də prezident Rəcəb Tayyib Ərdoğana qarşı öz partiyasındakı silahdaşlarından ibarət müxalifət formalaşması prosesi müşahidə olunur. Sabiq prezident Abdulla Gülün, sabiq baş nazir Əhməd Davudoğlunun və keçmiş xarici işlər naziri Əli Babacanın yer aldığı proses iyulun 8-də Əli Babacanın AKP-dən istefası ilə praktiki mərhələyə qədəm qoyub.

    Qeyd olunur ki, Abdulla Gül, Əhməd Davudoğlu və Əli Babacanın birlikdə quracağı yeni partiyanın başında məhz Babacan dayanacaq. Buna münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə hələ Babacan istefa verməzdən öncə AKP-nin istiqamət partiyası olduğunu və Gül-Davudoğlu-Babacan ittifaqının iflasa uğrayacağını bəyan edib: “Bu xalqın və haqqın istiqamətidir. Biz bu istiqamətdə davam edirik. Bu istiqamətdən azanlar oldu. Röyalara dalanlar, mühəndislik hesabları ilə mövqe tapmağa çalışanlar, AKP-nin kölgəsini öz kölgəsi sananlar içi boş çuval kimi devriləcəkdir. Onların nə etdikləri deyil, bizim nə etdiyimiz önəmlidir”.

    AKP sözçüsü Mahir Ünal isə Əli Babacanın üzvü olduğu partiyadan istefa verib yeni partiya qurmaq istəyinə münasibət bildirib. Ünal siyasətdə doldurulacaq bir boşluq olmadığını qeyd edərək “Babacan məsələsinin siyasətdə heç bir qarşılığı yoxdur” - söyləyib.

    Bəs AKP-nin qurulmasından bu yana hər zaman ən üst vəzifələrdə yer alan Əli Babacanın hər şeydən imtina edib yeni partiya qurmaq istəməsinin səbəbi nədir?

    “Ərdoğana qarşı Gül-Davudoğlu-Babacan ittifaqı uğur qazanmayacaq” - ekspert


    Çıxışında bu suala cavab verməyə çalışan Mahir Ünal deyib: “Keçdiyimiz günlərdə böyük bir seçki gerçəkləşdirdik, güclü müxalif qrupların olmasına rəğmən, Türkiyədə səslərin yüzdə 50-sini, İstanbulda isə yüzdə 45-ni toplamağımız siyasətdə heç bir boşluğun olmadığını göstərir. Ona görə də Babacanın bu səbəbi əsas gətirərək yeni partiya qurmaq istəməsini doğru hesab etmirəm”.

    Ə.Babacan isə sosial şəbəkədə “Türkiyənin bu günü və gələcəyi üçün yeni bir çalışma başlatmaq qaçılmaz bir hala gəlib” qeydini edib.

    Siyasi analitiklər hesab edirlər ki, yaxın vaxtlarda Əli Babacanın ardınca yeni istefalar istisna deyil. Bəs AKP-dən istefa verənlərin, əsasən də Abdulla Gül, Əhməd Davudoğlu və Əli Babacanın birlikdə quracağı ehtimal edilən partiya AKP iqtidarına ciddi problemlər yarada bilərmi?

    Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, 31 mart bələdiyyə seçkilərindən sonra Türkiyə siyasətində kəskin qütbləşmə baş verib: “Yəni artıq hakim iqtidar partiyası olan AKP-nin parçalanmasına yol açacaq bir proses başlayıb. Çünki uzun illər AKP-nin sıralarında olan Abdulla Gül, Əhməd Davudoğlu və Əli Babacan artıq partiyadan ayrılıb yeni siyasi təşkilat yaradaraq hakimiyyət uğrunda mübarizəyə başlamaq istəyirlər. Burada əsas plan Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən salmaq və öz siyasi aktivlərini qurmaqdır. Hesab edirəm ki, bununla bağlı Qərbin də mühüm layihəsi var. Çünki Qərb dövlətləri Ərdoğanın hakimiyyətdən getməsində maraqlıdır. Odur ki, onlar AKP-nin parçalanması üçün müəyyən cəhdlərdə bulunacaq. Abdulla Gül, Əhməd Davudoğlu və Əli Babacan Qərbə qarşı daha loyal münasibət sərgiləyirlər. Artıq onlar Ərdoğanın siyasətinə qarşı Qərblə müəyyən anlaşmaya gediblər. Belə ki, onlar Qərblə qarşılıqlı müstəvidə əlaqələrə daha çox üstünlük verirlər”.

    “Ərdoğana qarşı Gül-Davudoğlu-Babacan ittifaqı uğur qazanmayacaq” - ekspert


    Politoloq hesab edir ki, bununla belə, proseslər elə bir səviyyədədir ki, hazırda Ərdoğanın da böyük elektoratı var: “Odur ki, Abdulla Gül, Əhməd Davudoğlu və Əli Babacanın yeni partiya yaradıb birlikdə hakimiyyətə gəlmə şansları azdır. Ortada CHP və Əkrəm İmamoğlu faktoru da var. Bunları nəzərə alaraq, hesab edirəm ki, Ərdoğana qarşı birləşən Gül, Davudoğlu və Babacan ittifaqı elə də ciddi uğur qazanmayacaq. AKP-dən qopmalar hakimiyyətə əsas rəqib olan CHP-nin işinə daha çox yarayacaq. O baxımdan ki, CHP qarşıdakı seçkilərdə, siyasi mübarizədə əvvəlki güclü AKP ilə deyil, sıralarından nüfuzlu simaların getdiyi zəifləmiş AKP ilə üz-üzə qalacaq. Türkiyə cəmiyyəti haqqında söhbət gedən üçlüyün ittifaqına elə də ciddi etimad göstərməyəcək, ona səs verməyəcək. Bunun əksinə olaraq, hazırda CHP-nin elektoratı getdikcə daha da genişlənir. Biz bunu bələdiyyə seçkilərində də gördük. Yəni heç kim düşünməsin ki, Türkiyənin gələcək iqtidarı bu üçlünün qurduğu ittifaq olacaq”.

    Politoloq hesab edir ki, ümumiyyətlə, hazırda yaşanan proseslər 2023-cü ilə hesablanıb.


    “Yeni Müsavat”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.