"Kreslosu laxlayan” icra başçıları: Siyahıda daha kimlər var? » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » "Kreslosu laxlayan” icra başçıları: Siyahıda daha kimlər var?
    

    "Kreslosu laxlayan” icra başçıları: Siyahıda daha kimlər var?

    9-03-2016, 15:40
    Oxunub: 1 112
    Şərhlər: 0
    Çap versiyası
    "Kreslosu laxlayan” icra başçıları: Siyahıda daha kimlər var?
    İctimaiyyətdə “balaca padşahlar” kimi də adlandırılan icra başçılarının son günlər “kresloları laxlayır”. Ekspertlər hesab edirlər ki, manatın ikinci devalvasiyasından sonra rayonlarda baş verən etiraz aksiyaları icra başçılarının fəaliyyətlərinə hökumət tərəfindən nəzarəti bir qədər də artırıb. Nəticədə isə bir çox icra başçılarının fəaliyyətlərində ciddi nöqsanlar aşkarlanıb.

    Təsadüfi deyil ki, Prezident İlham Əliyev martın 3-də və 4-də imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevi, Laçının icra başçısı Akif Səlimovu və Salyanın icra başçısı Tahir Kərimovu vəzifəsindən azad etdi.

    Vəzifəsindən azad edilən hər üç icra başçısı haqqında prezidentin sərəncamından öncə sosial şəbəkələrdə geniş müzakirələr aparılıb, onların fəaliyyətləri və hərəkətləri ictimaiyyət tərəfindən xeyli qınağa səbəb olmuşdu. Bu baxımdan, ölkə başçısının icra başçıları ilə bağlı sərəncamı ictimaiyyət tərəfindən müsbət qarşılandı.

    Lakin nöqsanlı fəaliyyətləri səbəbindən xalqın qınağına səbəb olan icra başçıları ilə bağlı siyahı bu üç şəxslə bitmir. İctimaiyyətdə daha bir neçə icra başçısından narazılıqlar səsləndirilir. Misal üçün haqqında ən çox danışılan icra başçılarından Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun, 2005-ci ildən Ağcabədinin icra başçısı vəzifəsində çalışan Şahin Məmmədovun, 2007-ci ildən Ağsunun icra başçısı olan Ənvər Seyidəliyevin, Yasamal rayon icra başçısı İbrahim Mehdiyevin adlarını çəkmək olar. Bu siyahını bir qədər də uzada bilərik.

    Əslində isə ölkədə icra başçılarına kifayət qədər geniş səlahiyyətlər verilib. Ekspertlər bildirirlər ki, onlar mövcud səlahiyyətlərinə əməl edərlərsə, həm şəhərlərin idarəetməsi, həm də xalqın güzəranı daha yaxşı ola bilər.

    İcra başçılarının fəaliyyəti ilə bağlı musavat.com-a açıqlamasında politoloq Fərhad Mehdiyev bu vəzifədə olan şəxslərin görməli olduqları işlər barəsində danışıb.

    O, söyləyib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri azdır. Bunun əksi olaraq, yerlərdə səlahiyyətlərin çox hissəsi icra başçılarına aiddir: “Bura abadlıq işlərindən tutmuş, əhalinin müəyyən sosial problemlərinin həll olunmasına qədər müxtəlif məsələlər daxildir. İdarəetmə formalarına gəldikdə isə bizdə icra başçılarının çoxunu ixtisaslaşmış mütəxəssis saymaq olmaz. Doğrudur ki, bu vəzifəyə təyin edilən şəxslər əsasən yerli strukturlardan gətirilirlər. Eyni zamanda onları xaricdə müəyyən təlimlərə aparırlar. Ancaq hesab edirəm ki, buna baxmayaraq, onların gördükləri işlər peşəkarlıqdan xeyli uzaqdır. Avropa ilə müqayisədə Azərbaycanda şəhərin idarə edilməsi olduqca aşağı səviyyədədir. Eyni zamanda ölkədə icra başçılarının korrupsiya əməlləri də var. Bu şəxslərin bəzilərinin ölkəyə vurduqları zərərlərin gələcəkdə bərpası isə çox çətin başa gələcək. Misal üçün ölkədə yol kənarlarındakı boş yerlərin çoxu qeyri-şəffaf formada satılır. Sənədlərə baxdıqda görürük ki, guya, bu yerlər kimlərəsə icarəyə verilib. Halbuki reallıqda bu, belə deyil”.

    Bəs, icra başçılarını vəzifədən azad etməklə idarəetmədə hər şeyi qaydasına salmaq mümkündürmü?

    Məsələ ilə bağlı musavat.com-a danışan politoloq Natiq Miri bildirib ki, 1990-cı illərdən indiyə qədər onlarla icra başçısı dəyişdirilib: “Ancaq mahiyyət etibarı ilə müsbət mənada heç nə dəyişməyib. Bu gün ölkədə xalqın razı olduğu icra başçısı tapmaq çətindir. Ümumiyyətlə, belə bir fakt yoxdur. Bu isə onu göstərir ki, təyinat zehniyyəti və idarəetmə sistemi dəyişməlidir. Bu iki əsas faktor dəyişmədən mahiyyət etibarı ilə idarəetmədə hansısa ciddi dəyişikliyin baş verəcəyini söyləmək olmaz. Ona görə də bu gün hətta xaricdə təhsil alan, təşəbbüskar və savadlı gənci belə, istənilən rayona icra başçısı təyin etsələr, o, köhnə idarəetmə sistemi ilə heç nə edə bilməcək. Eyni zamanda bu sistemdə icra başçılarını təyin etdirən xüsusi hakimiyyət şəbəkələri var. Hər bir icra başçısı hakimiyyətin içərisində olan müxtəlif şəbəkələrə bağlıdır. Buna görə də onlar bağlı olduqları şəbəkələrin korporativ maraqlarını güdürlər”.

    N.Miri bildirib ki, icra başçılarının seçki yolu ilə seçilməsi demokratik ənənənin başlanğıcı olardı: “Ancaq burada da əsas məsələ seçkinin necə keçirilməsidir. Əgər bu seçkilərdə demokratik əsaslar olmayacaqsa, təyinat üsulu əsas götürüləcəksə, mahiyyət yenə də dəyişməyəcək. Yenə də seçkilər adı ilə xalqın seçmədiyi icra başçıları təyin olunacaq. Bu isə xalqın onlara qarşı narazılığını aradan qaldırmayacaq”.

    Əli Rais,
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.