“Uşaq bezləri sonsuzluq yarada bilər” - Həkimdəm önəmli xəbərdarlıq » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » “Uşaq bezləri sonsuzluq yarada bilər” - Həkimdəm önəmli xəbərdarlıq
    

    “Uşaq bezləri sonsuzluq yarada bilər” - Həkimdəm önəmli xəbərdarlıq

    1-05-2016, 14:07
    Oxunub: 847
    Şərhlər: 0
    Çap versiyası
    “Uşaq bezləri sonsuzluq yarada bilər” - Həkimdəm önəmli xəbərdarlıq
    Pediatr Vaqif Qarayev: “30 il əvvəlin uşaqlarındakı sağlamlığı mən indiki uşaqlarda görmürəm”

    Körpə böyüdən analar hər zaman bu və ya digər suallarla bağlı pediatr məsləhətinə ehtiyac duyur. Çünki, uşağın qidalanması, sağlamlığı ilə bağlı etdiyimiz yanlışlar sonradan daha böyük problemlərə səbəb ola bilər.

    Bunu nəzərə alaraq, musavat.com pediatr Vaqif Qarayevlə müsahibəni təqdim edir:

    - Vaqif müəllim, son dövrlərdə uşaqlarda ən çox hansı xəstəliklərə rast gəlinir?

    - Uşaqların yaş dövrünə görə xəstəlikləri də fərqli olur. Südəmər yaş deyilən dövr var ki, buraya bir yaşına qədər uşaqlar daxildir. Bu dövrdə uşaqların orqanizmində müdafiə sistemi çox zəif olur. Ona görə də, tənəffüs yolu və mədə-bağırsaq xəstəliklərinə daha çox rast gəlinir. Çünki bu yaşda uşaqların həm immuniteti çox aşağı olur, həm də bu xəstəliklər ağırlaşmağa meyllidir. Amma məktəb yaşlı uşaqlarda revmatizm, asma, diabet, hətta onkoloji xəstəliklərə də rast gəlinir.

    - Körpə uşaqlarda tez-tez qızdırma olur. Bu, uşaq üçün hansı hallarda təhlükəlidir?

    - Ümumdünya Səhiyyə Təşkilatı qızdırmanı təsnifləndirib. 37-38 dərəcə o qədər də təhlükəli bir qızdırma hesab olunmur. 38-39 dərəcə qızdırmada ev şəraitində müəyyən müdaxilə etmək olar. Amma qızdırma daha çox 39 dərəcə və ondan yüksək olanda təhlükəlidir. Bu halda analar nə edə bilər? Adi qızdırma salan dərmanlar var, ondan istifadə edə bilərlər. Bir də uşağın boynuna, qasığına, iri damarlar olan yerə soyuq kompres edə bilərlər. Ya da köhnədən qalan bir metod var ki, sirkə, su, spirt qarışığından istifadə edə bilərlər. Onu bədənə sürtə bilərlər. Ancaq burada uşağın yaşı da çox önəmlidir. Məktəbli yaşlı uşaqlarda 39 dərəcə qızdırma belə çox da qorxulu deyil. Ancaq südəmər yaşda bu çox təhlükəlidir. Əgər əlinin altında qızdırma salıcı dərman varsa bunu verə bilər. Ancaq mütləq həkimə müraciət etməlidir.

    - Uşaqlarda daha çox yaz fəslində rast gəlinən allergiyaların səbəbi nədir?

    - Allergiyanın biz gərək ilk növbədə səbəbini bilək. Allergiyanın atopik dermatit növü var ki, buna diatez də deyirlər. Uşaqlarda sifət səpir, qaşınır. Bu ilk növbədə uşağın yediyi qidadan asılıdır. Təbabətdə belə bir rəy var ki, ana südü yeyən uşağın heç bir problemi olmamalıdır. Ancaq təcrübə onu göstərir ki, ana əgər qida rasionunda allergiya verə biləcək qidalardan istifadə edirsə, uşağın həm mədə bağırsağında , həm də sifətində allergiya ola bilər. Məsələn, qoz, fındıq, sitrus bitkiləri, şirniyyatlar, kulinariya məmulatları allergiya verə bilər. Təbabətdə belə bir fikir var ki, rəngi sarı olan nə varsa onu biz allergiya səbəbi hesab edirik. Sarı alma, sitruslar, yumurta, bal, qoz-fındıq və sair. Ancaq o demək deyil ki, kim bu məhsullardan istifadə etsə, hamısında allergiya yaranacaq. Burada fərdilik var. Yaz aylarında da allergiyalar artır. Çünki bəzi ağaclarda tozlanma gedir. Allergiyada həm də irsi faktor var. Nəsildə asma, allergik xəstəliklər varsa, bu da səbəb kimi göstərilir.

    - Süni qidaların uşaqlar üçün hansısa təhlükəsi varmı? Bəzən mətbuatda bu qidaların tərkibinə şübhə ilə yanaşılır...

    - Uşaq üçün yeganə təbii qida vasitəsi ana südüdür. Bu müzakirə olunmayan bir məsələdir. Bu haqda sosial mediada, mətbuatda çox qızğın mübahisə gedir və bilən də, bilməyən də danışır. Ancaq mən bu məsələdə birinci öz həmkarlarımı tənqid etmək istəyirəm. Doğum evlərində südü olan analara belə , süni qidalar məsləhət görürlər. Qətiyyən olmaz. Mənim həmkarlarım bunu düz eləmirlər və mən bilirəm bunu nə üçün edirlər. Yalnız o halda uşağa süni qida verilə bilər ki, o ana südü ilə doymur və ya ananın ümumiyyətlə südü yoxdur. Süni qarışıqların tərkibi demək olar ki, eynidir. Onlardan hansınısa fərqləndirmək olmaz.

    - Bəs, südəmər uşağı keçi südü ilə qidalandırmaq olarmı?

    - Keçi südünün tərkibi ana südünə çox yaxındır. Ancaq o da ana südünü əvəz eliyə bilməz. Keçi südünün də tərkibində elə bir ferment var ki, uşağın mədəaltı vəzini zədələyir və həddindən artıq yağlıdır. Biz öz uşaqlarımıza keçi südü də vermişik, inək südü də vermişik. Çünki bu süni qarışıqlar yox idi. Uşaqlar da normal və sağlam böyüdülər. Uşağın harada böyüməsinin də fərqi var. Kənddə böyüyən uşaqla şəhərdə böyüyən uşaq bir deyil. Ana çalışmalıdır ki, uşağına ana südü versin. Südü olduğu halda, bunu uşağından əsirgəyən qadına mən ana demirəm.

    - Uşaqlara əlavə qidaların neçənci aydan etibarən verilməsi doğrudur?

    - 4 aylığından başlayaraq, uşağa ana südü ilə yanaşı meyvə şirələri də vermək olar. 5-6 aylarda ilk sıyığı vermək olar. Bir ay sonra isə tərəvəz pürelərinə başlamaq olar. Daha bir ay sonra isə üçüncü əlavə qida verilə bilər. Yumurta sarısı, süzmə, bulyon və sair, bunun hamısını həkim təyin etməlidir. İnternetdə verilən məsləhətlər ümumidir, fərdi deyil. Bu baxımdan hər yazılanı uşağa tətbiq eləmək olmaz. Düzgün qidalanma üçün mütləq uşaq aybaay həkim baxışından keçməlidir, ona ancaq həkim məsləhət verməlidir ki, nə vaxt uşağa nə qida vermək olar.

    - Devalvasiyanın ilk günlərində siz analara məsləhət görmüşdünüz ki, “pampers” əvəzinə bələkdən istifadə etsinlər. Bu fikriniz çox müzakirələrə səbəb oldu, sizi qınadılar. Bəs, maddi yox, tibbi baxımdan götürsək, “pampers”in hansı ziyanları var?

    - Mən maddi baxımdan ucuz başa gəlsin deyə analara bələk məsləhət görmüşdüm. Ancaq gənc analar başladılar ki, bələyi də yumaq, ütüləmək lazımdır. Yuyucu toz işlənir, elektrik , su işlənir, əziyyətlidir. Ancaq hesabladım gördüm ki, onlar düz demirlər. Yenə də, uşaq bezləri daha bahadır. Əslində, isə körpə üçün bələk də daxil olmaqla, hər şey təbii olmalıdır. İndiki nəsil də bələklə böyüyüb. Məgər pismi böyümüsüz? Bələyin ən qatı əleyhdarları özləri bələklə böyüyüblər. Bu məntiqi baxımdan düz gəlmir. Əgər bələk ziyanlı olsaydı, siz bu gün sağlam və düzgün qamətli ola bilməzdiniz. Pampersin ziyanı isə odur ki, o uşağı çox isti mühitdə saxlayır. Qız uşaqları üçün elə bir ziyan olmasa da, oğlan uşaqlarında xayaların uzun müddət isti mühitdə qalması gələcəkdə çox ciddi fəsadlar verə bilər, sonsuzluq yarada bilər. Uşaq bezləri sintetik olduğuna görə, südəmər yaşda olan uşağın çox kövrək və zərif olan dərisini qıcıqlandırıb bişməcələr yarada bilər. Ən ciddi ziyanı isə odur ki, bələkdə uşaq öz fizioloji ehtiyacını yerinə yetirəndə, onu hiss edir, uşağın beyninə refleks gedir. O narahat olur, qışqırır və sair. Pampersdə isə uşaq saatlarla qalır və sidiyin gəlməsini hiss eləmir. Bir qədər böyüdükdən sonra uşaqlarda gecə sidikqaçırmalar olur ki, bunun da səbəbi mənim fikrimcə, mütəmadi uşaq bezlərindən istifadədir. Uşaqlarda körpə yaşlarından o refleks əmələ gəlməlidir.

    - Hamiləlikdə ananın keçirdiyi hansı xəstəliklər sonradan uşaqda xəstəlik yarada bilər?

    - Əsasən, hamilə qadınların keçirdiyi infeksion xəstəliklər uşaqlarda müəyyən xəstəlik yarada bilər. Ancaq uşaq üçün ən təhlükəli xəstəlik hamilə qadının birinci 3 ayda məxmərək keçirməyidir. Bu uşaqda ciddi çatışmazlıqlara, anadangəlmə karlıq, korluq, ürək qüsuru yarada bilər. Son aylarda isə ananın suçiçəyi xəstəliyi keçirməsi uşaqda ciddi qüsurlar yarada bilər. Ona görə də , hamilə qadınlar protokola görə, hamiləliyin bəlli aylarında bu infeksiyalara görə yoxlanmalıdırlar.

    - Uşaqların yuxusuzluq probleminin səbəbi nədir? Demək olar ki, hər iki anadan biri körpəsinin gecələr narahat yatmasından şikayətlənir...

    - Son 5 ilə pediatrlar da, pedaqoqlar da ananın şikayətini dinləyib, mütləq sakitləşdirici yazırdılar. Amma bunun səbəblərini araşdırmaq lazımdır. Mən il bundan öncəki uşaqlardakı sağlamlığı indiki uşaqlarda görmürəm. Artıq ana bətnində uşaq problemli olur. Analarda qan azlığı var. İndi ailələr gənc qızlarını həkimə aparıb yoxlatmırlar. Azərbaycanda isə ailə dünyaya uşaq gətirmək üçün qurulur. Əgər belədirsə, gərək sağlam uşaq dünyaya gətirək. Gələcəkdə anemiyadan əziyyət çəkən qızın dünyaya gətirəcəyi uşaq da xəstə doğulur. Hamiləlik qadın üçün ağır bir yükdür və anemiyanı daha da dərinləşdirir. Əgər qan azdırsa, qanda hemoqlobinin miqdarı azdırsa, deməli az oksigen daşıyır. Bu zaman uşağa oksigen çatmır. Belə uşaqlar doğulanda çox narahat olur və oyanıq olurlar. Ancaq hər oyanıqlığa dərman yazmaq düzgün deyil. Gərək uşaq bir qədər böyüsün. Bir də bu narahatlıq mədə-bağırsaqda olan problemdən qaynaqlana bilər. Bu halda sakitləşdirici verməyə ehtiyac yoxdur. Uşağı rejimə salmaq lazımdır. Çox vaxt analar özləri gec yatır və uşağı da özlərinin olduqları ortamda, səs-küylü yerdə saxlayırlar. Bu halda təbii ki, uşaq yatmayacaq.

    - Tibbdə belə bir fikir var ki, körpə uşaq sutka ərzində 15-17 saat yatmalıdır. Bundan daha az yatmağın uşağa ziyanı varmı?

    - Düzdür, belə bir normativ və müxtəlif mənbələrdə bu saatlar fərqli göstərilib. Ancaq buna fərdi yanaşmaq lazımdır. Əgər uşaq 3 saat yatırsa və bu onda problem yaratmırsa, deməli norması budur. Ancaq 17 saat da yata bilər, bu da normaldır.

    - Anaları ən çox narahat edən məsələlərdən biri də peyvəndlərin keyfiyyətsiz olmasıdır. Bu səbəbdən də bir çoxları peyvənddən imtina edir. Sizcə, peyvənd nə dərəcədə vacibdir və bundan imtina etməyin nə kimi ziyanları ola bilər?

    - Sovet dövründə uşaq kontingentinin təhlükəsizliyini qorumaq üçün peyvənd hökumətin strateji kompaniyası idi. Kim uşağını peyvəndə gətirmirdisə, biz həkimlər polisə məlumat verirdik. İndi isə həkimlər sadəcə bir ərizə yazır və peyvənddən imtina edir. Mənim fikrimcə, vaksinasiya mütləqdir, bu müzakirə mövzusu deyil. Ancaq vaksinin tərkibi müzakirə mövzusudur. Bizdə vaksinin keyfiyyəti məsələsi problemdir. Kənardan ucuz qiymətə keyfiyyətsiz vaksin alırıq. Ancaq vaksini özü istehsal edən ölkələrdə belə valideynlər peyvəndin tərkibindən narahatdırlar. İmkanlı insanlar daha çox bahalı vaksinləri alırlar. Demək olar ki, bütün ailələr vaksinlərin tərkibinə şübhə ilə yanaşırlar. Son illər dünyada uşaqlar arasında autizm adlı bir xəstəlik yayılıb. Son iki ilə qədər Rusiyada və Avropada autizmin səbəbi kimi peyvəndlər göstərilir. Ancaq həm inkişaf etmiş ölkələrdə , həm də ölkəmizdə peyvənd almayan uşaqlarda da autizm var. Autizm bu gün səbəbi bəlli olmayan bir sindiromdur. Uşağı autizm sindiromlu olan valideynlər hamısı bir ara hay-küy saldılar ki, bu peyvəndəndir. Onların tələbi də haqlıdır ki, peyvəndin tərkibi valideynə deyilməlidir. Çünki peyvəndin tərkibində ağır metallar var. Orqanizmdə immunitet yaratmaq üçün bu metallar peyvənddə olmalıdır. Həmin ağır metalların zərərli təsirlərini yox etmək üçün peyvəndin tərkibinə xüsusi maddələr qatılır. Peyvəndin qiymətini bahalaşdıran da həmin maddələrdir. Məsələn, mən özəl klinikalarda peyvənd alan uşaqlarda ağırlaşmaların şahidi olmamışam, amma dövlətdə alanlarda ağırlaşmalar görmüşəm. Vaksin uşaq orqanizmi üçün yad maddədir. Onun vurulduğu yer qızara bilər, şişə bilər, uşaq 1-2 gün narahat yata bilər, qızdırma 38 dərəcəyə qədər qalxa bilər. Bunlar gözlənilən əlamətlərdir. Ancaq qızdırma daha yuxarıdırsa, uşaq yemirsə, qaytarırsa, uşaqda qıcolmalar varsa, inağ varsa bu artıq ağırlaşmadır. Mən iddia edə bilmərəm. Ancaq düşünürəm ki, bəzən vaksin ucuz başa gəlsin deyə onun tərkibinə ağır metalların zərərli təsirlərini neytrallaşdıran maddələr vurulmur. Peyvənd mütləq olmalıdır, ancaq mütləq sağlam uşağa vurulmalıdır. Uşaq peyvənddən öncə pediatr, nevropotoloq və endokrinoloq müayinəsindən keçməlidir. Son qərarı isə pediatr verir. Bəzən sahə həkimləri planı doldurmaq üçün səthi yanaşır. Ancaq həkimlər həm də qorxur ki, mənfi reaksiya olsa onları cəzalandıracaqlar. Bizdə daha çox difteriya, göy öskürək, tetanus, hepatit B, vərəm , qızılca, məxmərək, bir də pnevmakoka qarşı vaksinasiya aparılır. Çox analar var ki, peyvənd etməyib, sonradan uşaq göy öskürəyə yoluxub. Bu xəstəlik də 2 aya qədər çəkir. Onda ana dizinə döyüb ağlayır ki, kaş peyvənd edərdim. Qızılca da ağırlaşmaları olan təhlükəli xəstəlikdir. Mən qızılcadan ölüm də görmüşəm. Peyvənd etməyən analar təkcə öz uşaqlarını yox, digər uşaqları da təhlükəyə atırlar. Çünki, uşaqlar bir-birindən yoluxa bilər.

    - Autizm və daun sindiromu hazırda geniş yayılır. Hansı əlamətlərə görə ana şübhələnməlidir ki, uşağında bu sindiromlar ola bilər?

    - Autimzin ən birinci simptomu özünə qapanmadır. Uşaq otağın bir küncündə oturub, saatlarla eyni oyuncaqla oynayırsa, bu, bir əlamətdir. Autizmli uşaqlar monoton hərəkətlər edirlər. Eyni yaşda olan başqa uşaqlar isə evi dağıdırlar, çox aktivdirlər. Ana uşaqda nəsə qeyri-adilik hiss edirsə, dərhal həkimə müraciət etməlidir. Belə halda ilk növbədə pediatra müraciət olunmalıdır. Autizmin diaqnozunu loqoped və ya defektoloq yox, pediatr, nevropotoloq, psixoloq qoyur. Sonradan müəyyən olunur ki, müalicə hansı istiqamətdə həyata keçirilməlidir.

    Nərgiz LİFTİYEVA,
    Musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.