Azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova dünən 62 yaşında dünyasını dəyişib.
Agxeber.com xəbər verir ki, bu barədə APA-ya rejissor Namiq Şirəlibəyov məlumat verib.
Onun sözlərinə görə, aktrisa ürək tutmasından vəfat edib.
Qeyd edək ki, 62 yaşında dünyasını dəyişən Firəngiz Rəhimbəyova ABŞ-da yaşayırdı.
Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.
1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla işbirliyi olub.
Bir sıra filmdə rol alan Firəngiz Rəhimbəyova daha çox "Bəxt üzüyü" filmindəki Sevda rolu ilə məşhurluq qazanıb.
Müğənni avqustun 7-də 62-ci yaşını qeyd edib. O, feysbuk səhifəsində doğum günündən fotolar paylaşaraq yazıb:
“Mənə gözəl ad günü arzuları göndərmək üçün vaxt ayıran hər kəsə səmimi təşəkkürümü bildirmək istəyirəm. Həyatımda hamınızın olduğu üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, “Bəxt üzüyü” filmində Seda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova ürəktutmasından dünyasını dəyişib.
Allah rəhmət eləsin!