Tayvana təxribat xarakterli yay turundan sonra Nensi Pelosi hər mənada başqa bir qaynar nöqtəyə - Ermənistana gəlib.
Bəs bu səfərin arxa planında nələr var?
Hazırda əsas sual budur.
Mövzu ilə bağlı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi analitik Kamran Məmmədli Sitat.info-ya danışıb: "Bildiyiniz kimi , Qərb və son zamanlar xüsusəndə ABŞ Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesini geri çəkməyə çalışır və eyni zamanda Ermənistanın 9 noyabr sazişində müəyyən edilmiş marşrut xəritəsindən və digər Rusiyanın xeyrinə olacaq maddələrdən imtina edilməsinə nail olmaq istəyir.
Düşünürəm ki, Ermənistanı tam olaraq Rusiyadan qopardaraq, bölgədən uzaqlaşdırmaq üçün Nensi Pelosi İrəvana gəlib .
Ancaq daha öncə gəlin bu səfərdən qabaq xronoloji ardıcıl baş verən hadisələri bir daha nəzərdən keçirək .
Bu prosesin başlanğıcı olaraq 8 Sentyabrda Filip Riker İrəvana gəlir və Paşinyana ilə müəyyən məsələləri müzakirə etdikdən sonra bəzi razılıqlar əldə olunur .
Bunu vaxtında anlayan Azərbaycan hökuməti doğru və operativ qərar verərək təmas xəttində hərbi əməliyyatlara başlayır .
Təsadüfi deyil ki, Filip Rikerin Azərbaycana gəlməyi ilə sentyabrın 13-də atəşkəs elan olunur .
Amma görünərn odur ki, Azərbaycan hökuməti qabaqcadan Paşinyanla-Filip Riker arasında olan müzakirəni bilməsə də, düzgün siyasi analiz nəticəsində Filip Rikerin Qafqaza nəyə görə gəldiyini anlayaraq Ermənistanı hərbi əməliyyatlarla pis vəziyyətə salır.
Filip Rikerin Azərbaycana gəlişindən sonra əldə olunan atəşkəs 14 Sentyabr yenidən qısa müddətli alovlanaraq pozulur .
Bir çox ekspertlər Azərbaycanın Ermənistan sərhədini keçməsi ssenarisini qeyri-mümkün sayırdı, çünki Ermənistan KTMT-nin üzvüdür və bu baş verərdisə Rusiya müdaxilə etməyə məcbur qalacaqdı".
Siyasi şərhçi hesab edir ki, bu ssenari hamının düşündüyü kimi Azərbaycan üçün o qədərdə təhlükəli deyil:
"2022-ci il fevralın 22-də Putin və İlham Əliyevin imzaladığı bəyannaməyə görə rəsmi Bakı həm də Moskvanın müttəfiqidir.
Eyni zamanda son Səmərqand samitinə Paşinyanın getməməsi, İlham Əliyevin isə iştirak etməsi onun göstəricisidir ki, artıq Rusiya da Paşinyanla belə davam etməyin artıq mümkün olmayacağını anlayır.
Azərbaycanı isə belə bir çətin durumda özünə düşmən etmək, eyni zamanda qarşısına Türkiyəni almaqla nəticələnəcək ki, buna da Putin hazırki durumda heç vaxt getməz .
Zəngəzurda və Ermənistan sərhədində hərbi münaqişə KTMT mexanizminin işə düşməsinə səbəb olardısa, bu Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci bazası və Rusiya Sərhəd Mühafizə Xidmətinin bölmələri tərəfindən olacaqdı.
Beləliklə bu ssenariyə görə Rusiya bölmələri Zəngəzur dəhlizinin ərazisinə nəzarəti ələ keçirəcəkdi və bu da zatən 9 noyabr 2020-ci il tarixli müqaviləyə uyğunluq təşkil edəcəkdi.
Həmən müqaviləyə görə zatən dəhliz verildikdən sonra Nəqliyyat rabitəsinə nəzarəti Rusiya Sərhəd Mühafizə Xidməti həyata keçirəcəkdi.
Yəni faktiki olaraq hadisələrin belə cərəyan etməsi Ermənistanla çoxdan razılaşdırılan nəticəyə gətirib çıxaracaqdı.
Bundan sonra Azərbaycan artıq 9 noyabr müqaviləsini əsas götürərək Rusiyadan Naxçıvana dəhlizin açılmasını tələb edəcəkdir".
K.Məmmədli vurğuladı ki, bu ssenariyə görə həm Rusiya, həm Azərbaycan, həm də Paşinyan uduşlu çıxacaq: "Rusiya Qafqazda daha bir əraziyə nəzarəti ələ keçirəcək, Azərbaycan dəhlizi alacaq ,Paşinyan isə xalqına deyəcək ki, biz istəmirdik, amma 44 günlük müharibədə olduğu kimi yenədə məcbur qaldıq. Bu ssenarinin davamı olaraq Ermənistanda xalq ayağa qalxıb Paşinyanı devirsə, bu da rus yönümlü bir adamın başa gətirilməsi ilə yekunlaşacaq.
Bütün bu baş verənlərin fonunda ABŞ bu bölgədə həm Rusiyanı Zaqafqaziyadan sıxışdırıb çıxarmaq istəyir və eyni zamanda Türkiyə ilə Azərbaycanın öz aralarında nəqliyyat kommunikasiyaları yaradılmasını istəmir. Düşünürəm ki , Filip Rikerdən sonra Nensi Pelosinin də İrəvana gəlişi məhz bu Ermənistanda yenidən alovlanan etirazı sakitləşdirmək , sülh sazişinə ya tam mane olmaq və yaxud sülh sazişində imzalanacaq maddələrin ABŞ -nın maraqlarına uyğun hazırlanmasını təşkil etmək , eyni zamanda erməni müxalifətin anti-Paşinyan əhval-ruhiyyəsini dəyişmək və düzgün siyasi addımlarla ölkəni Rusiyaya qarşı yönəltməkdir.
Ermənistanın bütün bəlalarında Rusiyanı günahlandırmaq və çıxış yolunun ABŞ olduğunu göstərməkdir .
Pelosi əgər buna nail olarsa Ermənistanın KTMT-dən çıxması yalnız zaman məsələsi olacaq və çox qısa zamanda Rusiyanın Zaqafqaziyada taktiki qələbəsi strateji məğlubiyyətlə nəticələnəcək .
Səid,
Səid,
SİTAT.İNFO