AĞ Partiya Xanımlar Təşkilatının sədri Malvina Amirova təhsil eksperti Kamran Əsədovu tənqid edən məqalə yazıb.
Əslində sosial mediada təhsil mövzusunun ən ciddi izləyicilərindən biri kimi, hər dəfə yeni simaların fikirləri ilə tanış olarkən sevinirəm. Ona görə ki, təhsil sahəsində yeni simaların meydana gəlməsi yeni, müasir baxışlarla tanış olmaq imkanı yaradır. Demək olar ki, hər yarım saatdan bir gündəmdə olan və özünə "təhsil eksperti” titulu verərək başını bununla qatan Kamran Əsədova belə baxmaq istəyərdim.
Amma.. bir izləyici kimi onun davamlı şərhlərinə, müsahibələrinə diqqət etdikdə, adamın nə qədər populist və ucuz auditoriya mandatı qazanmaq meylini, avantüra və spekulyativ maraq dairəsini sezdim. Kamran hər şeydən danışa-danışa uğursuz hərşeyşünas oldu. Və iki gün öncə onun Məktəbəqədər təhsil sahəsi ilə bağlı sərsəm fikirləri məni bir təhsil işçisi kimi vadar etdi ki, "təhsil eksperti” barəsində məktəbəqədər təhsil kollektivinin bir üzvü kimi susmayım. Çünki biz təhsil işçiləri susduqca, bu özündən müştəbeh adam təhsildə hər şeyi qaralamaqla diqqət çəkir, bir çox hallarda ordan-burdan "qapazladığı” fikirlərlə hücuma keçir və döyüşsüz meydanda özünü Herakl hiss edir.
Diqqətcil oxucular Kamran Əsədovun fikirlərini təhlil edərsə və ya onun haqqında sosial şəbəkələrdə yazılan, özünün yazdığı şərhləri araşdırarsa, aydın görər ki, bu adam alababat universitet məzunudur.
Bir neçə gün öncə Kamran növbəti dəfə gündəmə gəlmək məqsədilə çoxminlik boşanmış qadınların ünvanına yeni üstü örtülü təhqirlər yağdırdı:
"Boşanmış və uşağı ölmüş qadınlar bağçaya işə götürülməməlidir".(sitatın əsli)
Boşanmış qadın və ya övladı ölmüş qadın hansı səbəbdən çalışa bilməz? İndidə qadın intiharlarına yol açacaq xəstə təxəyyüllü oyunlar qurulur? Sən get baxçalarda, təhsil müəssisəlırində baş verən digər yol verilməz hallarla maraqlan və onları dilə gətir. Heç olmasa bir dəfə onun bunun ağzından aldığın sözlərlə çıxma qarşımıza.
Görün insan nə qədər azğınlaşıb ki, özüdə qız övladı böyütdüyü halda bu cür, hər olacaqdan sığortalanmış halda böyük ifadələr səsləndirir .Görünür ki, onun daxili mənəviyyatında yerində olmayan xeyli şeylər var. Çünki bütün günü medianın diqqətini çəkmək üçün insanları alçaldan, ölkənin bütün müəllimlərini, bir yerdən təhqir edən, təhsil camesini yerdən yerə vuran bu tip insanların günahıdır ki, Drakonlar günün günorta çağı müəllimi döyür, məktəbə, baxçaya hücum çəkir və buna haqq qazandırır. Səhv etmirəmsə, Kamran da bir vaxtlar məktəb direktoru olmaq həvəsinə düşmüşdü və arzusu ürəyində qalmasaydı, bəlkə də bu gün dediyi kimi boşanmış yox məhz psixi durumu yerində olmayan direktor kimi işdən azad olunmuşdu. Bilmirəm, hansı ciddi səbəblərdən o direktor ola bilmədi. Ancaq bilinən odur ki, Kamranın sərgilədiyi əxlaq tipi, təhqiramiz atmacaları, hərşeyşünas forması müəllimlik peşəsinə və təhsil sahəsinə yaddır.
Səmimi desəm, hərdən Təhsil Nazirliyinin bu hallara qarşı çox dözümlü davranması, onu öz tədbirlərinə ara-sıra dəvət etməsi mənim kimi bir çox məktəbəqədər təhsil müəlkimlərinə, orta təhsil müəllimlərinə həmçinin rəhbərinə qəribə gəlmişdi. Axı sağlam tənqidlə, təhqiri ayıra bilməyən, dayaz bilik səviyyəsi ilə medianın gündəmini zəbt etməyə çalışan birisi necə təhsil sahəsində can qoyan ekspertlər ilə yan-yana dura bilər?!
Ancaq çox keçmir ki, Kamran öz ampluasında plagiat fikirləri ilə (yeri gəlmişkən, Kamranın Feysbuk profilində onu plagiatlıqda günahlandıran xeyli şərhlər, qınaqlar da var və o, belə şərhləri tez-tez silməyə də çalışır) və mahiyyətindən baş çıxarmadığı düşüncələri ilə medianın əyri güzgüsü olur.
Adi oxucu bir çox hallarda da bilmir ki, bu adam niyə bir gün belə, digər gün isə tamam başqa cür olur. Məndə belə bir əminlik yaranıb ki, Kamranın maraqlarını razı salanda, onun səsi də düz çıxır. Əlbət ki, ekspertliyi o bunda görür. Mənim Kamran Əsədov barədə nə isə yazmağımın bir səbəbi var – həddini aşmış adam bu peşəyə ləyaqətlə xidmət edən yüz minlərlə adamı təhqir edərək ad qazanmağa, media məkanını hər gün "şok” faktlarla zəbt etməyə, bunun üzərindən isə şəxsi repetitorluq biznesini qurmağa çalışır. Bu qədər cılız, bu qədər səthi, yüksək təfəkkür və dəyərlərdən uzaq. Təhqiramiz, qeyri-etik, loru üslub sərgiləməklə müəllim adına iddia edən şəxsin titulları isə saxtadır. Həqiqət isə, boyunun ölçüsünü bilməkdir, Kamran.
Ağ Partiya - Malvina Amirova