“Müslüm anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək”

“Müslüm anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək”

“Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq”.

Agxeber.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dənizkənarı Milli Parkda dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir: “Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.

“Əlvida Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır”.

5929

DİGƏR XƏBƏRLƏR