Bu gün aktyor, rejissor Ceyhun Mirzəyevin doğum günüdür. Mərhumun 77 yaşı tamam olur.
C.Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Həmçinin Moskvada təhsil alıb.
Qarabağ müharibəsi mövzusunda çəkilmiş “Fəryad” filminin rejissorudur.
“Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi işləyib, aktyorluq edib, rejissor kimi filmlər çəkib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər hazırlayıb. “Mozalan”ın bədii rəhbəri olub. “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsusdur.
46 illik ömrünün 35-ni kinematoqrafiyaya həsr edən sənətkarın 90-a yaxın filmdə əməyi keçib.
Allah rəhmət eləsin.
Ş.R.