KAMAL İLHAMOĞLU

Balalarınız necə geyinir, balalarım elə geyinsin...

Balalarınız necə geyinir, balalarım elə geyinsin...

KAMAL İLHAMOĞLU
Sabirabadda intihar edən dağ kimi igid Elvin Cəfərovun son sözləri “Balalarınız necə geyinir, balalarım elə geyinsin” oldu. Beləcə bir dağı parçaladılar, bütün sevənlərinə unudulmayacaq bir dağ çəkdilər...
Bu məsələdə həm deyiləcək çox söz var, həm də sözlər duyğuları ifadə edəcək qabiliyyətində deyil. Tənqidə cəmiyyət olaraq özümüzdən başlamalıyıq. Necə oldu və olur ki, bu hala gəldik. Biganəlik xəstəliyinə necə tutulmuşuq? Ölkəmizdə olan hadisələrə həddindən artıq biganə yanaşırıq. Haqqımızı yetərincə tələb etmirik, daha vacibi isə haqqını tələb etmək istəyənləri, edənləri yalnız buraxırıq. Lakin seyr edirik. Film izləyirmiş kimi. Filmin sonunda olduğu kimi pis rol ifaçısına lənət oxuyuruq, müsbət personajın başına gələn mənfi hadisələrə görə pis oluruq, bəlkə bir az da ağlayırıq, sonra normal həyata davam edirik. Bunu da özünü qoruma instinkti ilə açıqlayırıq. Heç bir şey olmamış kimi raha yata da bilirik. Hətta ölkədə ən faciəvi hadisə baş verdiyi günün axşamı benzin qiymətlərinin qaldırılması ilə bağlı sosyal şəbəkələrdə bir xeyli zarafatlar da edə bilirik. “Qalxan şey, bir daha enməz”, “Gecələr qalxan şeydən ziyan gəlməz, əsas gündüz qalxmasın” kimi bayağı zarafatları görmək ürək bulandırıcı olsa da saysız-hesabsız belə düşüklüklər görmək mümkündür. Alov düşdüyü yeri yandırar... Çətin ki, sabirabadlı “Mauqli”nin başda anası, ailəsi, bir sözlə sevənləri bu zarafatlara güləcək haldadılar. Elvin tək özünü yandırmadı. Ölənə qədər sönməyəcək ocaq qoydu, evlərinin düz ortasına.
Zarafatlarla bağlı yazdığım bir az “Eşşəyi qoyub, palanı döyməyə” bənzədi. Bəs kimdən yazım? Məşhur ifadə var: “İki tərəfi də nəcisli dəyənək”. Bu mövzu da elədir. Harasından tutsan əlində qalır. İntihar etmiş qazilərin dərdlərini dinləmək istəməyən nazirliklərdənmi yazım, yoxsa yerlərdəki icra orqanlarındanmı, Milli Məclisdənmi, mətbuatdanmı, yoxsa eləcə sadə xalqdanmı hesab soruşaq ki, ermənilərin edə bilmədiyini bu oğlanlara necə etdik. Bəli, hamımız birlikdə əl-ələ verdik, işləri bu yerə qədər gətirdik. Müharibədən qalib çıxmış, illərdir işğalda olan torpaqları cəmi 44 günə işğaldan qurtarmış bir ordunun 36 qazisi intihar edir, bizlər də heç nə yox imiş kimi statistika ilə məşğul oluruq. Bunlar cəmi 2 ildə baş verir. Ordumuz qalibdi bu münasibət var, məğlub olmuş olsaydı yəqin bu məmur yığını deyərdi ki, hələ məğlub olmusunuz, bir də nəsə istəyirsiniz?! Həyadan o qədər yoxsundurlar ki, onu da deyərdilər. Sahil Babayevlə bağlı nəsə demək artıqdır. Çünki ona sözü “Vətən Müharibəsi” iştirakçıları naziliyin qapısını qırıb, haqlarını tələb edəndə deməli idik. Deməli o zaman yetərincə deyə bilmədik deyə o öz əməlləri ilə yaxşı etmişəm, bundan sonra da belə davam edəcəm deyə bildi. Haqlıdır. Nə etsə azdır. Bəs Sabirabadın icra hakimi Siraqəddin Cabbarov haqqında nəsə demək lazımdırmı? Yox qətiyyən. Onun haqqında sözü deyənlər deyib. Siraqəddin əkə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Daha sonra  Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Deməli adam həm əmək sevərdi həm də vətənə xidmət edən. Yeni Azərbaycan Partiyasının da anlı-şanlı üzvüdür. Başqa sözə ehtiyac var?!
Özünə qəsd edən Elvin Cəfərovun hüzür mərasimində dedikləri üzərində isə düşünmək olar. Dedi ki, Elvin özünü icra hakimiyyətinin binasının önündə yox, mədəniyyət evinin qarşısında yandırıb. Yəqin bunu qeyd etməklə demək istəyirdi ki, günah məndə deyil. Mədəniyyət Nazirliyindədir. Əks halda bunu niyə qeyd etsin?  Daha sonra ona sual verirlər ki, Sabirabadda bu ikinci qazi intiharıdır. Deyir ki, o məsələdə başqa məqam var, onu desəm digər qazilər də gözdən düşər. Lap tutaq ki, o intihar hadisəsində başqa motiv var. Hər nədirsə, ona görə digər qazilər niyə gözdən düşür? Adama deməzlərmi ki, sənin kolleqaların olan digər icra hakimlərinin murdar əməllərinə görə sən gözdən niyə düşmürsən? Buz baltası kimi “Vətənə xidmətə görə” medalını da döşünün üstünə taxıb, rayonda padişahlıq edirsən. Bir də deyir ki, intihar edən qazinin psixoloji problemləri var idi. Bununla da demək istəyir ki, bu vətən üçün canını verməyə hazır olan vətəndaşlara səhiyyəmiz də baxmır. Dövlət olaraq ümumiyyətlə müharibəyə bəh-bəhlə göndərdiyimiz igidlər gedəndə yaxşı idilər, qayıdanda “xəstə”. İcra hakimi əslində bir çox mətləblərə aydınlıq gətirdi. Dedi ki, mənim heç bir günahım yoxdur. Bütün bunların baiskarı dövlət və dövləti idarə edənlərdir. Mənə ən çox edəcəkləri postumdan istefaya göndərəcəklər.
Bir məqamı da qeyd edim. Erməni mətbuatında intihar edən qazilərimizlə bağlı geniş yazılar, reportajlar gedir. İndiyə qədər erməni dəyirmanına müxalifət su tökürdü, deyəsən su tökmək işini müxalifətin əlindən məmurlar alıb. Artıq nizamlı-intizamlı şəkildə ermənilərin dəyirmanını onlar sulayır.
Siraqəddin Cabbarovu istefaya göndərmək də, benzinin qiymətini yenidən əvvəlki qiymətinə qaytarmaq da yanan bədənimizə məlhəm deyil!!!

MÜƏLLİFİN DİGƏR YAZILARI