“Ərdoğanla müqayisədə rəqibləri onun qarşısında çox zəif görünür”.
Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin “Yeni Akit” qəzetinin Ankara üzrə redaktoru, politoloq Muhammet Kutlu bu gün keçirilən prezident və parlament seçkiləri haqqında təəssüratlarını bölüşərkən deyib.
Politoloq bugünkü prezident və parlament seçkilərinin ölkəsi və dünya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Muhammet Kutlu Türkiyədəki son seçki prosesində Qərbin müxalifətə dəstək verməsi ehtimalının yüksək olduğunu bildirib: “ABŞ-ın dövlət başçısı Cozef Baydenin prezident seçilməsindən bir neçə ay əvvəl “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı çevrilişsiz, müxalifətə güclü dəstək verərək devirə bilərik” fikirlərini unutmadıq. Mərkəzi ABŞ və İngiltərədə yerləşən FETÖ-nün Türkiyədə dövlət çevrilişinə cəhdlərini yönləndirən qlobal mafiya bu dəfə də müxalifətin əli ilə ölkəmizin sabitliyini pozmaq, Türkiyəni parçalamaq səylərini davam etdirir.
CHP lideri Kamal Kılıçdaroğlunun seçkiöncəsi ABŞ və İngiltərəyə səfərindən sonra “Millət İttifaqı”nın prezidentliyə vahid namizəd seçilməsi, İttifaqın tərkibində olan İyi Partiya lideri Meral Akşenerin etirazı ilə yaşanan 72 saatlıq böhranın da xarici qüvvələrin müdaxiləsi ilə aradan qaldırılması hamımıza yaxşı məlumdur. İctimaiyyətdə böyük qism “Millət” İttifaqının vahid namizədinin ölkəyə “300 milyardlıq təmiz yatırım” gətirəcəyi vədini də onun təcrübəsizliyi və xaricdən idarə olunması kimi qiymətləndirir. Onun çevrəsindəki liderlərə dünya miqyasında görünməyən 7 prezident köməkçisi vədi də prosesləri yaxından müşahidə edənlər tərəfindən ironiyası ilə qarşılanır. Ona görə də müxalifət cəbhəsi hər nə qədər özünün coşqulu və simpatik göstərməyə çalışsa da kənardan yenə də xalqın rəğbətini qazanmadığı aşkar görünür”.
Mövcud iqtidarın rəhbərliyində təşkilatlanan “Cumhur” İttifaqının isə rəqibləri ilə müqayisədə yenə xalqın sevimlisi olduğunu bildirən Muhammet Kutlu Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin ölkə daxilində və xaricində qüdrətlənməsi üçün məhsuldar fəaliyyətinin danılmaz olduğunu deyib: “Belə vəziyyətdə xarici güclərin təzyiqlərinə boyun əyməyən, dünya miqyasında öz sözünü deyə bilən müstəqil ölkə olmaq üçün durmadan həyatını Türkiyəni inkişaf etdirməyə həsr edən Prezident Rəcəb Tayyib Ərdoğanla müqayisədə rəqibləri onun qarşısında çox zəif görünür. Xüsusilə Rəcəb Tayyib Ərdoğanın türk dünyasındakı fəaliyyətləri ilə qazandığı rəğbətlə müqayisədə qardaş Azərbaycanı İpək Yolu layihəsindən, türk dünyasından kənarda “qoyan” Kamal Kılıçdaroğlu bu rəqabətdə uduzdu.
Bir tərəfdə xalqın etimadını, rəğbətini qazanan güc, digər tərəfdə xaricdəki mafioz qüvvələrin maşası olan tərəf. Bu baxımdan 14 may seçkiləri Türkiyə və dünya üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə bu şərtlər altında tam müstəqil və qüdrətli olmağı, ya da soyuq müharibə dövründə olduğu kimi ABŞ-dan asılı ölkə olmağı seçərək həyati bir seçkiyə gedir. Mən türk xalqının müstəqilliyə səs verəcəyini düşünənlərdənəm”.