Bakının Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “VAZ-2107” markalı avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, zərərçəkən bu barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə şikayət edib. Sabunçu rayonunda yaşayan daha 3 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 4 avtomobil qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələrini sökərək satdığını bildirib. H.Məmmədov ifadəsində həmçinin Sabunçu rayonunda 1 market və 1 evdən oğurluq etdiyini də etiraf edib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunşu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.