Sosial şəbəkələrdə belə bir mövzu müzakirə edilir - “Slavyan universiteti ləğv edilsin, Türk dilləri universiteti olsun”. Bəzi insanlar bu məsələyə “dil bilmək pis deyil” düşüncəsiylə ləğv edilməyə qarşı olduğunu göstərir, lakin mən siyasi və mənəvi tərəfi haqqında yazmaq istəyirəm. Mənim üçün bu məsələ həssas məsələdir.
Əvvəla onu deyim ki, mən də bu təkliflə tamamilə razıyam. Yəni bu universitetin ləğv edilərək Türk dilləri universiteti olması təklifini dəstəkləyənlərdənəm. Doğrudur, Slavyan dil qrupuna yalnız rus dili daxil deyil. amma əsas rolu rus dili onayır. İlk öncə onu deyim ki, mən və ortaq fikirdə olduğumuz insanlar rus dilinin sadəcə xarici dil kimi tədris edilməsini təklif edirik. Yəni, rus dili bölmələrinə, ümumiyyətlə rus dilinin az qala ikinci “ana dili” səviyyəsinə gətrilməsinə qarşıyıq. Bunu da əsasən onunla əsaslandırırıq ki, rus dilinin Azərbaycanda yayılması gələcəkdə milli dövlətçiliyimizə, suverenliyimizə təhtiddir. Biz bundan narahatıq və bu nümunələr tarixdə az baş verməyib.
Tarixdə də bütün işğallara əsasən öncədən zəmin hazırlanıb. Bu işğal növlərindən biri də işğalçının dil mədəniyyətinin işğal edilmək istənən ölkələrdə xüsusən yayılmasıdır.
Ölkəmizdə rus məktəblərinin get-gedə artması, əsasən Bakı şəhər əhalisinin bir hissəsinin öz doğma dilində səlis danışa bilməyən, yəni, hələ də milli kimliyi tam formalaşmayan övladlarını rus məktəblərinə yönləndirmələri təhlükədənin işarələridir. Uşaqları hələ kiçik yaşlarından yad bir dilin, yad bir mədəniyyətin məktəblərinə yerləşdirmək, orada oxumasına, orada öyrənməsinə, orada formalaşmasına zəmin yaratmaq ölkəmizin gələcəyi üçün narahatedici vəziyyətdən xəbər verir. Həmin məktəblərdə formalaşan uşaq öz doğma dilini, doğma mədəniyyətini, ümumiyyətlə millilik xüsusiyyətini qavramır.
Lakin özünə hörmət edən müstəqil ölkənin bütün təhsil ocaqlarında bir bölmə, bir dil olmalıdır. Dövlət dili ilə bərabər hansısa əcnəbi dilin eyni səviyyədə tədris edilməsi olmamalıdır. Bütün özünə hörmət edən müstəqil ölkələrdə belədir. Azərbaycanda da belə olmalıdır..!
Əcnəbi dillər ancaq əcnəbi dil səviyyəsində tədris edilməlidir. O cümlədən də rus dili. Nə rus, nə də hansısa başqa əcnəbi dil, təhsil ocaqlarında dövlət dili ilə eyni səviyyədə tədris edilməməlidir. Nəinki eyni, yaxın səviyyədə belə tədris edilməməlidir.
Lakin əksər valideyinlərin övladlarını rus bölmələrində oxutmaları, Rusiya və ya rus dilinə xüsusi sevgidən irəli gəlmir, sadəcə rus bölmələrində “daha keyfiyyətli təhsil verirlər” düşüncəsiylə uşaqlarını rus bölmələrinə qoyurlar. Azərbaycan bölmələrində təhsil səviyyəsi daha üstün olsa, dövlət tərəfindən tərəfindən dövlət dilinə daha önəm verilsə rus bölmələrinə ehtiyac qalmayacaq. Amma təəssüf ki, kimlərinsə Azərbaycanda rus bölmələrinin çoxalması, rus dilinin xüsusi inkişafında maraqları var.
Azərbaycan kimi balaca, unitar, separatçılıqdan əziyyət çekən ölkədə, yuxarı səviyyəsində bilərəkdən, məqsədyönlü şəkildə xalqın milli kimliyi və onun ana dili nə vaxta qədər diskriminasiyaya məruz qalacaq, o vaxta qədər başqa dövlətlər tərəfindən idarə edilən etnik separatçılıq, dini fundamentalizm, məzhəb qarşıdurması təhlükəsi ildən-ilə məmləkətimizdə çoxalacaq. Azərbaycan xalqının milli kimliyi və onun ana dilindən qorxmaq lazım deyil, əksinə xalqın milli kimliyinin və ana dilinin hakim statusu yuxarıda qeyd edilən təhlükələrdən, Azərbaycanın dövlət təhlükəsizliyinin ən əsas təminatçısıdır.
Ümumiyyətlə rus bölmələrinin çoxalmasının arxasında çox hiyləgərcəsinə düşünülmüş oyunlar var. Bu gün 1-ci sinfə rus bölməsində başlayan uşaq sabah rusdilli azərbaycanlı olacaq. Nizamini, Füzulini öyrənməyən bir gəncdən nə gözləmək olar?
Yerevandakı Rusiya Elm və Mədəniyyət Mərkəzinin məlumatına görə, Rusiya tərəfi hər il Ermənistan vətəndaşlarına federal büdcənin vəsaiti hesabına təhsil alması üçün 200-ə yaxın dövlət təqaüdü ayırır. (Mənbə: BBC) Niyə ayırır? Çünki Rusiya erməniləri özünə daha çox bağlamaq istəyir.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya-Ermənistan Universitetindən savayı ölkədə 7 Rusiya təhsil müəssisəsinin, o cümlədən Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. (Mənbə: BBC)
Nursultan Nazarbayev də belə bir qərar verdi və Qazaxıstanda rus dili dövlət dili kimi qadağan edildi. Halbuki son yüz ildə Qazaxıstanda rus dili aparıcı dil idi. Heç ötən əsrin 50-ci illərində bu ölkədə qazax dilində məktəb də yox idi. Hökumət öz millətinin gələcəyini düşünməlidir.
Təhsil eksperti Kamran Əsədov hələ 2018-ci ildə axar.az saytına bildirib ki, hazırda ölkədə Bakı da daxil olmaqla, 340 orta məktəbdə tədris rus dilində aparılır:
“Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.
Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir.
Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Ali təhsil müəssisələrinin demək olar ki, bütün fakültələrində rus bölməsində təhsil alan tələbələr var”.
Bu barədə Fəlsəfə üzrə doktor Elvüsal Məmmədovun bu barədə maraqlı fikirlərini də qeyd etmək yerinə düşər. “Ana dilini, deməli, bu dilin daşıdığı milli-mənəvi yükü də mənimsəmiş, daxili kimliyi, mənlik şüuru doğma dil və dəyərlər əsasında formalaşmış uşaqların ikinci dili öyrənmələri isə tam başqa psixoloji-rasional prosesdir. Hər hansı bir dilin ikinci xarici dil kimi öyrənilməsi “tərcümə” əsasında baş verir; burada forma ilə məna, simvolla məzmun, maddi qabıqla mahiyyət bir-birindən ayrıdır, uşaq, yaxud şagird, yaxud tələbə əvvəlcə sözləri – maddi qabığı, daha sonra mənanı öyrənir; belə əlahiddəlik kimliyi formalaşmış fərdin öyrənmə prosesi zamanı düşüncə və mənəviyyatına gizli təsir göstərmir, onun duyğuları və emosiyalarını hərəkətə keçirmir. Bəli, xarici dil kimi öyrənilən istənilən dil ana dilini psixikası və mənlik şüurunun formalaşması ilə paralel olaraq öyrənmiş uşaqlarda (şagirdlərdə) məzmunca yad psixoloji “oyanma”, fərqli mənəvi “qıcıqlanma”, intuitiv təsir yaratmır. Çünki ana dili vaxtında, uşağın “daxil”ində öz işini görmüş, onu yad dilin özünəməxsus “mənəvi-milli ionlaşma”sından qoruyacaq milli-mənəvi immunitet formalaşdırmışdır.
Bəli, rus dili zəngin dildir, bizimlə tarixi əlaqələri olan bir xalqın dilidir, onu öyrənmək lazımdır, AMMA! Amması budur ki, onu ikinci, üçüncü xarici dil kimi öyrənmək və öyrətmək lazımdır, ana dili kimi deyil! Uşaq dünyaya gəlir-gəlməz onunla rus dilində danışmaq, onu milli-mənəvi dəyərlərin, mədəniyyətin daşıyıcısı olan Azərbaycan dilindən məhrum etmək, üstəlik, məktəbə getmək vaxtı çatanda rus dili təmayüllü məktəblərə göndərmək başqa mədəniyyət və düşüncənin daşıyıcısı olan, amma adda bizim olan fərdlər yetişdirmək deməkdir.
Ana dilin uşaqlarda psixika və mənlik şüurunu, milli-mənəvi xarakteri formalaşdırma gücü haqqında yuxarıda danışdıq. Xülasə, uşağın ailədə ilk olaraq eşitdiyi, sövqi-təbii olaraq mənimsədiyi sözlərlə yanaşı, həm də onların məna yükü ilə yoğurulması bişüur olaraq onda kimlik və psixika, mənlik şüuru yaradır. Kimlik, psixika və mənlik şüuru isə gələcək şəxsiyyəti müəyyənləşdirən ünsürlərdir. Xarici dil kimi seçilən ikinci, üçüncü dilin isə “tərcümə” əsasında tədrisi isə vicdan formalaşdırma, mənlik və psixika yaratma xassəsinə malik deyildir, odur ki, bu cür tədris azərbaycanlıdan ərəb, rus, fars, erməni, gürcü, ingilis yaratmır. Amma ana dili kimi seçilən əcnəbi dillər yaradır! Bunu əziz valideynlərimiz nəzərə almalı, ailədə, məktəbdə uşaqlarına hansı dili ana dili olaraq seçdiklərinə diqqət yetirməlidirlər. Bu ki milli-mənəvi kimlik məsələsidir!
Unutmayaq: ana dili mənəviyyatın, milli-mənəvi kimliyin, ikinci, üçüncü əcnəbi dil isə əsasən biliklərin, informasiyanın daşıyıcısdır...”
Sonda bir məsələni də qeyd edim ki, Azərbaycanda rus dilinin cəlbediciliyi daha çox ona görə artıb ki, əsasən Bakı şəhərindəki iş yerlərinin vakansiyalarına olan tələblərindən biri də işçinin rus dilini bilməsi şərtinin qoyulmasıdır. Məlumdur ki, iş məsələsi vətəndaş üçün ən həssas məsələlərdən biridir. İş axtaran insan iş yerlərinin axtardığı işçiyə dair tələbində rus dilini görəndə o insanda belə bir fikir formalaşır ki, “vaxtında rus dilini bilsəydim indi rahat iş tapardım”. Halbu ki, iş axtaran insan həmin vakansiyaya tam uyğundur, lakin rus dili, ümumiyyətlə xarici dil baryeri onu bu işə uyğun etmir. Ona görə də bu həmin insanda travma kimi qalır. Və beləliklə həmin insan öz övladını məktəbə aparanda onu rus bölməsinə yerləşdirir ki, “qoy övladım böyüyəndə rahat iş tapa bilsim”. Və beləliklə rus dili öyrənmək istəyənlərin sayı artır. Bu da təbii olaraq bizdə belə bir fikir formalaşdırır ki, Azərbaycanda iş yerlərinin lazım oldu olmadı rus dili tələbi qoyması məqsədli şəkildə edilir. Axı bura Azərbaycandır, Rusiya deyil. Və burada hər kəs Azərbaycan dilini bilir, hətta rus mənşəli olan vətəndaşlarımız da. O zaman nəyə görə iş yerləri işçilərinə lüzumsuz yerə əcnəbi dil tələbi qoymalıdır? Baxırsan ki, vakansiyada yazılıb- "Rus və ingilis dili əla səviyyədə bilməlidir". Əla bilmək üçün ya həmin dillərin bölməsini bitirməlisən ya da bir ətək pul töküb həmin dilləri öyrənməlisən ki, işsiz qalmayasan.
Ümumiyyətlə bu məsələyə dövlət ciddi nəzarət etməlidir, tənzimləməlidir ki, ana dilimiz işğalçıların dilinin arasında itib batmasın. Təkcə dövlət yox, vətəndaşlar olaraq biz də məsuliyyətimizi dərk etməliyik. Milli-mənəvi işğalın qarşısını hamılıqla almalıyıq. Ana dilimizə sahib çıxmalıyıq.