Müqəddəs Ramazan ayının başlanır deyə oruc tutmaq istəyənlərin qidalanma ilə bağlı sualları çoxalır.
Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, Ukrayna Kulinarlar Birliyinin üzvü , Türkiyə Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, beynəlxalq münsif, qida texnoloqu Ağa Salamov mövzu ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Sağlam oruc üçün imsakda hansı qidalara üstünlük verilməlidir? Nələrə diqqət yetirmək vacibdir?
- İmsakda çox ağır olmayan, sağlam, eyni zamanda gün ərzində orqanizmi tox tutan, zülal və karbohidrat tərkibli qidalara üstünlük vermək lazımdır.Yumurta, ağartı məhsulları, kərə yağı, qaymaq, qatıq, yüksək lifli qidalardan mərci, lobya, noxud, çərəzlər və quru meyvələr yeyilə bilər. Vitamin və mineral ehtiyacları təmin etmək üçün meyvə və tərəvəzləri menyuya daxil eləmək lazımdı. Meyvə-tərəvəz həm oruc tutanın vücudunun artan aclıq və susuzluq hissinin qarşısını alır, həm də sağlamlığına faydası olur. Bütün günü maye ehtiyacını təmin etmək üçün otaq temperaturunda su, ayran, təzə sıxılmış meyvə, tərəvəz şirələri, şorba və kompotlar içmək məqsədə uyğundur. İmsakda yeməkdən dərhal sonra yatmaq olmaz. Ən az yarım saat sonra yatmaq lazımdır.
- Oruc tutan şəxslər hansı qida və içkilərdən uzaq durmalıdır?
- Çox ədviyyatlı məhsullar, duzlu pendir, turşular, konservlər, emal olunmuş ət məhsulları (kolbasa, sosiska, hisə verilmiş balıq) kimi qidalardan uzaq durmaq lazımdır. Bu cür qidalar gün ərzində susuzluq hissini artırır. Həmçinin qazlı rəngli içkilər, enerji içkiləri və qəhvədən uzaq durmaq lazımdır.
Qəhvə kofein tərkibli olduğu üçün bədənin su ehtiyacını artıracaq ki, bu da oruc tutan insan üçün müxtəlif çətinliklər yarada bilər.
- İftarda ağırlaşma hissinin olmaması üçün menyu necə hazırlanmalıdır?
- Ramazan ayında oruc tutanlar iftar saatı yaxınlaşdıqda zəngin menyu ilə süfrəni hazırlayırlar. Ancaq, uzun sürən aclıqdan sonra boş mədəni çox yemək ilə yükləmək olmaz. Qızartma, həddindən artıq yağlı, xəmir yeməklərindən və unlu qənnadı məmulatlarından iftar və imsak süfrələrində doyumluq deyil, yalnız dadmaq üçün istehlak etmək məqsədəuyğundur.
Yaxşı olar ki, iftar otaq temperaturunda su və xurma ilə açılsın. Xurmanın tərkibində şəkər, zülal, lif və yağdan başqa 15 fərqli mineral və C, B1, B2 və A vitaminləri var. Həmçinin xurmada immunitet sistemini gücləndirərək xərçəngin qarşısını alma funksiyasına sahib selenium kimi minerallarda mövcuddur.
İftar yeməyinə mərci, tərəvəz və ya paxlalı şorba , bir dilim tam buğda, ya da çovdar çörəyi ilə başlamaq lazımdır. Ən az yarım saat sonra zeytun yağı ilə hazırlanmış tərəvəz salatı, ardından ət, toyuq, balıqla hazırlanmış və tam qızarmamış yeməklərə üstünlük verilməlidir.
Çay süfrəsində yaxşı olar ki,quru meyvələr, çərəzlər və xurma üstünlük təşkil etsin. Çaya gəlincə, oruc tutan insanların bədənlərində susuzluq və mədə narahatlığına qarşı bitki çayları çox faydalıdır. Xüsusilə razyana və çobanyastığı çayı tövsiyə olunur.
- Kimlər oruc tuta bilməz?
- Yaşlı və xəstə insanlar mütləq həkim müayinəsindən keçməli və həkimlərinin məsləhəti olmadan oruc tutmaqları da tövsiyə olunmur.