Ermənilər yüzilliklər boyu Osmanlı imperiyasında öz dini etiqad azadlığını qoruyub saxlamış, heç bir ayrı-seçkiliyə məruz qalmamışlar. Onların problemləri Avropanın katolik və protestant missionerlərinin Osmanlıya ayaq açmasından sonra genişlənməyə başlamışdır. Yezuitlər, kaputsinlər, dominikanlar, fransiskanslar, Müqəddəs Lazar Qospitalyerlər ordeni, karmelitlər, unitaryanslar, yevangelistlər və s. missioner, əslində Osmanlının daxilində Avropanın gizli kəşfiyyat təşkilatları funksiyasını icra etmişlər. Yezuitlər 1534-cü ildə İqnat Loyola tərəfindən Fransada əsası qoyulandan cəmi dörd il sonra 1538-ci ildə Osmanlı imperiyasına fransızların köməyi ilə soxulmağı bacardılar. Həmin dövrdə özünün ən parlaq dövrünü yaşayan Osmanlı imperiyasına nüfuz etmək Yezuitlərin əsas məqsədlərindən biri idi. Bu, Papanın gizli katolik ordusu idi və Osmanlıya qarşı bu dəfə Səlib yürüşünü aşkar yürüşlərlə deyil, müxtəlif dini-missionerlik missiyası altında yaymağa qərar vermişdi. Sonralar Sultan III Əhmədin maarifçiliyə maraq göstərməsi nəticəsində onlar Osmanlı tarixində təxribatlara yol açan fəaliyyətlə məşğul olmağa başladılar. Onların əsas məqsədi imperiya daxilində xristian təbəələrə təsir etməkdən ibarət idi.
1688-ci ildə Yezuitlər ordeni Ərzurum ermənilərinin bir hissəsinə katolikliyi qəbul etdirdilər. 1699-1701-ci illərdə Osmanlıda Fransanın səfiri olmuş Şarl d'Arjantey Markiz de Ferriol İstanbul erməni patriarxı və yerli katolik yepiskopun birləşməsi haqda sənəd imzalayaraq, onu Papaya təqdim etməyi planlaşdırmışdı. Lakin Yezuit ordeninin başçısı Brakone buna mane oldu və aranı qatdı, müqavilə etibarsız sayıldı. Erməni patriarxının cəzalandırmaq üçün sədrəzəm Çorlulu Əli paşaya rüşvət verdiyi iddia olunur. Nəticədə İstanbul erməni patriarxı Avetik Yevdokasi Yedikule zindanına atılmış, sonra Tenedos adasına sürgün edilmiş və iki aydan sonra əfv edilmişdir. Daha sonra patriarx fransız səfirin adamları tərəfindən oğurlanaraq 1706-cı ildə Marselə qaçırılmış, oradan XIV Karl və Roma papasının əmrinə əsasən Normandiyadakı Mon Sen-Mişel monastırına, daha sonra isə Bastiliya qalasına həbs edilərək beş il orada dustaq kimi saxlanılmışdır. Göstərişli şəkildə katolikliyi qəbul etdirdikdən sonra o, bir neçə günlüyə azadlığa buraxılmış və ona Parisdəki Müqəddəs Məryəm ana kilsəsində moizəçi olmasına imkan yaradılmışdır. Bir neçə aydan sonra başabəla patriarx vəfat etmişdir. Fransa səfirinin bu gizli əməllərinin üstü açıldıqdan sonra katolikliyi qəbul etmiş Karapet Çömçəoğlu və şair Komitas Vardapet Kömürçüyanın başları vurulmuş, onları katoliklər dərhal əzabkeş elan etmişlər. Bu hadisə bir daha onu göstərir ki, Roma papası və katolik Avropa Osmanlı imperiyasının təbəəsi olan erməniləri öz məqsədləri üçün istifadə etmişlər. Osmanlı imperiyasını parçalamaq üçün onlar imperiyadakı azsaylı xristian əhalisindən öz məqsədləri üçün istifadə etmişlər. Əslində xaraktercə fitnə-fəsada meylli ermənilər özləri də həvəslə bu təşəbbüslərə qoşulmuş, Osmanlı dövlətinə içəridən xain zərbə planlarının vurulmasında böyük dövlətlərin aləti olmaqda canfəşanlıq göstərmişlər. Onlar öz məqsədlərindən asılı olaraq gah avropalı katolik missionerlərlə, səfirlərlə müttəfiq olmuş, gah da onlarla ittifaqı pozaraq aralarında nifaq yaranmışdır.
1831-ci ildə istanbuldada erməni katolik icmasının əsası qoyuldu. Yuxarıda qeyd etdiyimiz kimi fransız səfirləri Osmanlıdakı ermənilərə katolikliyi qəbul etdirib sonradan onlardan müxtəlif məqsədlərlə istifadə işində xüsusi fəallıq göstərmişlər. İstanbul patriarxlığı ermənilər üçün təkcə dini yox, həm də siyasi-ideoloji mərkəz idi və onun ələ keçirilməsi həm də patriarxlıqda toplanmış böyük sərvətlərə sahib olmaq demək idi. Erməni mənbələrinin yazdığına görə "Amazqyans" təşkilatı məhz Osmanlı imperiyasındakı katolik missionerlərə və Roma Papasına qarşı mübarizə aparmışlar. Osmanlı sarayında yüksək vəzifə tutan katolik Ovsep Vardan Paşa antikatolik istiqamətdə əsərlər yazmağa başlamış, öz adını gizlətmişdir. Ermənilərin Osmanlı ordusunda xidmət etməsi məsələsi uzun müddət müzakirə mövzusu olmuş, lakin sonradan ermənilərin qəzetində belə fikirlər əsasında məsələyə bu tezislə son qoyulmuşdur: "Silah böyük dövlətin əlində (yəni Osmanlının) böyük işlər görməyə qadirdir, kiçik və zavallı əllərdə isə (yəni ermənilərin) o heç bir işə yaramır və təhlükəlidir"! Məhz avropalı missionerlərin fəaliyyəti nəticəsində Osmanlı imperiyasındakı ermənilər katolik və qriqoryan olaraq aralarında gərginlik yaranmışdır. Erməni patriarxları Osmanlı sarayı ilə sıx əlaqələrə malik idilər, istədikləri zaman sultanın hüzuruna çıxmaqla öz erməni icmalarının problemlərini onun diqqətinə çatdıra bilirdilər.
1877-ci ildə sultan Əbdülhəmid Yıldız sarayında Nerses Varjapetyanı qəbul edərək onu Osmaniye ordeninin birinci dərəcəsi ilə təltif etdi. Hər hansı məsələnin müzakirəsi üçün isə Osmanlı sədrəzəmləri patriarxları saraya çağırmayaraq, özləri onların yanına gedirdilər. 1910-cu ildə patriarx İzmirlyanın dəfnində bütün xarici diplomatlar iştirak edirdi. Osmanlı imperiyasında erməni sözünün yerinə qeydiyyat kitablarında qriqoryan sözü yazılırdı. 1908-ci ildə xristian, 1913-cü ildə isə patriarxlıq belə bir fərman aldı ki, ermənilər camaat (icma) statusundan millət statusuna keçirilir. 1914-cü ildə erməni patriarxı Tələt paşa ilə görüşüb ona ermənilərə məclisdə neçə deputat yerinin verilməsini müzakirə etdi, onların problemlərini çatdırdı. Ermənilərə qarşı qanunsuz hərəkətlərə yol verənlər cəzalandırıldı. Erməni yevangelistlərlə işbirliyində olan Amerika və İngiltərə diplomatları Osmanlı sarayında həmin ermənilərin orden alması üçün rüşvət verir, müasir dildə desək onların lobbiçiliyini həyata keçirirdilər. Protestant missionerləri Osmanlı imperiyasına 1819-cu ildə nüfuz etməyə başlayaraq, Amerikanın müstəmləkəçilik siyasətinin həyata keçirilməsində iştirakçı olmuşlar. İstanbul erməni patriarxı Matfey katolik və protestant missionerləri lənətləsə də, gizlində onlarla işbirliyini davam etdirmişdir. Həmin dövrdə artıq Osmanlı imperiyasının günəşi qürub edirdi və güclü Avropa dövlətlərinin missionerlərinə müqavimət göstərməkdə çətinlik çəkirdi. Missionerlər erməni əyalətlərində çoxsaylı məktəblər açaraq və erməniləri ələ alaraq onları öz tərəflərinə çəkməyi bacarmışdılar.
ABŞ-ın Board adlı üç kilsəsinin ittifaq missionerləri xüsusilə fəallıq nümayiş etdirirdilər. Onlar artıq aşkar şəkildə Osmanlı imperiyasının daxili işlərinə müdaxilə edirdilər. Romanın Osmanlı imperiyasında missioner missiyası nəinki katolikliyin təbliğatı, Osmanlının xristian əhalisini nəzarət altına almaq kimi məkrli planlar həyata keçirməklə məşğul idi. Hələ 1650-ci ildə Milanda erməni katolik təşkilatı yaradılmışdı. Onların məqsədi Osmanlı imperiyasının bir neçə yerə parçalanmasında fəal iştirak etmək idi. 1669-cu ildə İstanbuldakı məhəllələrin birində Fransa kralı XIV Lüdoviqin əmrinə əsasən, baş nazir Jan Batist Kolber Gənc linqvistlər və ya erməni məktəbi yaratdı. Məktəbin idarə olunması kaputsinlərə həvalə olunmuşdu, nəzarəti və himayəçiliyi isə Fransanın Osmanlı imperiyasındakı səfiri həyata keçirirdi. 1700-cü ildə Venesiyada Müqəddəs Lazar adasında erməni katolik Mxitaristlər birliyinin əsası qoyuldu, daha sonra Müqəddəs Anton ordeninin tərkibinə daxil oldu. 1700-1720-ci illərdə belə bir məktəb Parisdə açıldı və orada erməni missionerlər hazırlanmağa başladı. Erməniləri bu gün də Avropa ölkələrinin himayə etməsi gördüyümüz kimi yüzilliklər boyu davam edən bir prosesdir və bu gün də həmin missiya davam edir.
Təsadüfi deyil ki, Yezuitlər ordeninin üzvü olan Roma Papası Fransisk 24 apreldə çıxışlarının birində 1915-ci il hadisələrini təhrif edərək, onu "XX əsrin ilk soyqırımı" adlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq məsələsindən danışarkən çıxışlarında tez tez Amerikada yaşayan yevangelistlərin adını çəkir və onları ara qızışdırmaqda ittiham edir. ABŞ-da sayı 50 milyon olan xristian yevangelistlər Bibliya əfsanələrinə əsaslanaraq, İsraili dəstəkləyirlər. Onlar müqəddəs saydıqları kitabı belə təfsir edirlər ki, guya bütün dünya Hanaan torpağının İsrailə verilməsini qəbul etməlidir. Belə olarsa İsa Məsih tezliklə zühur edər və dünyada ədalət bərqərar olar. Yevangelistlər bu mövqelərini Bibliyada Allahın İbrahimlə sövdələşməsi, onun iki oğluna - İsmayıl və İshaqa müxtəlif nemətlər verməsi ilə əsaslandırırlar. Guya Allah İbrahimə və onun ailəsinə sərvətlər bəxş etməyi vəd edərək, İshaqın nəsli olan yəhudilərə Hanaan torpaqlarını - bugünkü İsraili və Dəclə çayına qədər olan əraziləri vəd etmişdir. Gördüyümüz kimi Türkiyənin xristian klubu olan Avropa Birliyinə qəbul edilməməsi, Papanın ermənilərin saxta "soyqırım" iddialarını qəbul etməsi, ABŞ Konqresində uydurma "soyqırım" qətnaməsinin qəbul edilməsi və yəhudi lobbisinin ona dəstək verməsi Türkiyənin İsraillə münasibətlərinin pisləşməsinə cavab, ABŞ-ın Yaxın Şərqdə yeni dünya nizamı yaratmaq istəməsinə Türkiyənin müqavimət göstərməsi, Ermənistanla sərhədləri bağlı saxlamasına görə bu gün də xristianların müsəlman Türkiyəyə qarşı məkrli planlarının davam etdiyini sübut edir.
Correct.az
Müəllif: Nəzakət Məmmədova
Avropanın Türkiyədəki gizli erməni casus şəbəkəsi - Tarixi faktlar
7264