XX əsrin əvvələrində Rusiya imperiyasında ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Çar imperiyası artıq özünün son illərini yaşayırdı. Belə bir şəraitdə geniş ərazili müstəmləkələri idarə etmək çətin idi. Çar Rusiyası çətin vəziyyətdən çıxmağın yolunu Dövlət Duması yaratmaqda gördü. Dövlət Dumasının əsas məqsədi müstəmləkə dövlətlərinin idarə sistemində yenilik etmək idi. Digər tərəfdən Dumaya seçilən şəxlərin əsas məqsədi xalqın fikirlərini Çar hökümətinə çatdırmaq, xalqı müdafiə etmək idi. Nəhayət, çıxılmaz vəziyyətdə qalan çar II Nikolay Romanov 11 dekabr 1905-ci ildə Dumaya seçkilər haqqında fərman verdi. Dumalara Azərbaycanlı deputatlar da seçilmək hüquq qazandılar. Belə ki, Rusiya Dövlət Dumalarında Azərbaycanın burjuaziya təbəqəsi və ziyalıları təmsil olunurdular.
I Dövlət Duması ona olan etimadı doğrultamadığı üçün çar tərəfindən buraxıldı. Yeni qərara əsasən, II Dövlət Dumasına seçkilər elan etdi. 1906-cı ilin sonu - 1907-ci ilin əvvəllərində Azərbaycanda II Dövlət Dumasına seçkilər keçirildi. Mülkədar və burjua ziyalılarının ən ləyaqətli nümayəndələri mandat hüququ qazandılar.
II Dövlət Dumasının Azərbaycanlı deputatlarından biri də Mustafa Hacı Musa oğlu Mahmudov olmuşdur. II Dumada M. Mahmudovla bərabər Azərbaycanı F.Xoyski, X.Xasməmmədov, Z.Zeynalov, M. Şahtaxtinski, İ.Tağıyev kimi vətənpərvər ziyalılarımız təmsil edirdilər. Duma öz fəaliyyətinə 20 fevral 1907-ci ildə başladı.
Mustafa Hacı Musa oğlu 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndinin Hacı Qəfərli məhəlləsində (indiki Mürtülü kəndi) anadan olmuşdu. İlk təhsilini əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir kənd məktəbində (İndiki V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbi) almış, sonra bir neçə il Göyçay qəza məktəbində oxumuşdur. O, sonrakı təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmiş, 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirmişdir. Bu illərdə, əsasən, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Prof. Dr. Əhməd Cəfəroğlunun verdiyi məlumata görə, Peterburqda ali təhsil almışdır.
M.Mahmudov II Dövlət Dumasının işində maraqlı çıxışları ilə yadda qalan, rus dilini öz ana dili kimi yaxşı bilən ən fəal türkdilli deputatlardan biri idi. O, Dumanın 9 şöbəsinin, 4 komissiyasının üzvü olmuşdur. Azərbaycanlı deputatların Çar Dumalarında cəsarətli, kəsərli, ifşaedici çıxışları haqqında sənədlərdə və tarixi ədəbiyyatda kifayət qədər dəlillər və epizodlar vardır. Bu cəhətdən Mustafa Mahmudovun II Dövlət Dumasındakı çıxışları çox səciyyəvidir.
M.Mahmudovun II Dövlət Dumasındakı çıxışlarından biri hələ ən yaxşı çıxışlardan biri kimi parlament tarixində qalmaqdadır. O, II Dövlət Dumasının 13 mart 1907-ci il tarixli 9-cu iclasında - "Hərbi - səhra məhkəməsinin ləğvi haqqında" qanun layihəsinə dair müzakirələrdə yaşadığı dövrün ziddiyyətlərini belə ifadə etmişdir: "Cənab xalq nümayəndələri, iki gün ərzində burada deyilənlərə nəyi isə əlavə etmək mənim üçün çətindir. Yalnız bir şeyi deyə bilərəm: bütün böyük Rusiya hazırda çoxmilyonlu xəstələri olan "lazeret"ə (kiçik hərbi xəstəxanaya) bənzəyir. Siz- xalq nümayəndələri həkimsiniz, buraya konsiliuma çağrılmışsınız. Siz diaqnoz qoymalı və dərhal işə başlamalısınız.... Hər bir həkim lazeretə daxil olarkən, hər bir sanitar dəstəsi döyüş meydanına yola düşərkən lkin kömək göstərir ən əsas, ən ciddi xəstələrə, lakin heç də ümidsiz olmayan xəstələrə ilk növbədə kömək göstərir,diqqət verir. Hərbi-səhra məhkəmlərinin qurbanları belə xəstələrdəndir. Biz bunun səbəblərini araşdırmağa vaxt itirməməliyik. Faktların özü hər şeyi göstərir. Biz artıq, insanları xilas edən tədbirlərin həyata keçirilməsinə başlamalyıq. Mən qorxuram, siz də, xalq nümayəndələri də qorxun ki. hər gün həyatını xilas etmək xahişi ilə buraya müraciət edən, lakin cavab almayan həmin qurbanlar sizi bu cinayəti əlbir törətməkdə olmasada, səhlənkarlıqda ittiham etsinlər. Cənablar iş görməyə tələsin. Unutmayın ki, dediklərimizi bir qulaqdan alıb o biri quaqdan buraxırlar..."
Mustafa Mahmudovun Rusiya II Dövlət Duması Xalq Təhsili komissiyasının üzvü kimi çıxışları həmişə ciddi müzakirələrə səbəb olmuşdur. Peşəsi müəllim olan M.Mahmudov Dumanın Xalq Təhsili üzrə komissiyasının üzvü kimi xalq maarifi naziri tərəfindən təqdim edilmiş qanun layihəsi üzrə çıxış edərək diqqəti müsəlman müəllimlərin hüquqsuz vəziyyətinə yönəltdi. O qeyd etdi ki, müsəlman müəllimlər insan ləyaqətindən, xalq təhsili üzrə bu və ya digər vəzifəni tutmaq hüququndan məhrum edilmiş xüsusi bir təbəqəyə ayrılıblar, onların ana dilində danışmaq hüququ yoxdur, buna görə də onlar sıxışdırılır. M.Mahmudov icbari ümumi ibtidai təhsil tələbi əlavə olunmaqla, qanun layihəsinin komissiyaya verilməsi barəsində kadetlərin təklifini müdafiə etdi. M.Mahmudov belə çıxışlarının birində xalq təhsili nazirini ana dillində olan təhsilə, müəllimlərin nüfuz və şərəfinin yüksəldilməsinə qayğı göstərməyə çağırırdı.
Görkəmli pedaqoq həmçinin, İşsizlərə Kömək komissiyasının üzvü seçilmişdir. M.Mahmudov "Proqress" qəzetində seçicilərə müraciət edərək, onları işsizlər və onlara zəruri olan köməyin miqyası barəsində məlumat verməyə çağırırdı.
Azərbaycan əsilli Türkiyə dilçisi dr. prof. Əhməd Cəfəroğlu M.Mahmudovun xalq üçün gördüyü işləri yüksək qiymətləndirmiş və onun fəaliyyəti haqqında məqalələrlə mətbuatda çıxış etmişdir.
II Dövlət Dumasının tərkibi II Nikolayı qane etmədiyi üçün onu buraxmaq qərarına gəldi. 1907-ci ilin iyunun 3-də Dumanın buraxılması və onun sosial-demokrat deputatlarının həbs olunması barədə monarxın fərmanı verildi. Duma buraxıldıqdan sonra Mustafa Mahmudov Bakıya dönərək yenidən pedaqoji fəaliyyətini davat etdirməyə başladı.
Araşdırmaçı Nuralı İsmayılov