"Bu cür deputatlar, məmurlar azlıq təşkil etsəydi elədə böyük narahatlıq olmazdı" - Mehdi Ağazadə

No description available.

Deputat Rüfət Quliyev - “Dövlətin qoyduğu qaydalar bundan ibarətdir ki, insanların qida təhlükəsizliyi ilə əlaqədar bağlı məsələlər həll olunmalıdır. Təsəvvür edin, indi hərarət, təxminən, 40 dərəcədən çox qalxır. Bu istidə kuryerlər sifariş olunan yeməkləri 15-20 dəqiqə xüsusi çantalarda daşıyırlar. Müəyyən problemlər yarana bilər. Bu, insanların təhlükəsizliyi ilə bağlı məsələdir. İstənilən hal deyir ki, kuryerlərin sayı azalsın”

İlk öncə onu demək istərdim ki, nə zamana kimi bu xalq, bu millət bəzi məmurların, deputatların mənasız ifadələrindən və fikirlərindən əziyyət çəkəcək? Əgər hörmətli deputat kuryer işləyən gənclərin səhhətini fikirləşirsə, onları düşünürsə, niyə oturduğu milli məclisdə təklif irəli sürmür ki, iş yerləri açılsın, gənclər işsiz qalmasın, daha rahat işləsinlər və s. Çünkü bu insanların fikri millət, xalq deyil onların fikri yalnız oturduqları kreslo, vəzifə, pul və sairdir. Bu formada ifadələr isə yalnız söz xatirinə olan ifadələrdir ki, insanlar Rüfət müəllimin də nəsə bir söz dediyini düşünsünlər. Şəxsən mənim özümə bir neçə dəfə Rüfət Quliyevin deputatlıq etdiyi Lənkəran rayonundan şikayətlər gəlib ki, biz heç cürə dolana bilmirik, dolanışığımız çətindir. İcra başcısı bizi qəbul etmir, deputatı isə ümumiyyətlə tanımırıq. Bəs görəsən niyə Rüfət Quliyev ilk öncə deputatlıq etdiyi rayonun əhalisi ilə maraqlanmır? Onların problemləri ilə məşğul olmur? İndi isə günü 10-15 manata işləyən kuryerlərin işinə mane olmaq istəyir.

Hörmətli Rüfət Quliyev, əgər söz danışa bilmirsinizsə, fikir söyləyə bilmirsinizsə, söz xatirinə danışırsınızsa bu bizlərə lazım deyil. İcazə verin insanlar öz çörək pullarını qazansınlar. Daha da önəmlisi odur ki, bu cür deputatlar, məmurlar öz vəzifələrini yerinə yetirməməsi, xalq üçün çalışmaması, millətin rifahını düşünməməsi bir yana, hələ bir vəziyyəti daha da qəlizləşdirirlər. Düzünü desəm bu bizlər üçün utanc verici bir haldır ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları bu haldadırlar. Nə bu xalq üçün düzgün fikirləri, nə də ki, bir işləri var. Bu cür deputatlar, məmurlar azlıq təşkil etsəydi elədə böyük narahatlıq olmazdı. Düşünərdik ki, yaxşılar çoxluq təşkil edir. Amma dərd burasındadır ki, 95 faiz məmur və deputatın vəziyyəti bu haldadır. Doğurdan da acınacaqlıdır...


Ağ Partiya Gənclər Təşkilatının sədri Mehdi Ağazadə
16260

DİGƏR XƏBƏRLƏR