SƏDDAM NƏCƏFOV

Türkiyə hərbiçilərinin gəlişi, Əliyevin əlini masada gücləndirir

Türkiyə hərbiçilərinin gəlişi, Əliyevin əlini masada gücləndirir

SƏDDAM NƏCƏFOV
 
Qədim tarixi keçmişə malik xalq olaraq adət-ənənələrimiz, el məsəllərimiz var. Bu məsəllərin içində qonşularla da bağlı kifayət qədər məsəllərimiz var. Tarixin bizə ərməğan etdiyi qonşuların kimisi bizə dostluq, kimisi isə düşmənçilik münasibətləri bəsləyib. Lakin el məsəlindəki kimi bu qonşulardan evini satıb qurtula bilməzsən. Çünki yaxşı ya pis eyni coğrafiyada yaşayırsan və yaşamalısan. İndi gələk bizim şimal qonşumuza. Hansı ki, tariximiz bu qonşumuzun bizə işlətdiyi hiyələri, xəyanətləri, işğalları ilə zəngindir. Əlbəttə mənim fikrimcə təbii ki, dövlətçilik tariximiz 1918-ci ildən başlamır. Sadəcə bütün tariximizi bu dəfə bura yazmalı olsaq, yəqin ki sizə də yorucu gələr. Lakin şərqdə ilk cümhuriyyət quran Rəsulzadə hakimiyyətinə  daxildən və xaricdən savaş açan şimal qonşularımızın bizimlə olan "dostluq" münasibətləri hər kəsə məlum olsa gərək. Bundan sonra sovetlər birliyinə daxil edilən Azərbaycanda vaxtaşırı sürgünlər və eyni zamanda milli genefondu məhv etmək üçün xalqa qarşı olmazın zülmlərə əl atılıb. Ta ki 90-cı illərin əvvəllərinə qədər. Yəni SSRİ dağılana qədər. Gərçi bu illər də tariximizdə müxtəlif izlər buraxmamış deyil. Məhz sovet rejiminin, azadlığı uğrunda ürəyi çırpınan Azərbaycan xalqına qarşı törətdiyi 20 yanvar faciəsi və 1989-cu ildən başladılan Erməni təxribatları və bu təxribatlar sonunda  Qarabağın işğal olunmasına qədər gətirib çıxardı. Nəyahət Azərbaycan yenidən müstəqillik dövrünə qədəm qoyduqdan sonra yalnız 2020-ci ildə öz tarixi haqqının bir qismini bərpa edə bildi. Yəni ən azından Qarabağı düşməndən hərb yolu ilə azad etdi. Əslində bunu bir çox siyasi prosseslərə borcluyuq. Bəzilərini isə, bu yazımda bildirəcəm. Ondan öncə isə, məncə şimal qonşumuzun bizə yaşatdığı belə zəngin tarixdən artıq nəticə çıxartmalıyıq. Nə isə. İndi gələk bu günümüzə. Bəli bu gün də ruslar Azərbaycan torpaqlarına gələ bildilər. Lakin münaqişə zonasına gəldilər və bu dəfə sülhməramlı obrazında gəldilər. Əlbəttə onların nə qədər "sülh" məramlı bir dövlət olduğunu müzakirə etmirəm. Lakin bu günün reallığını mən, bir az fərqli görürəm. Məsələn 1918-ci ildə Nuru paşa komandanlığı altında “Qafqaz İslam Ordusu” qurulub, cümhuriyyətimiz tarixində bizə önəmli dəstək versələr də, sonra Nuru paşa və onunla gələn ordu geriyə dönməli olmuşdu. Elə Şimall qonşumuz da bu hadisəni öz xeyrinə dəyərləndirmişdi. Bəs bu gün necədir? Azərbaycan üzərindən çirkin maraqlarını təmin etmək istəyən və ya onlara maşalıq edən hər kəs təmamiylə fərqli bir durumla qarşı-qarşıyadır. Türkiyə cümhuriyyətinin Azərbaycana əlindən gələn dəstəyi verdiyi hər kəsə bəllidir. Lakin bu zamana qədər bizim üçün ən önəmli dəstəyi diplomatik dəstək oldu. Məncə bu dəstək, qısa müddət ərzində savaşların seyrini dəyişən Türkiyə istehsalı pilotsuzlardan belə önəmli idi. Savaş kapitulyasiya imzalanaraq Azərbaycanın xeyrinə dayandırıldı və Rus, Türk sülhməramlıları məsələsi gündəmə gəldi. Bu günlərdə isə qardaş Türkiyə hərbi birliklərini və lazimi hərbi vəsaitləri razılaşmaya əsasən Azərbaycana göndərdi. Məncə Türkiyə əsgərlərinin bu günlərdə buraya gəlməsi, Moskvada Putinin dəvəti ilə baş tutacaq Əliyev, Paşinyan görüşündə Azərbaycanın əlini gücləndirəcək. İndi bunu acizanə şəkildə əsaslandırım. Məsələn, necəki Putinin əli onun sülhməramlılarının ərazidə olması ilə güclüdür. Yaxud sülhməramlılarının əraziyə girişi ilə bu məsələdə oyunçu olmağa çalışır, və hansıki məncə ən doğru təqdimat budur. Eləcə də Türkiyə hərbiçilərinin artıq Azərbaycanda yerləşməsi sülhməramlılara alternativ kimi masada bizim əlimizi gücləndirər. Mən isə nə bu görüşün bu tarixdə baş tutmasını nə də Türkiyə hərbiçilərinin tam bu tarixdə Azərbaycana girişini təsadüfi hesab etmirəm. O ki, qaldı bu görüşdən gözləntilərimizə, bildirməliyəm ki, hələki üstünlüyün bizdə olduğunu hesab edirəm və məncə Əliyev görüş qabağı xalqa müraciətində edə bildiyi ən mümkün güzəştləri efir vasitəsi ilə həm də tərəflərə eşitdirib. Hə. Bir də bayaq müqayisəsini apardığım 1918-cu il və bu günün reallıqları barədə onu demək istərdim ki, o zaman Osmanlının yalnız izi qalmışdı və özü faktiki yox idi. Yəni öz gücünü və siyasi təsir qabiliyyətini itirmiş bir qardaş bizə köməyə gəlmişdi. Buna görə də buralarda qala bilmədi və geri dönməyə məcbur oldu. Lakin məncə bu müqayisə yerinə düşər ki, hazırkı dövrdə bizə yardıma, yenidən dirçəlməkdə olan və dünyaya öz gücünü yenidən isbat etməyə başlayan bir Türkiyə gəlib. Və bu nüansı qeyd edim ki, bu dəfə məsələnin tam həllinə nail olmamış geri dönməyə niyyətli də deyil. Bu reallıq isə mənə görə öz növbəsində Moskva görüşünün taleyini bizim xeyrimizə dəyişməlidir. Ümid edək ki belə də olacaq.

MÜƏLLİFİN DİGƏR YAZILARI