SƏDDAM NƏCƏFOV

Yeni dünya düzənin mərkəzində Azərbaycan

Yeni dünya düzənin mərkəzində Azərbaycan

SƏDDAM NƏCƏFOV
Azərbaycan coğrafi baxımdan əlverişli məkanda yerləşdiyi üçün, daima mənfur qonşuların gözü bu torpaqlarda olub.  Yazımı məhz bu cümlə ilə  başlamağın əlbəttə ki, səbəbi var. Ən azından ona görə ki, hər birimiz ən kiçik yaşlarımızdan başlayaraq, eləcə də təhsilimizin hər pilləsində, tarix dərslərində bu sözləri eşidərək təhsil aldıq, bu sözlərlə böyüdük. Bu barədə hər nə qədər eşidib, öyrənsək də, bəzən bütün bu kimi iddiaların geridə qaldığını, artıq yeni texnoloji, yeni iqtisadi zənginliklərin əsrində yaşadığımızı da düşündük. Təbii ki, bu fikirlərin də real bəhanələri var idi. Lakin insan resursu və iqtisadi yöndən dünyamızın böyüməsi, yeni qlobal problemləri ortaya çıxartmaqda olduğuna da şahidlik edirik. Əvvəlcədən bildirim ki, heç də bu yazıda həmin problemlərdən danışmaq fikrində deyiləm. Sadəcə dünyada yarana biləcək su, qida qıtlığının bütün böyük dövlətlərin özünə görə qurduğu strateji xəttinə təsiri günümüzdə görülür. Son illərdə üzərində çox ciddi şəkildə çalışılan “İpək Yolu”  bununla paralel olaraq Avropaya neft, qaz boru xətləri və s. kimi layihələrin yenidən aktuallaşması başqa mətləblərdən xəbər verir. İndi gələk yazının məğzi olan məsələyə. Bütün bu layihələrin mərkəz yeri heç bilirsinizmi haradır? Əlbəttə ki, Azərbaycan. Daha dəqiq yeri desək mərkəzi Azərbaycan, düyünü isə Zəngəzur. Və Zəngəzur düyününün kilidi həllini tapmamış Qarabağ münaqişəsi idi. Azərbaycanın qəhrəman əsgərləri hesabına torpaqlarımız işğaldan azad olundu. Lakin bu müharibənin gedişatı və qələbədən sonrakı şərtlər yuxarıda bəhsi keçən layihələrin taleyini həll etdiyi üçün, bu münaqişənin həllində Azərbaycandan əlavə də maraqlı dövlətlərin olmasını labüd edir. Mən, bu maraqlı tərəflərin İpək Yolu kimi Çindən Avropaya qədər və hətta daha da uzağa ingilislərin krallığına qədər uzandığını düşünürəm. Düşüncəmin səbəblərinin bütününü  olmasa da, müəyyən qismini yuxarıda qeyd etdim. Bir də bu məsələdə sözün yaxşı mənasında maraqlı tərəfin bizə qardaş millət və qardaş dövlət olan Türkiyə Cümhuriyyətinin böyük siyasi və iqtisadi səbəblərindən dolayı olduğunu deməliyik. Bütün bu maraqlar birdən-birə, öz-özünə yarandımı? Əlbəttə, xeyir! İndiki zamanda tərəfləri, müttəfiqlikləri lazımınca müəyyənləşdirmək mümkün olmasa da, günümüzdə önəmli dəyişikliklərin baş verdiyini və yeni qütblərin yarandığını görə bilirik. Əgər biz, illər boyu qurulan birliklərə alternativ bir birlik qurmaq istəyiriksə, o zaman bu gün, müsəlman dövlətlərin güclü “Türk və İslam Birliyi” düşüncəsinə sahib çıxmalı, Türkiyənin apardığı siyasətdə məsuliyyət sahibi olmaqdan çəkinməməlidirlər. Bəlkə də tarix bizlərə yeni bir şans verir. Bunun üçün münbit şərait yaranıb. Yuxarıda adını çəkdiyim Zəngəzurumuzda ingilislərin marağı və “Türk İslam Birliyi” marağı var. İkisi də bizim xeyrimizədir. Çinlə Pakistanın müttəfiqliyinə, Türkiyə Azərbaycan və Pakistan müttəfiqliyinə o cümlədən də öz çıxarlarına  görə ingilislərin də maraqlı tərəf kimi görünmələri, bu məsələlərdən bütün region dövlətlərinin  qalib çıxa biləcəyinə işarə verir. Eyni zamanda Türkiyə son illərdə Rusiya üzərində hərbi nailiyyətləri ilə  özünün bu regionda etibar ediləcək tərəfdaş olduğunu isbatladı. Baxmayaraq ki, bunun baş verməməsi üçün bəzi güclər əlindən gələni etdi. Əlbəttə əks qütbləri unutduqmu? Əsla ! Burda ABŞ və onun yanında artıq hər kim varsa... 
Çünki, bütün bu hadisələr ABŞ-la Böyük Britaniya arasında əsən soyuq küləklərin nəticəsində baş verir. Yaxud soyuq küləklərin səbəbi elə məhz bu hadisələrdir. Həm də bütün bunlar böyük bir pandemiya görüntüsü fonunda inkişaf etdi. Yəqin çoxumuz, dünyada xəritələrin dəyişməsini və ya böyük dəyişikliklərin olmasını qlobal hadisələr zamanı olduğunu başa düşürük. Yəni, böyük dəyişikliklər üçün, dünyada hansısa qlobal hadisələr cərəyan etməlidir. Mən öz adıma, Qarabağ savaşının da məhz pandemiya dövrünə “təsadüf” etməsini heç də təsadüfi hesab etmirəm. Bəlkə pandemiya dövründə bundan daha böyük bir hadisənin şahidi olacağıq. Hər halda bunu zaman göstərəcək. Lakin elə Əliyevin dediyi "Ermənistan istəsə də istəməsə də Zəngəzur məsələsi həllini tapacaq" sözlərinin açması budur ki, bu məsələ yuxarıda dediyim dünya güclərinin ciddi şəkildə maraq dairəsində ikən Ermənistan kimdir ki, istəməsin?!

MÜƏLLİFİN DİGƏR YAZILARI