AZƏR HÜSEYNOV

İdealizm və səmimiyyət

İdealizm və səmimiyyət

AZƏR HÜSEYNOV
Ölkəni daha da inkişaf etdirmək üçün bir qism öncül insanda idealizm və səmimiyyətin olması lazımdır. İdealizm dedikdə mən idealizm-materializm çatışmasını qəsd etmirəm. Burada məramım bir qrup ideallarına sıx bağlı olan insanın olmasıdır. İdeallar türk dili ilə ifadə etsək ülkülərdir. Ülkülər isə hədəf və arzulardır. İdealist insan fədakardır. Ürəyinin bütün hissələri ilə, vücudu və ruhu ilə ölkəsini inkişaf etdirmək istəyir. Mənəviyyatçı idealizm ölkəsini yalnız maddi inkişaf etdirmək deyildir. Mənəvi və maddi olaraq inkişaf etdirməkdir. Bu da öz növbəsində ciddi səmimiyyət, islami dillə desək ixlas tələb edir.
İdealizm və səmimiyyətin birləşmədiyi qalstuklu, karyerist insanlar milləti yüksəldə bilməz. Yəni, işi, arzusu bir yerə gəlib, ancaq babat qazanmaq, hörmət-izzət sahibi olmaq istəyənlər millətin xilası üçün səmimi qəlbdən çalışmazlar. Onlar yaxşı icraçı ola bilərlər. Amma onlar xəyallar qura bilməz, yeniliklər ərsəyə gətirə bilməzlər. Ona görə bu millətin idealist və səmimi insanlara ehtiyacı vardır. İdealist və səmimi insanlar evi tikər, sonra onu istifadəyə verər. Bu evdə hər tip adam görərsən. O ev də idealistlər yox olduqda çökər və yeni idealistlər doğulana qədər yenilik olmaz. Türklərin Qızıl Alması da, müsəlmanların İlayi Kəlimətullahı da idealist insanların arzusudur. İdealistlər olmazsa cəmiyyətlər batar, çökər və aşınar.

MÜƏLLİFİN DİGƏR YAZILARI