RAMİN ƏBİLOV

Ailəni, cəmiyyəti və dövləti ayaqda tutan dörd şərt

Ailəni, cəmiyyəti və dövləti ayaqda tutan dörd şərt

RAMİN ƏBİLOV
Dostlar, ailəni, toplumu, cəmiyyəti və dövləti ayaqda tutan dörd əsas şərt var. Bunlar, Ədalət (Haqqın və ya haqqların qorunması), Şəfqət (Mərhəmət hissi), Hikmət (Məntiq) və İxlasdır (Səmimiyyətdir).
Bu prinsiplərə dayanan ailələr, cəmiyyətlər və dövlətlər möhkəm və sağlam təməllərə dayandıqları üçün, uzunömürlü və bütün çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəlmişlər. Əksini fərz etdiyimiz zaman, tablo tamamen dəyişik olacaq. Yəni, yuxarıda sadalanan prinsiplər aradan qalxdığı zaman, istər ailələr olsun, istərsə də cəmiyyətlər və dövlətlər olsun dağılmağa, çökməyə məhkum olur,ALLAH qorusun.

Ədalətin şəni, haqq və hüquqları qorumaqdır. Ədalət açısından baxıldıqda, güclü olan haqqlı deyil, haqqlı olan güclü hesab olunur. Gücü, təziq vasitəsi deyil, özünü (ailə və dövlət misalında) və himayəsində olanları qorumaq üçün tətbiq edər. Belə olduğu zaman, insanlar haqsız olmaqdan çəkinər, haqqlı olduğu zaman da güvənc içərisində yaşayarlar. Bu minvalla, istər ailə daxili, istərsə də cəmiyyətdə, insanlar hüzurlu və səadətli yaşayarlar. Əksini düşündüyümüzdə, həm ailələrdə, həm cəmiyyətdə ədalətsizlik boy gəzər, güc əzmə vasitəsinə çevrilər və zülm ərşə çıxar.

Şəfqətin şəni, fədakarlıqdır. Yəni, yalnız özünü deyil, bütün məxluqatı, yaradılmışları düşünərək, acıyaraq, mərhəmət hissi ilə insancasına yaşamaqdır. Bu məsələni daha geniş ələ alsaq, insanlar da heyvanlar kimi öz yavrularına, övladlarına qarşı ALLAH tərəfində mahiyyətlərinə dərc edilmiş şəfqət hissini daşıyırlar. Lakin, biz insanları heyvanlardan ayıran və bizi həqiqi İNSAN edən əsas xüsuslardan biri də, yaradılmışları Yaradandan ötrü sevməyimiz, acımağımız, şəfqət hissi ilə davranmağımız və yardım etməyimizdir. Şəfqətin hakim olduğu ailələrdə MƏN sözü əvəzinə BİZ sözü yer alar. Şəfqətin dövlət çapındakı yansıması, vətəndaşına maksimum yüksək sosial-rifah halını təmin etməkdir. Ölkədə kəskin sinfi təbəqələşmənin qarşısını almaq. İşsizlərə, kimsəsizlərə, yetimlərə, əlillərə sahib çıxmaq və onların həyatlarını gözəl şəkildə davam etməsini təmin etməkdir. Bizim ölkəmizin misalında, vətən və dövlət uğrunda canından və səhhətində keçmiş şəhidlərimizin ailələrinə maddi-mənəvi qayğı göstərmək, qazilərimizə dəstək olmaqdır. Əksi təqdirdə, işsizlər üçün ayrılan məvacib kartları icra başçılarının seyflərindən çıxır, həqiqi əlil olanların böyük əksəriyyəti (rüşvət və süründürməçilik üzündən) əlillik müavinatından məhrum qalır, əlil olmayanlar isə rüşvət müqabilində illər boyu, bu gün də əlillik pensiyası alır. Kimsəsiz qocalar və yetimlər üçün nəzərdə tutulmuş humanitar yardımlar isə “yardımsevər qurumlar” tərəfindən yeyilir.

Hikmətin şəni, ağıla və məntiqə dayanan, hal və davranışlar sərgiləməkdir. Toplumsal olaraq, məşvərət və müzakirələr nəticəsində qəbul edilən qərarlar və qanunlardır. ALLAH insanı əşrəfül-məxluqat (yaradılmışların ən şərəflisi) ünvanı ilə yaradarkən, heyvanlardan bizi fərqələndirən ən üstün nemət olan, analitik ağılla təchiz etdi, süslədi. Yəni, istər ailələrimizdə, istərsə də dövləti məsələlərdə, qəbul etdiyimiz qərar və qanunlar əbəs, yersiz, məntiqsiz və faydasız olmamalıdır. Xüsusən dövlət çapında məşvərət, müzakirə və fikir mübadilələri işin əhli olan, peşəkarlarla olmalıdır...., həvəskarlarla və söz xatirinə söz söyləyənlərlə deyil. Belə olduğu təqdirdə nizam-intizam, inkişaf, yüksəliş və nəaliyyətlər olar. Əks halda, olur Azərbaycan Milli Məclisi, TƏBİB, Operativ Qərargah və s.

İxlasın (Səmimiyyətin) şəni, riyadan uzaq olmaqdır. Belə ki, insan, niyyəti, düşüncəsi və məramı ilə dürüst olmalıdır. İxlaslı insan həm ALLAH qatında əziz olar, həm də ailədə, çevrəsində və cəmiyyətdə güvənilən, etibarlı və əmin insan kimi tanınar, ehtirama layiq görülər. Dövlət-vətəndaş münasibətlərində də bu prinsip çox önəmlidir. Dövlətin zirvəsində duran insanlar hal və davranışlarında son dərəcə həssas və səmimi olmalıdılar ki, insanlar onların səmimiyyətinə inansın və güvənsin. Məhz belə olduğu halda, dövlətlə xalq vahid bir vücud şəklində birləşə bilər və istənilən problemi həll etmək mümkün olar. Bunun üçün etimad mühiti son dərəcə vacib və zəruridir. Əks halda dövlətlə xalq arasında uçurum yaranır, etimadsızlıq, inamsızlıq və güvənsizlik atmosferi formalaşır. Yaranmış bu cür əhval-ruhiyyə ilə isə, idarəçilikdə olanlara bir çox hallarda xalqı inandırmaq çox çətin olur, bəzən də mümkün olmur. Bu isə sonucda, cəmiyyətdə  itaətsizliyə gətirib çıxarır.

Əziz xalqım, sonda deyəcəyim odur ki, cəmiyyətimiz bizlərdən ibarətdir. Bu vətəndə yaşayan bizlərik. İlk nöbədə yuxarıda sadalanan xüsusiyyətləri, prinsipləri özümüzdə aşılamalıyıq. Əlimiz yetişən dar çevrədə, öz ailəmizdə tətbiq edib yaşamalıyıq. Sonra isə qanunlarımızı, hüquqlarımızı öyrənməli və bunları pozanlara qarşı ciddi vətəndaş mövqeyi sərgiləməli və vətəndaş cəmiyyəti olaraq sonunadək mübarizə aparmalıyıq.
ALLAH yar və yardımçımız olsun.
 
 Agxeber.com

MÜƏLLİFİN DİGƏR YAZILARI