1. Neft kəməri ətrafı ehtiraslar. Ceyms Bond Azərbaycana niyə gəlmişdi?

Neft kəməri ətrafı ehtiraslar 1.

 İngilis başlanğıcı.

(Yazı analiz xarakterlidir, dördüncü hissədir. Bundan öncəki 2-ci hissəni,  3-cü hissəni, 4-cü hissəni  keçidlərdən oxuya bilərsiniz)

   «Kabus fabrikasının” (HOLLYWOOD) istehsal etdiyi bir çox filmlər sadəcə qazanc əldə etmək üçün deyil. Pul əlbəttə ki, mühüm aspektdir, lakin əsas aspekt deyil, xüsusən də məşhurlaşdırılmış filmlərdə. Adətən bu filmlərdə bir növ simvolik mesajlar mövcuddur.
Simvol dedikdə, açıq-aşkar məna xaricində, müəyyən qrup üçün nəzərdə tutulan gizli məzmunu ehtiva edən obrazı qəsd edirik. Mesajın məqsədə nail olması üçün, çıxış obyektinə (mövcud halda filmə) gizli söyləmələr əlavə edilir, beləliklə də tamaşaçılara müəllifin nəyi qəsd etdiyi bildirilir. Bu gizli mesajları görmək və doğru anlamaq üçün, müəyyən metodun və məharətin olması şərtdir.

 Bu mövzuda, “The World Is Not Enough” filmindən agent Ceyms Bond 007 ilə doktor Kristmas Cons arasında keçən dialoq cəlbedicidir. C.Bondun uzun və çoxmənalı monoloqunu dinlədikdən sonra, doktor Cons deyir: “Sən bunu, casus dilini anlamayanlar üçün, insan dilində deyə bilmirdin?!”
Məhz bu “casus dilindən” “insan dilinə” tərcümədə gizli mənaların anlamları mövcuddur. Bəzi məqamlarda onları anlamaq asandır, bəzi məqamlarda isə o qədər də asan olmur. Məsələn, Pol Qrinqrassın “Ceyson Born” (2016) filmində, “Teleqram” mesencerinin yaradıcısı və sahibi Pavel Durova məcazi istinad və onun, dövlətlərin xüsusi xidmət komitələriylə olan çətin qarşılıqlı münasibətləri açıq-aşkar şəkildə göstərilib. Lakin, bondiyananın on doqquzuncu seriyasında məna tutmaq o qədər asan deyil və bu mənalar olduqca çoxdur. Gəlin bu filmi araşdıraq.

“The World Is Not Enough” filmi gizli mesajlarla doludur və maraqlısı da odur ki, onların hamısı incəliklə düşünülmüş sxem üzərindədir. Bu olduqca nadir hallarda baş verir. Adətən mesajlar kənarlarda və dolaşıq işarələrdə gizlənilir. Burada isə biz çox aydın şəkildə hadisələrin cərəyanının proqnozunu müşahidə edirik, bu da maraqlı olan şəxslərə bir növ xəbərdarlıq və mövqe ifadəsidir. Lakin biz hadisələri tələsdirmədən ən başdan başlayacağıq.
Hadisələr “King İndustries” beynalxalq korporasiyasının sahibi və idarəçisi olan ser Robert Kingin ətrafında cərəyan etməkdədir. M.-adlanan Mİ-6 (Britaniya kəşfiyyat bürosunun) başçısı "007" agentinə, rusiya nüvə silahları müəssisəsinin məxfi hesabatına R.King tərəfindən sərf edilmiş  üç milyon funt sterlinqinin (beş milyon ABŞ dollarının) geri qaytarılmasını əmr edir.

Bununla belə M., Ser Robertlə çoxdan bəri olan dostluğunu gizlətmir. Onlar birlikdə Oksfordda oxumuş və o dəfələrlə müxtəlif incə məsələlərlə M.-ə müraciət etmişdir, həmçinin qızının qaçırılması hadisəsi ilə də. Lakin bu dəfə hər şey daha maraqlı idi. Bu hesabatı King, onun çəkdiyi neft kəmərində baş verən partlayışların arxasında kimin durduğunu öyrənmək niyyətilə almışdır. Lakin bu hesabat saxta idi və M. saxtakarlarla mübarizə aparmaqda Kingə yardım etmək üçün bu işi Bonda həvalə edir və Bond da bu işi özünəməxsus məharət üslübuyla yerinə yetirir.
Burada artıq düşünmək lazımdır. Axı necə ola bilər ki, dövlət xüsusi xidmətinin idarəçisi öz xidməti vəzifəsindən istifadə edərək, özəl bir şəxsin maraqlarını güdür?! M. dövlət hesabına, qətl etmə lisenziyası olan dövlət xidmətçisini bu işin çözümü üçün göndərir. O da başqa bir dövlətdə həm şəxsi, həm də digər insanların həyatlarını təhlükəyə məruz qoyaraq “işini” görərək, bütün bilinən və bilinməyən qayda qanunları pozur. Bu da sadəcə ser R. Kingin vəsaitinin geri qaytarılması üçündür?



Bu heç də inandırıcı deyil. İngilis məmurlarına insani xislətlər yad olmasa da, lakin bu qədər açıq-aşkar öz gizli işlərini həyata keçirmələri ağıla sığmır. Çünki bu əməliyyat haqqında bir çoxlarının xəbəri vardır və yüksək təbəqəli məmurlar da bunu təbii ki, bilirlər. Lakin M. baş verə biləcək nəticələrdən çəkinmir və bundan tam razıdır.
Bir qədər sonra ümidverici hal-əhval şoka dönür. Bondun geri qaytardığı pullar vasitəsiylə King öldürülür. “007”, qatili təqib edir və onu artıq yaxalamağa yaxın olduqda, qatil intihar edir. Bondun “Mən səni qoruya bilərəm” deyərək bağırmasına rəğmən, qatil “Ondan deyil” deyərək qaz balonuna atəş açır və ölür. Yəni, qatil ideoloji səbəbdən deyil, məhz Bondun (yəni Britaniya hökumətinin) onu ölümdən xilas edəcəyindən əmin olmadığı üçün intihara əl atır.
Burada ikinci zidiyyət ortaya çıxır. King Londonda Mİ-6 ştabında, demək olar ki, M.-in qonşuluğunda olan otaqda partlayış nəticəsində qətlə yetirilir. Real həyatda bu təsəvvür olunacaq bir şey deyil. Ən kəskin mübarizələr zamanında, hətta qüdrətli KQB belə, bu cür əmələ cəhd etməmişdir. Ən öncül və nüfuzlu strukturlardan biri olan Mi-6-ya kim meydan oxuya bilər axı?! Bu səviyyədə olan mütəxəssislər Kingi başqa, qeyri-adi üslübla da aradan çıxara bilərdi. Bu cür açıqcasına qüvvə nümayişi nəyə lazım idi?

  Bu artıq Mİ-6-ya açıqcasına savaş elanı idi və onlarda bunu çox gözəl anlayırdılar. Lakin M.-in reaksiyası daha da məsələni qaranlığa bürüyür. O emosional bir şekildə deyir: “Bizləri istifadə edərək, günahsız insanı qətlə yetirən qorxaqlar bizi qorxuda bшlməz!” Niyə məhz “qorxaqlar”? Onlar Mİ-6-nı necə istifadə etdilər? Suallar cavabları aşır.
Ancaq bəzi nəticələri əldə etmək olar. İlk növbədə bizlərə işarə edilir ki, ser Robertin şirkəti heç də özəl bir şirkət deyildir. Kingin işlərinə cəlb olunan Britaniyanın xüsusi strukturlarının miqyası onu göstərir ki, onun atdığı addımlar ən azından hökumətlə uyğunlaşdırılmışdır və Kraliçanın maraqlarının qorunmasına yönəlikdir. Bu gözəl şəkildə düşünülmüş və həyata keçirilmiş əməliyyatı izah etmək və Kingin niyə məhz ingilis kəşfiyyat ştabında qətlə yetirilməsini, ancaq King İndustries korporasiyası üzərində kölgə kimi Britaniyanın ucalmasıyla, anlamaq mümkündür.



   Bu bir işarə, bir mesaj idi. Onun mənası “Biz Kingin arxasında kimlərin olduğunu bilirik və bizi heç nə durdura bilməz” anlamına gəlməkdədir. Ser Robert nə istəyirdi? Nəyə görə o öz həyatını itirdi? Filmin gedişatı ilə anlaşılır ki, qarşıdurma tikilən neft kəmərinə görədir. M.- in sözlərinə görə onun əhəmiyyəti olduqca böyükdür: “Bu neft kəməri vasitəsiylə qərb XXI əsrdə öz neft ehtiyyatlarını artırmaq niyyətindədir”.
Ser Robertin qızı və varisi olan Elektra King də bu proyektin qəlizliyini və təhlükəsini anlayır. O, Bonda: “Mən min beş yüz kilometrə neft kəmərini, terrorçuları ötərək, Türkiyə ərazisindən keçirərək çəkmək istəyirəm, deyərək, əlindəki göstəriciylə Ermənistana işarə edir və uzun fasilədən sonra davam edir, - İraq, İran və Suriya, - sonra isə Rusiyaya işarə edir. – Burdan rusların üç rəqabət edən kəməri keçməkdədir, bu səbəbdən onlar mənə manе olmaq üçün əllərindən gələni edəcəklər”.

Beləliklə, hər şey Xəzər dənizinin Azərbaycan neft qaynaqlarının, Gürcüstan və Türkiyə ərazisindən Ağ dəniz sahillərinədək uzanan neft kəməriylə bağlıdır. Məhz bu neft kəməri ətrafında hərarət yüksəlir, partlayışlar baş verir və insanlar tələf olur. Qüdrət sahibləri arasında qarşıdurma yaranır. Filmdə belə göstərilir. Bu hadisələr nə qədər uydurma ola bilər? Əgər həqiqətdə baş verənlərə nəzər salsaq bir çox maraqlı məsələlər ortaya çıxmış olur.
Bu film ekranlara 1999-cu ildə çıxmışdır. Bundan bir il öncə, 29 oktyabr 1998-ci ildə Azərbaycan respublikası prezidenti Heydər Əliyev, Türkiyə prezidenti Suleyman Dəmirəl, Gürcüstan prezidenti Eduard Şevarnadze, Kazaxstan prezidenti Nursultan Nazarbayev və Özbəkistan prezidenti İslam Kərimov, ABŞ enerji naziri Bill Riçardsonun iştirakıyla Ankarada Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin inşaatı bəyənnaməsini imzalayırlar.

18 sentyabr 2002-ci ildə Heydər Əliyev, Eduard Şevarnadze və Türkiyənin yeni prezidenti Əhməd Nəcdət Sezer Bakıda gələcək kəmərin ilk təməl daşını atdılar. Aprel 2003-də miqyaslı inşaat işləri başladı və artıq 4 iyun 2006-da ilk neft borulara verildi. 13 iyul 2006-da Ceyhanda rəsmi kəmər açılışı keçirildi və orada Türkiyə prezidenti Ə.N.Sezer, Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixayil Saakaşvili, BP şirkətinin baş müdürü lord Con Braun, BP Azerbaijan prezidenti Devid Vudvord, həmçinin 20 ölkənin baş nazirləri, XİN nazirləri və enerji nazirləri iştirak etmişlər. Bir müddət sonra BTC kəməri, verimini gündəlik 1,2 milyon barrelə qədər artıra bilmişdir. Kəmərin ümümi maliyyəti 4 milyon ABŞ dollarından artıq olmuşdur.
                                                    
Filmdə göstərilən kəmər rəsmləri real xəritədə olan rəsmlərlə eynidir, bununla da heç bir şübhə qalmır ki, “The World Is Not Enough” filmi məhz bu kəmər üçün çəkilmişdir. Həmçinin, bu proyektin Britaniya üçün niyə bu qədər mühüm olduğu da ortaya çıxır. Bunun üçün BTC-nin səhmdar heyyətinə nəzər yetirmək kifayətdir. Onların əsas olanları: British Petroleum (30,1%) və Azərbaycan Dövlət Neft Şirkəti (25%). Qalan şirkətlərin hissələri: Unocal – 8,9%; TPAO — 6,5%; Eni — 5%; Itochu — 3,4%; ConocoPhillips — 2,5%; Inpex — 2,5%; Total — 5% и Amerada Hess — 2,4% (2009-cu ilə istibadən).


BTC-nin əsas səhmdarı, baş ofisi Londonda yerləşən, dünya nəhənglərindən olan BP şirkətidir. Bu şirkətin yaranma tarixi ayrı bir araşdırma tələb edən mövzudur. Lakin bir məqamı qeyd etmək olar ki, BP yaranan gündən bu günümüzə qədər Britaniya siyasətinin bir hissəsidir. "East İndia Company" şirkətinin layiqli dəvamçısıdır.
Beləliklə filmdə Kingə qarşı açılan savaş, nə az nə çox Britaniyaya qarşı açılan savaş kimi qiymətləndirilməkdədir. Britaniyanın xüsusi xidmət strukturlarının King İndustries (yəni BP) şirkətinin maraqlarını qoruması, bu məsələdə Britaniyanın əsas düşməninin kim olduğunun bəyanıdır. Xəbərdarlıq mənasını daşıyan bu film, məhz bu səbəbdən çəkilib: “Qarışmayın. Biz sizin planlarınıza bələdik və müxtəlif səviyyəli bondlarımız artıq keşikdədir”.
Bəs Kraliçaya qarşı çıxan qüvvə kimlərdir.?!           



Müəllif: Timur Şanqareyev

Tərcümə etdi: Fərid Vəlibəyov

Mənbə keçidi 

Agxeber.com
8562

DİGƏR XƏBƏRLƏR